Analitika

  • 3 992

Müstəqilliyimizin taleyini dəyişən LİDER - TƏHLİL

image

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Böyük çətinliklə əldə olunan müstəqil dövlətimizin təməli Ulu Öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, müstəqilliyimiz əbədilik qazandı.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda çox mürəkkəb iqtisadi, ictimai-siyasi vəziyyət hökm sürürdü. Bir tərəfdən də Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə ölkəmizə qarşı hərbi təcavüzə başlamışdı. Azərbaycanın ovaxtkı rəhbərliyinin səriştəsizliyi və xəyanətkarlığı, öz vəzifələrini qorumaq üçün sovet rəhbərliyinə yaltaqlanmaları qarşıda xalqı çətin anların gözlədiyindən xəbər verirdi. Sovet rəhbərliyinin bütün bunlardan istifadə etməklə ermənipərəst siyasətini aktivləşdirməsi qonşuluqda məqam gözləyən ermənilərə öz murdar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yaradırdı.

Həmin vaxt ölkəmizin Ermənistanla sərhədboyu rayonları ermənilər tərəfindən mütəmadi olaraq atəşə tutulurdu. Eyni zamanda Naxçıvan Muxtar Respublikasına qarşı da ermənilər ərazi iddiası ortalığa atmış, kommunikasiyaları kəsməklə Naxçıvanı blokada vəziyyətinə salmışdılar.

Məhz belə bir vaxtda – 1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin doğulub böyüdüyü Naxçıvana gəlməsi muxtar respublikanı başı üzərini almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini ləğv olunmaq təhlükəsindən xilas etməklə yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda azadlıq hərəkatının başlanması, Ulu Öndərin xalqın xilaskarı kimi milləti böyük bəlalardan qurtarması, müstəqilliyimizin qorunması, daimiliyi ilə nəticələndi.

Məlumdur ki, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətin taleyinə bənzəyəcəkdi.

Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi

1990-cı illərin əvvəlində hakimiyyətdə olanlar yuxarıda da vurğuladığımız kimi xalqın maraqlarını unutmuşdular. Onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi, Vətənin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən başlıcası mənəvi cəhətdən sarsılmışdı.

Beləliklə, hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar mitinqlər, etiraz aksiyaları keçirməklə hakimiyyətə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə hərc-mərclik daha da artır, Ermənistanın hərbi təcavüzü daha da sürətlənirdi. Çox qısa zamanda xalq AXC-Müsavat hakimiyyətinin idarəçiliyi bacarmadığının şahidi oldu. Bu hakimiyyətin faciəsi onda idi ki, bacarıqlı, peşəkar insanları da vəzifədən kənarlaşdırırdı. Beləliklə, o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürükləndi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.

Azərbaycanda ümumi vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdi. Bu insanlar anlayırdı ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilər. Amma ozamankı hakimiyyət Ümummilli Lider Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmir, əksinə ona qarşı əsassız mübarizə aparırdı. Bütün bunlara rəğmən tanınmış ziyalılar Heydər Əliyevin hakimiyyətə qayıdışını olduqca zəruri hesab edirdilər. Respublikanın bütün əhalisi Ulu Öndərin hakimiyyətə gəlməsini istəyirdi. Amma hakimiyyət hər vəchlə buna mane olurdu. Yaş senzini ortaya atmışdılar ki, Heydər Əliyev seçkilərdə iştirak edə bilməsin.

“91-lər” mühüm missiyanı həyata keçirdi

Belə olan təqdirdə, cəmiyyətin öndə gedən bir qrup ziyalısı 16 oktyabr 1992-ci ildə “Səs” qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. “91-lər”-in fəaliyyəti kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdülər ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilir, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşür. Yəni, sözün əsl mənasında, Vətən əldən gedirdi. Belə bir şəraitdə 91 ziyalı Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib Vətəni xilas etmək idi. Bütün Azərbaycan xalqı görürdü ki, Heydər Əliyev Naxçıvanı məhv olmaqdan xilas etdi. Blokada şəraitində olan bir bölgədə insanlarla Heydər Əliyevin birliyi bütün çətinliklərə sinə gərdi. Bütövlükdə xalqımız Heydər Əliyevi çox sevirdi. Çünki Ulu Öndərimiz bütün həyatı boyu xalqına şərəflə xidmət etmişdi. Beləliklə, o dövrdə “91-lər” çox mühüm missiyanı həyata keçirdi.

Azərbaycanın xilası üçün xalqın ziyalı nümayəndələri Ümummilli Lideri tək çıxış yolu olaraq görürdülər. Çünki ona inanır və böyük ümid bəsləyirdilər. Onun birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə gördüyü işlər, dövlətimizin başçısının da vurğuladığı kimi, həmin dövrdə Qarabağda separatist qüvvələrin baş qaldıra bilməməsi bu inamı daha da möhkəmlətmişdi. Dövlət başçısının dediyi kimi: Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir. Eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər.

Xalqımızın Heydər Əliyevə inamı böyük idi. Xüsusilə xalqın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, o, yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir.

Dövlət başçısı ötən 30 ilin tarixini çox ətraflı, bütün hadisələri xronoloji ardıcıllıqla şərh etməklə böyük bir tarixdən söhbət açır, Ulu Öndərimizin qətiyyətini, iradə və bacarığını tarixi faktlarla göstərirdi: ... Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Yəni, bu amillər göstərir ki, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır. Bütün bunlar və eyni zamanda, Naxçıvanda çalışdığı dövrdə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət Bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar, həmçinin Naxçıvanın erməni işğalından qorunması xalqın ona inamını daha da artırırdı və bütün bu amillər nəticədə xalqımızın müdrikliyinə əsaslanaraq gələcəkdə Azərbaycanı böyük bəlalardan qurtara bilmişdir.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın xilası oldu

Ümummilli Liderimizin Azərbaycana, xalqımıza, onun müstəqilliyinə bəslədiyi məhəbbət fonunda ərazi bütövlüyümüzün bərpası, ölkəmizin inkişafı üçün həyata keçirdiyi misilsiz xidmətlər bu gün öz bəhrəsini verib. Bunu hər bir vətəndaş görür və qürur duyur.

Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən Yeni Azərbaycan Partiyasının ötən il 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə dövlətimizin başçısının çıxışında əvvəldən sonadək Heydər Əliyev siyasi xətti, ideyaları, yolu ilə getməklə əldə olunan uğurlardan bəhs etməsi ilə ötən illərin şanlı tarixinin səhifələri yenidən bir-bir vərəqləndi. Partiyanın yaranması tarixinə nəzər salan dövlət başçısının çıxışında bütün bu məqamlar öz əksini tapdı: Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransını tarixi hadisə adlandıran dövlətimizin başçısı deyirdi: Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.

YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyevin xalqın tələbi ilə Bakıya dəvət edilməsi, parlamentin sədri seçilməsi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə tariximizin o qara səhifəsi bağlanmışdır. Və biz bağlanan o qara səhifədən sonra başlanan tariximizin parlaq səhifələri ilə bu gün fəxr edir, qürur duyuruq.

Tarixin 1993-cü ildən açılan yeni səhifəsi

Bəli, 1993-cü ildən yuxarıda da vurğuladığımız kimi, tarixin qara səhifələri bağlandı və qarşımızda yeni bir səhifə açıldı. Bu səhifə Böyük Heydər Əliyevin dəst-xətti ilə yazılmağa başlandı. Elə bir səhifə ki, acılması ilə müstəqilliyimizin taleyi kimi, xalqın da taleyini dəyişdi.

Ulu Öndərin mənəvi və siyasi varisi, daim Heydər Əliyev siyasətindən bəhrələnən və fəaliyyətini bu dahi insanın təcrübələrinə istinad etməklə quran dövlət başçısı cənab İlham Əliyev deyir: Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

Bəli, ötən 20 ilin hər saatında, hər anında Ulu Öndərimizin tapşırıq və tövsiyələrinin yerinə yetirildiyi görürük. Həm də çox yüksək səviyyədə. Bu tapşırıq və tövsiyələrin yerinə yetirilməsində bütün cəmiyyətimizin səfərbər olduğunu da görmək mümkün olub. Çünki Ulu Öndər Azərbaycan üçün nə qədər əzizdirsə, onun tapşırıq və tövsiyələrinin bu xalqın nümayəndələri tərəfindən yerinə yetirilməsi bir o qədər qürurvericidir. Biz bütün işlərdə həmişə dövlətimizin başçısının arxasında olmuşuq.

Prezident cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu barədə deyirdi: Yəni, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir. Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər.

Azərbaycan dövləti Ulu Öndərin vəsiyyəti əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir

Azərbaycan xalqının özünəməxsus milli dəyərləri vardır ki, bu xalq hansı dövrdən, çətinliklərdən, müharibələrdən, ağrı-acılardan keçməsinə baxmayaraq həmin dəyərlərə sadiq qalmış, onları qoruya-qoruya nəsillərdən-nəsillərə təhvil vermişdir. Onlardan biri də xalqın birliyi, həmrəyliyidir ki, 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq. Ulu Öndərimiz də bu dəyərlərin hər zaman qorunmalı olduğunu tövsiyə edirdi.

Prezident cənab İlham Əliyev: Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.

Biz Ulu Öndərin yolu ilə gedirik

Prezident cənab İlham Əliyev: Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq.

Bəli, Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən, Azərbaycan torpaqlarını azad görmək istəyən dahi şəxsiyyətin vəsiyyətini böyük əzmlə yerinə yetirən cənab İlham Əliyevi xalq bu il fevral ayınının 7-də yenidən öz Prezidenti seçdi. Həm də bütöv Azərbaycanda ilk dəfə olaraq seçki keçirildi. Ölkənin inkişafı ilə yanaşı, həm də xalqımızın şərəf və namus məsələsini həll edən cənab İlham Əliyev çoxsaylı seçici rəyi ilə yenidən ölkə rəhbəri seçildi.

Beləliklə də yeni bir dövrün başlanğıcı qoyuldu. İnkişaf etmiş, torpaqları azad olunmuş ölkə qarşısında yeni bir dövr. Bu dövr dövlət başçısının andiçmə mərasimində də dediyi kimi başqa bir dövrdür: Bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir... Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır.

Mətanət Məmmədova

Digər xəbərlər