Analitika

  • 1 317

COP29-un Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq miqyasda artan nüfuzunun təsdiqidir TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq"

Bu gün artıq Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərin məkanına çevrilməsi realllıqdır və bu da dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir və dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
COP29-UN BAKIDA KEÇİRİLMƏSİ PREZİDENT İLHAM ƏLİYEVİN UĞURLU XARİCİ SİYASƏTİ NƏTİCƏSİNDƏ ÖLKƏMİZİN NÜFUZUNUN ARTDIĞINI SÜBUT EDİR
COP29-un bu ilin noyabr ayında Bakıda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun günbəgün artdığını sübut edir. Bu reallıqdır. Hazırda 180-dən çox ölkəni birləşdirən bu konfranslar ilk illər böyük diqqət cəlb etməsə də XXI əsrdə ən vacib siyasi hadisələrindən birinə çevrilib. Zaman-zaman fərqli ölkələr konfransa ev sahibliyi etmək uğrunda yarışırlar: bu, həm ekoloji məqsədlərə sadiqlik, həm də qlobal ekoloji gündəmi özünəməxsus şəkildə korrektə etmək imkanı kimi dəyərləndirlir. Adətən konfransa ev sahibliyi edən tərəf tədbirin gedişinə təsir imkanına malik olmur. Hər görüşdə növbəti COP-un gündəliyi təsdiqlənir. Ancaq ev sahibi olan ölkə fərqli seminar və disskusiyaların gündəliyinə əlavələr, həmçinin kənar təşəbbüslərlə çıxış edə bilər. Məhz ötən ilin dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un cari ilin noyabr ayında ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə də ölkəmizin növbəti böyük uğura imza atacağının təsdiqləyir.Müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdir ki, bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək: "Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir".
"COP29 BEYNƏLXALQ KONFRANSINI DA BİZ YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRƏCƏYİK VƏ BU, ÖLKƏMİZİN, XALQIMIZIN NÖVBƏTİ BÖYÜK UĞURU OLACAQ"
Göründüyü kimi, ölkəmizin 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi üçün seçilməsi Azərbaycan Prezidentinin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun növbəti göstəricisidir. Bu, 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına dördillik sədrliyimizdən və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına ikiliik qeyri-daimi üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru kimi qiymətləndirilməlidir."Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq", - deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: "Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi"."Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı söyləyib: "Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır".Bir sözlə bu mühüm qərar beynəlxalq arenada Azərbaycana olan dərin etimadın sübutudur və ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Belə bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etmək həm də bərpaolunan enerji layihələrində gələcək sərmayə və əməkdaşlığa təkan verəcək. Belə ki, bu, Azərbaycana digər ölkələrlə müvafiq sahədə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, bərpaolunan enerji və iqlim fəaliyyəti ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün geniş platforma təmin edəcək.Xatırladaq ki, 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmişdilər və dövlət başçısı da bu təklifi müsbət qiymətləndirmişdi. Bir il sonra - 2022-ci il aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransa 23 ölkədən gəlmiş 40 iştirakçı qatılmışdı. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları Şuşada quruculuq və bərpa mövzusunda "Şuşa - dirçəlişə gedən yol", postmünaqişə dövrünə dair "Əməkdaşlıq, imkanlar və çağırışlar" adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı.
"BİZ BUNA LAYİQİK, BİZ APARDIĞIMIZ SİYASƏT NƏTİCƏSİNDƏ DÜNYA MİQYASINDA ÇOX GÜCLÜ MÖVQELƏRƏ SAHİB OLMUŞUQ"
Doğrudur, ölkəmiz artıq beynəlxalq tədbirlərin, nüfuzlu sammitlərin, habelə ən həlledici siyasi və hərbi görüşlərin keçirildiyi etibarlı ünsiyyət və danışıqlar platforması kimi də ad çıxarıb. Azərbaycan Prezident cənab İlham Əliyev aprelin 24-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumdakı çıxışında mühüm məsələlərə toxunaraq ölkəmizin son dövrlər əldə etdiyi uğurlardan, perspektivdə görüləcək işlərdən, o cümlədən paytaxt Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesindən, Azərbaycana belə böyük etimadın göstərilməsindən danışıb. Dövlət başçımız xüsusi vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir: "Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir."
Eyni zamanda, qazanılan uğurlarından danışan Prezident İlham Əliyev deyib ki, son dövrlərdə ölkəmiz üçün heyranedici hadisələr baş verib. Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atıb, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur. Qazaxın kəndləri geri qaytarılır, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verib.Göründüyü kimi, qürurverici faktlardır ki, Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı qlobal forum və konfranslar, həmçinin beynəlxalq idman yarışları keçirilib. Bunlar isə Azərbaycanı, o cümlədən paytaxt Bakımızı dünyanın diqqət mərkəzinə gətirib. İndi Azərbaycan dünyanın ən nüfuzlu və inkişaf etmiş ölkələri sırasında yer alır. Bəli, iki həftə keçirilən belə mötəbər tədbirə- COP29-a ev sahibliyi etmək hüququ qazanması etimad və etibarın təsdiqi olmaqla yanaşı, münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.Dövlətimizin başçısı deyib: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək"."Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq",-deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: "Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi".
COP29 KİÇİK ADA ÖLKƏLƏRİ ÜÇÜN MÜHÜM MƏSƏLƏLƏRİN HƏLLİNDƏ DÖNÜŞ NÖQTƏSİ OLACAQ
"Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib".Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb."Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə biz Hərəkatın gündəliyini irəli aparmaq üçün səylərimizi əsirgəmədik. Qoşulmama Hərəkatının institusional inkişafına, Hərəkatın birliyinin möhkəmləndirilməsinə və nüfuzunun artırılmasına xüsusi diqqət yetirildi. Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı", - dövlət başçısı qeyd edib.Azərbaycan Prezidenti vurğulayıb ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib: "Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib. Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib"."Keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi mən İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan etdim. Bu çağırışla mən beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət etdim. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub", - Prezident İlham Əliyev xatırladıb.
"DÜŞÜNÜRÜK Kİ, KİÇİK ADA DÖVLƏTLƏRİNƏ YARDIM BİZİM ÜÇÜN MƏNƏVİ BORCDUR"
"Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur" deyən və onlara dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edildiyini vurğulayan Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında bir daha bu məsələni gündəmə gətirib.Bütün bunlar bir daha təsdiq edir ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edərkən Azərbaycanın yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışmaqla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib və "Commonwealth" təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını da bildirib.Dövlətimizin başçısı, həmçinin Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayıb və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişikliklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyini bir daha diqqətə çatdırıb.Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq. Məlumdur ki, iqlim dəyişikliyinin fəsadları bütün dünya üçün ciddi narahatlıq yaradır. Ona görə də bu problemin həlli qlobal səylər və həmrəylik tələb edir.Azərbaycan qlobal məsuliyyətini yüksək şəkildə dərk edən ölkə olaraq indiyə kimi atdığı bütün addımlar uğurlu olub və öz məqsədinə çatıb. Şübhəsiz ki, ölkəmiz yaşıl enerjiyə keçid istiqamətində də uğurlara imza atıb, ənənəvi enerji istehsalçıları və istehlakçıları üçün nümunəyə çevrilə biləcək.Azərbaycan övlət başçısının dünyada qazandığı yüksək nüfuz bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan yaradır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər, qlobal məsələlərdə yüksək fəaliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən dəstəklənir və təqdirəlayiq hesab edilir. Elə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın qəbulu da bir daha göstərdi ki, dünya ölkələri İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verirlər.
AZƏRBAYCAN PREZİDENTİ BÜTÜN ÖLKƏLƏRİ PLANETİ XİLAS ETMƏK NAMİNƏ HƏMRƏYLİK NÜMAYİŞ ETDİRMƏYƏ ÇAĞIRIB
Azərbaycanın istər COP29-un təşkili, istərsə də cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" barədə tövsiyə və qərarlarında nəzərdə tutduğu məqsədlər əksər dövlətlər, beynəlxalq qurumlar tərəfindən çoxtərəfli müstəvidə müzakirə edilir və dəstəklənir. Çünki iqlim dəyişikliyi son zamanlar nəinki dünya iqtisadiyyatı, bəşəriyyətin mövcudluğu üçün ciddi fəsadlar yaradır. Odur ki, problemin gündən-günə kəskinləşdiyini nəzərə alan bir çox mütərəqqi ölkələr "yaşıl inkişaf"a keçid təşəbbüslərini alqışlayır, konkret ölçülərin götürülməsi məsələsini aktuallaşdırırlar.Prezident İlham Əliyev Bakıda COP29 "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı ilə keçiriləcək konfrans iştirakçılarına məktubunda "Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram"- deyə müraciət edib. Bu məqsədə çatmaq üçünsə dünya ictimaiyyətinin siyasi iradəsi və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır. Qlobal problemlərin həllinə beynəlxalq birliyin fəal əməkdaşlığı sayəsində nail olmaq mümkündür.Bir sözlə, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcək. Bu mötəbər toplantıda bir daha ölkəmizdən dünyaya həmrəylik çağırışı ediləcək.Beləliklə də, artan nüfuz, güc, iqtisadi qüdrət Azərbaycanı həm də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinin qlobal platformasına çevirib desək, yanılmarıq. Bütün bunlar isə Prezident İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin tərkib hissəsidir. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: "Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq". Və bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər