Analitika

  • 3 562

Son istehkam – RAKURS

image

Yaxud 350 illik tarixi başa çatdı…
Nəhayət, Qarabağdan sülhməranlılar da getdi, həm də vaxtından düz il yarım əvvəl. Əlbəttə, rusiya hərbçilərinin 2025-ci ilin noyabr ayına qədər ölkəmizin ərazisini tərk edəcəyi dəqiq idi, əmma bu prosesin vaxtından əvvəl baş tutması bir az təəccüblü oldu. Bu haqda danışanların bir qismi “ermənilərin Qarabağı tərk etməsindən sonra onsuz da sülhməramlıların burada bir işi qalmamışdı” fikri üzərində dayanırdılar, digərləri isə Rusiyanın yeni planları, Cənubi Qafqazda yeni oyunları ola biləcəyindən narahat idilər. Nəzərə alaq ki, Rusiya tarix boyu nəzarət etdiyi, hərbçilərinin dislokasiya olunduğu ölkələrin ərazilərindən belə asanlıqla getməyib. Həm də Azərbaycanda bu, ilk hadisə deyil, bundan əvvəl Qəbələ RLS-də xidmət aparan rus hərbçilərinin mövcudluğuna son qoyulmuşdu.Düzdür, bəziləri deyə bilər ki, AXC hakimiyyəti dövründə, düz 31 il bundan əvvəl də Rusiya ordusu Azərbaycandan çıxarılıb. Amma nəticəyə diqqət etmək lazımdır. Rus ordusunun o vaxtkı gedişindən sonra Azərbaycanda nə baş verdi, indi nə? Keçmiş hakimiyyət təmsilçiləri əksər hallarda bununla fəxr edirlər, bildirirlər ki, biz rus ordusunun çıxarılmasının bizə nə qədər baha başa gələcəyini bilirdik, buna baxmayaraq etdik. Deməli, dövlətin, millətin maraqlarından yox, öz maraqlarından çıxış edərək belə təhlükəli oyuna getdilər. Çünki, Azərbaycan ordusu Rusiyanın açıq dəstək verdiyi Ermənistan qarşısında zəif idi, ən azından balansı qorumaq üçün işğalçı dediyimiz rus ordusunun imkanlarından istifadə etmək olardı. Biz demirik ki, rus ordusu Azərbaycanda mütləq qalmalı idi, yox, sadəcə buna biz az zaman lazım idi. Vaxt düzgün seçilməmişdi, nəticədə bizdən küskün olan ruslar ermənilərə daha çox dəstək verməyə başladılar və torpaqlarımız itirildi.
Sülhməranlıların gedişi nəyi dəyişəcək?
“Rusiya Federasiyasının Şimali və Cənubi Qafqazda, Orta Asiyada Rusiya imperiyasının, sonra isə Sovet İttifaqının son 300-350 illik tarixi başa çatdı”. Bu barədə Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bildirib: “Yeni şəraitdə yeni, lakin fərqli bir şey olacaq. Bu gün biz Qərblə böyük müharibənin mərkəzindəyik, burada məsələnin qiyməti bu və ya digər tarixi regionda bu və ya digər hərbi baza deyil, Rusiyanın varlığı, bəlkə də bütün dünyanın varlığıdır”. Onun fikrincə, Cənubi Qafqazın ruslaşa bilməməsi faktdır və bununla mübahisə etmək əbəsdir. “Rusiya Ukraynadakı hərbi əməliyyatlarla eyni vaxtda Türkiyəyə qarşı hərbi ekspedisiya və ya böyük regional müharibəyə başlamaqda maraqlıdırmı? Xeyr, mənə maraqlı deyil”, - Satanovski əlavə edib.Türkoloq Varujan Qeqamyan yazır: “Rusiyanın Qarabağı tərk etməsi bizim üçün iki əsas şey deməkdir. “Artsax”ın subyektivliyinin tamamilə məhv edilməsi, onu yenidən azad etmək üçün, sözün hərfi mənasında, sıfırdan deyil, mənfidən başlamalıyıq. Zəngəzurda (ermənilər bunu Sünik adlandırırlar) Azərbaycan ordusunun imkanları artacaq, artıq maneə aradan qaldırılıb. Bu da Azərbaycanın hücumlarının miqyasını daha da artıracaq. Zəngəzurda tamamilə türk sancaqları dalğalanacaq. De-fakto Ermənistan hakimiyyətinin Tavuşda etdikləri də eyni nəticəyə gətirib çıxaracaq”.ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiyanın sülhməramlı kontingentinin Dağlıq Qarabağdan tezliklə çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir. O, ABŞ-ın 2020-ci ildə Qarabağda döyüşlərin başa çatması və Rusiya qoşunlarının bölgəyə gətirildiyi üçtərəfli sazişin tərəfi olmadığını qeyd edib. “Biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə qoyduğunu göstərən heç bir şey görmədik və bu payızda Qarabağda baş verən hadisələr bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”. O əlavə edib ki, ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır.Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev hesab edir ki, Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu artıq lüzumsuzlaşıb. “Ermənistan Qarabağı tərk etdi. Biz müəyyən razılaşmalar əsasında orada sülhməramlılar saxlamalıyıq. Ermənistan belə bir qərar qəbul etdiyi üçün Rusiya qüvvələrinin bundan sonra da mövcudluğu yersiz oldu”, - deyə o bildirib. Əlavə edib ki, “İrəvanın bu addımı onun üçün anlaşılmazdır”: “Rusiya sülhməramlılarının ölkəni tərk etməsinə gəlincə, bu, düzgün qərardır. Əgər Ermənistan istəməsə, biz özümüzü məcbur edəcəyik?”.

Ermənistan: Rusiya strateji xain çıxdı
Ermənistan mətbuatında maraqlı yazı dərc edilib. Sülhməramlıların Qarabağı tərk etməsindən bəhs edir. Olduğu kimi oxuculara çatdırmaq istəyirik:
“Bu sondur. Hazırda Qarabağ sakinlərinin öz evlərinə qayıtmaq ümidləri barədə danışmaq yersizdir. Üstəlik, rəsmi olaraq. Bunu başa düşmək üçün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin artıq Kremlin Rusiya sülhməramlılarının Qarabağ ərazisindən çıxarılması haqda dediklərini bir daha oxuyun. Ancaq əvvəlcə Rusiya tərəfinin qısa şərhini oxuyun.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının başlandığını elan edib. "Bəli, bu doğrudur" deyə Peskov müvafiq suala cavab verib. Bundan sonra H.Hacıyev çıxış edib: “Hər iki ölkənin ali rəhbərliyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamə əsasında Azərbaycan Respublikası ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edib. Artıq proses başlayıb, Azərbaycan və Rusiyanın Müdafiə nazirlikləri bu qərarın icrası üçün tədbirlər görür”. Yəni qarşımızda Azərbaycan və Rusiyanın Qarabağın erməni sakinlərinə qarşı birgə hərəkət etdiyini etiraf etmək nümunəsi var. Bütün bunlar əvvəllər təkzib edilib. Ancaq həqiqət sonda ortaya çıxdı. Bu, kimin köməyi ilə Azərbaycan 44 günlük müharibədə Qarabağı “işğal” (fərqləndirmə bizimdir – müəllif) edə bildi. Ona görə də ötən ilin sentyabrında rus “sülhməramlıları” Azərbaycan ordusunun “cəza əməliyyatının” qarşısını heç bir şəkildə almadılar.
Ermənistanda Rusiyadan uzaqlaşaraq demokratik və güclü Qərbə doğru hərəkəti sürətləndirməməyə çağıran qüvvələrin hamısı ya axmaqdır, ya da satqındır. Bununla belə, olması mümkündür. Çünki indi baş verənlərdən sonra Bakı ilə Moskvanın sövdələşməsini görməmək, anlamamaq mümkün deyil. Fransa səfirinin Bakıdan geri çağırılması heç də təsadüfi deyil.Parisdə onlar yəqin ki, Rusiya-Azərbaycan sövdələşməsindən xəbərdar idilər və buna görə də şahmat dili ilə desək, cəngavər gedişi etmək qərarına gəldilər. İndi hamımızın Türkiyə faktoru ilə güclənən Rusiya-Azərbaycan tandeminə qarşı çıxmaq üçün Fransadan əlavə yardım gözləməyə haqqımız var. Aydındır ki, burada artıq sözlər acizdir. Ermənistan ABŞ və Fransadan təhlükəsizlik zəmanəti almalıdır. İlk növbədə, əlbəttə ki, ABŞ-dan. Gələcəkdə İsrailin eynisi. ABŞ-ın İranın hücumunu dəf etmək üçün İsrailə necə kömək etdiyini hamımız gördük.Azərbaycan-Türkiyə-Rusiya triumviratının ölkəmizə hücumu zamanı onlar da eyni şeyi etməli olacaqlar. Eyni zamanda, Ermənistan rəhbərliyi Rusiya hərbi bazasının Gümrüdən çıxarılması prosesini sürətləndirməlidir. Bu ordu kimi kimdən qoruyur?! Əminik ki, Kremlin bu suala dürüst cavabı yoxdur. Ona görə də biz hamımız Nikol Paşinyana və bütün mövcud hökumətə Rusiyaya qarşı tələblər məsələsində dəstək olmalıyıq. Bəli, Rusiya nəinki “Ermənistanın strateji müttəfiqi” deyildi, o həm də ölkəmizə strateji xain çıxdı.Qonşu Gürcüstanda Kremlə lazım olan qanunların qəbulunu təşviq etməklə regionda nüfuzunu artırmağa çalışan xain. Ümumiyyətlə, Gürcüstan Rusiyanın bütün sifarişlərini yerinə yetirən oliqarx İvanişvilinin nəzarəti altındadır, lakin burada xalq amili də var - Mixail Saakaşvilinin bir növ “pis mirası”. Kreml və indiki Gürcüstan hökuməti məhz bu qalıq fenomenə qarşı mübarizə aparır.Kreml isə Qarabağa və Ermənistana qarşı cinayətlər vasitəsilə Azərbaycanı sakitləşdirir. Bütün bunların qarşısını almaq üçün kollektiv Qərb Azərbaycana və Türkiyəyə qarşı Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan az olmayan sərt sanksiyalar tətbiq etməlidir. Bundan əlavə, Qərb Ermənistana maliyyə və hərbi yardımı xeyli artırmalı və Rusiya hərbi bazasının Fransa bazası ilə əvəzlənməsinə dəstək verməlidir. Ölkəmizdə Fransa və ya Amerika hərbi bazasının olması Bakını, Ankaranı və Moskvanı çox tez ayıldır. Onlar aqressiv planlarından əl çəkməyə məcbur olacaqlar. Və gələcəkdə Rusiya Ukraynadakı müharibə səbəbindən zəiflədikdə və Ərdoğan Türkiyədə siyasi arenadan getdikdə Qarabağı geri qaytarmaq mümkün olacaq. Bəli, indi bu tapşırıq demək olar ki, fantastik görünür, lakin tarix göstərir ki, erməni xalqı heç vaxt mümkün olmayan vəzifələrlə üzləşməyib. Yeganə sual bu tapşırıqların nə vaxt yerinə yetirildiyi idi”.
Bəli, bu kiçik qeydlər ermənilərin iç üzünü, revanşist xislətini ortaya qoyur, onları ifşa edir.Ekspertlər hesab edirlər ki, sülhməramlıların Qarabağdan çıxarılması Rusiyanın Cənubi Qafqazda təsirinin azalmasına səbəb olmayacaq. Lakin təsirin azalması artıq baş verib və sülhməramlıların geri çəkilməsi bu prosesin səbəbi deyil, nəticəsidir. Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan bildirib ki, Moskvanın region ölkələrinə təsir imkanları təkcə ikinci Qarabağ müharibəsi və onun nəticələrinə görə deyil, həm də Rusiya-Ukrayna münaqişəsi səbəbindən azalır. “Sülhməramlıların geri çəkilməsi ikinci dərəcəli deyil, üçüncü dərəcəli bir nəticədir... Digər tərəfdən, onların Azərbaycanda mövcudluğu 2023-cü ildən bəri qeyri-funksionaldır. Nə Qarabağın blokadaya alınmasının, nə də ermənilərin oradan qovulmasının qarşısını ala bilmədilər və bundan sonra onların orada nə işlə məşğul olduqları ümumən bəlli oldu. Bununla bağlı sülhməramlıların çıxarılması əvvəlcədən müəyyən edilib”, - deyə İsgəndəryan bildirib.Qarabağda artıq münaqişənin sakitləşdirilməli olan tərəfləri olmadığından Rusiya hərbçilərinin burada qalmasına heç bir əsas yox idi. Gec ya tez bu, baş verəcəkdi və Verdi. Artıq Azərbaycan heç bir dövlətin silahlı qüvvələrinin olmadığı sabitlik, inkişafda olan məkandır. İnanırıq ki, bu, dövlətçiliyimizin şanlı tarixində yeni səhifə olacaq.
V.VƏLİYEV

Digər xəbərlər