Analitika

  • 3 060

Heydər Əliyev Fondu: 20 ilin reallıqları - TƏHLİL

image

Prezident İlham Əliyev: "Ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur"

İctimai-siyasi, mədəni həyatda öz sözünü demək, əməli fəaliyyətilə böyük nüfuza sahib olmaq, örnəyə çevrilmək məsuliyyət və zəhmətin bəhrəsidir. Vətənpərvərlik, vətənə bağlılıq, şəxsiyyəti milləti üçün böyük amallara xidmət etməyə sövq edir. Azərbaycanın Birinci Xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malik olması onun vətənə bağlılığından irəli gəlir. Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurub.
Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ulu Ödər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmış Heydər Əliyev Fondu müxtəlif layihələr həyata keçirərək, cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir.

"FONDUN ƏSAS MƏQSƏDİ, VƏZİFƏSİ İNSANLARA KÖMƏK GÖSTƏRMƏK, AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİ DÜNYADA TƏBLİĞ ETMƏK, TƏHSİL, SƏHİYYƏ, MƏDƏNİYYƏT, İNCƏSƏNƏT, ELM SAHƏLƏRİNƏ TÖHFƏ VERMƏKDİR"

Hər bir addımı böyük rəğbətlə qarşılanan Fondun humanitar missiyada fəaliyyət proqramlarının həyata keçirilməsi vətəndaşların qayğı və problemlərinin həllində müstəsnadır. Həyata keçirilən bütün layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır. Uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilməsi Heydər Əliyev Fondunun qısa bir zaman məsafəsində gördüyü işlərin uğuru olaraq qəbul edilir. Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali bir dəyərə söykənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılış mərasimində çıxışı zamanı söylədiyi fikirləri bir daha xatırlatmaq yerinə düşər: "Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib."

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın Birinci xanımı, Mehriban Əliyeva hər zaman xalqın yanında olan onun problem və qayğıları ilə maraqlanan və onların çözülməsinə çalışaraq həqiqətən də insanların ümid, pənah yeridir. Ulu Öndər Heydər Əliyev ideyalarını davam etdirən Fondun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında əks-səda doğuraraq, birmənalı qəbul edilir. Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyev haqqında belə deyir: "O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb".

Müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti özünün vurğuladığı kimi, sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir". Mehriban xanım Əliyeva valideynlərindən əxz etdiyi dəyərləri hər zaman üstün tutaraq, onların öyrətdikləri həqiqətə və mənəviyyata can atmağı özünün həyat məqsədinə çevirib: "Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət – həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur". İnsanlığa aparan yol ailədən əxz olundu.

SAĞLAM CƏMİYYƏT VƏ SAĞLAM NƏSİL

Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, bu sahəni daim diqqət mərkəzində saxlayır. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri isə sadalamaqla qurtaran deyil. Valideyn himayəsindən məhrum olunmuş uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli inkişafı, onlara yüksək səviyyədə səhiyyə xidmətlərinin göstərilməsi Heydər Əliyev Fondunun diqqətdə saxladığı ən vacib məsələlərdəndir. Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları onlarla internat məktəbi və uşaq evləri əsaslı təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Hətta, kimsəsiz uşaqlara ev şəraitinə uyğun mühit yaradılmışdır. Gənc nəslin təhsili və sağlamlığının qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğundan Fond ölkədə həyata keçirilən təhsil və səhiyyə islahatlarında xüsusi fəallıq nümayiş etdirir. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı həllinə yönəlmişdir. Məktəbəqədər hazırlıq müəssisələrinin, uşaq bağçalarının müasir standartlar səviyyəsində qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində ölkəmizdə uşaq evi və internat məktəbi əsaslı təmir olunub və bu müəssisələrdə yaşayan uşaqların problemlərini daim diqqətdə saxlanılıb.

"Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı" kimi layihələri onun humanizm prinsiplərindən qaynaqlanır. Bütün bu reallıqlar Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətində reallığa çevrilib.

"AZƏRBAYCAN - TOLERANTLIĞIN ÜNVANI"

Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur.

Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.

Fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər Fondun qeyri-hökumət təşkilatı olaraq həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Gördüyü işlərində təvazökarlıq göstərir. Mehriban Əliyeva həqiqətən, gördüyü işlərlə kimliyini, böyüklüyünü bu dünyada gördüyü işlərlə reallaşdırır. Həyat və vəzifə missiyası bir etalon olaraq cəmiyyətə təqdim olunur. Bu təqdimatda Azərbaycan və onun inkişafı dayanır. Mehriban xanım Əliyeva isminə böyük bir məhəbbət və ehtiram hissi yaratmışdır. Öz varlığı ilə məmləkətinə şərəf gətirən Mehriban xanım Əliyeva Azərbaycan qadını, Azərbaycan İnsanı obrazını yaradıb. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxıb. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail olub.

Qloballaşma prosesində Azərbaycan mədəniyyətinə xüsusi diqqət ayrılaraq, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər də diqqətdən kənarda deyil. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, dünyada təbliğində əvəzsiz xidmətləri vardır. Azərbaycanın Birinci Xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Beynəlxalq muğam festivalı və muğam ifaçılarının müsabiqəsi, M.Rastropoviç adına, eləcə də D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Musiqi Festivalı, Aşıqların Beynəlxalq Festivalı kimi tədbirlər, məhz Mehriban Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilib. Bakıda Beynəlxalq Muğam Teatrının, Müasir İncəsənət Muzeyinin binaları tikilib, açıq səma altında "Qala" arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb.

Təbiətin gözəl bir çağında hər tərəfin yaşıl, al rəngə boyandığı vaxtda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalı öz möhtəşəmliyi ilə dünyaya səs saldı.

AZƏRBAYCAN TARİXİNDƏ İLK DƏFƏ OLARAQ BİRİNCİ XANIM İNSTİTUTU

Azərbaycan Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan tarixində ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı. Azərbaycan Prezidenti İlham Əliyevin Mehriban Əliyeva haqqında söylədiyi fikirləri vurğulamaq yerinə düşər: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır".

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində biz Onun həqiqətən də Cənab Prezidentin silahdaşı olduğunun bir daha şahidinə çevrildik. Müharibədən sonrakı mərhələdə də Mehriban xanım Əliyevanın dövlət başçısı ilə birlikdə işğaldan azad olunan ərazilərə səfər etmişdir və bu gün də belədir. İşğaldan azad olunan ərazilərdəki erməni vandallıqları onu dəhşətə gətirmiş və sonradan öz paylaşımlarında bunu ictimaiyyətin diqqətinə çatdırmışdır.

"ÖLKƏMİZİN VƏ XALQIMIZIN MARAQLARINI HƏR ŞEYDƏN ÜSTÜN TUTACAĞAM"

Həqiqətən də səmimi hisslər, səmimi münasibət, səmimi görüşlər Mehriban xanım Əliyevanı insanlara daha da yaxınlaşdırır. Xalqın ən çətin və şad günündə onlarla fikirlərini paylaşan Mehriban Əliyevanın "Sizin Mehriban" ifadəsi onunla isti münasibətin daha da sıx olmasına səbəb olub. İnsanlar onu doğması tək qəbul edir və ən çətin anlarında həqiqətən də ümid qapılarına üz tüturlar."Vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır", - deyən Mehriban xanım Əliyeva gələcək fəaliyyətini, məhz bu prinsiplər əsasında quracağına əminlik ifadə etmişdir: "Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam". Həqiqətən də belə oldu.

Mehriban xanım bütün fəaliyyəti dövründə xalqın maraqlarını əsas götürərək, ictimai, sosial layihələri ilə öz ətrafında böyük imic formalaşdırıb. 44 gün davam edən müharibədə Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək, işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işlərində Mehriban xanım Əliyevanın da həyata keçidiyi layihələr töhfəsini verməkdədir. Böyük Qayıdışın möhtəşəm olacağına əminik və bu işdə Mehriban Əliyevanın payı müstəsna olacaqdır. Möhtəşəm "Xarı Bülbül" festivalına rəhbərlik etməsi bütün dünyaya səs saldı. 30 ildən sonra "Qarabağ şikəstəsi" Cıdır düzündə səsləndirildi. Artıq bu işlərin ilkin addımlarını və reallaşan layihələri görürük. Heydər Əliyev Fondu məscidlərin təmirini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan M.P. Vaqifin büstü öz əvvəlki yerinə qaytarılıb. Görülən işlər kifayət qədərdir. Damarlarında azərbaycanlı qanı qövr edən Böyük Ziyalının işığında Azərbaycanın hər bir bölgəsində əməyini, layihələrini görürük.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər