Analitika

  • 2 148

Böyük alim, qayğıkeş insan! - ŞƏRH

image

Xalqımızın ən böyük mənəvi dəyərlərindən biri də xatirə anlayışına, unudulmazlıq məfhumuna sədaqətidir. Xalqımız şəxsiyyəti, əməlləri, yaratdıqları, davamçıları ilə tarix yazmış görkəmli simaları, nəcib insani keyfiyyətlərə, yüksək ali dəyərlərə malik şəxsiyyətləri əbədi yaddaşına ona görə bu qədər israrla həkk edir ki, onlarla qürur duysun, öyünsün, bu insanların varlığı ilə millət olduğunu dərk etsin və özünə güvənsin.

Fundamental elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılmışdır. Tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Geniş dünyagörüşü, fitri istedadı və intellekti ilə seçilmiş bu böyük insan ömrünü zərrə-zərrə xalqının və vətəninin gələcəyi üçün şam kimi əritmiş, insanlara sevgisi, geniş dünyagörüşü və dərin bilikləri sayəsində böyük uğurlara imza atmışdır.

Zərifə xanım təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq dünyasında qadın fəallarının ən parlaq simalarından biri idi. Görkəmli alim-oftalmoloq tibb elminin həmin dövrdə bir qədər təzadlı vəziyyət almış bir sahəsində tədqiqatlar aparırdı. Bu sahə ağır olmaqla, təkcə oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgi, ən əsası isə yüksək təşkilatçılıq bacarığı tələb edirdi. Bütün bu keyfiyyətlər isə Zərifə xanımda birləşmişdi. Beləliklə, onun səyi nəticəsində görmə orqanının peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıldı. O vaxta qədər belə bir laboratoriya mövcud deyildi. Təbii ki, hər işin başlanğıcı çətin olur. Elə yox yerdən elmi laboratoriya yaratmaq da o qədər asan olmadı. Əlbəttə, birdən-birə əmək fəaliyyətinin bütün sahələrini əhatə etmək və hər sahədə görmə qabiliyyətinin mühafizəsi üçün əsasən hansı tələblərin olduğunu müəyyənləşdirmək çətin idi. Belə məqamda heç şübhəsiz, istinad nöqtəsi tapmaqdan, nədən başlamaqdan çox şey asılı idi. Və Zərifə xanım istədiyinə nail oldu: kimya sənayesində göz xəstəliyinin yaranma səbəblərini öyrənməyə başladı. Bu sahə mürəkkəb idi, az öyrənilmişdi, amma eyni zamanda elmi-tarixi inqilablar dövründə mövzu olduqca aktual idi.

Seçdiyi peşəyə vurğunluğu sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə daim seçilmiş oftalmoloq-alimin ideyaları zaman keçdikcə öz aktuallığını daha da artırır, müstəqil Azərbaycanın davamlı inkişafına və yeni uğurlar qazanmasına real töhfələr verir. Sağlığında olduğu kimi, bu gün də şöhrəti sərhədləri aşan akademik Zərifə Əliyevanın elm, təhsil və səhiyyədə qoyub getdiyi izlər əsla silinməmişdir. Yaratdığı elmi məktəbin nümayəndələri sağlam cəmiyyət naminə çalışmaqla bu gün də insanların gözlərinə işıq verməkdə, müxtəlif peşələrdən olan pasiyentlərin görmə qabiliyyətini bərpa etməkdədirlər. Bu gün xalqımız zəkası, elmə sədaqəti, yüksək daxili mədəniyyəti, insanlıq qarşısında məsuliyyəti ilə qəlblərə yol tapmış Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün qan yaddaşına əbədi həkk etməklə, parlaq xatirəsini daim ehtiramla anır.

Bütün həyatını insanlara, onların gözlərinə və qəlblərinə səpməklə kamillik zirvəsini fəth etmiş Zərifə xanım Əliyevanın xeyirxah əməl dəftəri heç zaman bağlanmayacaq, nur çeşməsi əsla qurumayacaq, əziz xatirəsi isə qürur mənbəyimiz kimi dünya durduqca yüksək tutulacaq.Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi həyatda misilsiz xidmətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarixində görkəmli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, nurlu Azərbaycan xanımı kimi qalacaq, daim anılacaq, onun şərəfli ömür yolu və zəngin irsi həmişə örnək olacaq.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər