PREZİDENT İLHAM ƏLİYEV: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"
"Müharibədən sonra bu ilin sonuna qədər xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib".Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.Səkkiz mindən çox keçmiş köçkünün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşdiyini, hər il onların sayının artacağını bildirən dövlətimizin başçısı azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışıb. Deyib ki, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər salınır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.Bəli, bu gün dövlət siyasətinin əsas prioritetlərindən hesab edilən Qarabağın, Şərqi Zəngəzurun bərpası barədə danışdıqda təbii olaraq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icra əhəmiyyətini vurğulamalıyıq. Proqrama əsasən Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan böyük qayıdış prosesləri artıq qısa zamanda reallığa çevrilir. Bu xüsusda ilk olaraq Zəngilanın Ağalı kəndinin ötən dövrdə "Ağıllı kənd" konsepsiyasına uyğun qurulmasını və soydaşlarımızın oraya mərhələli şəkildə köçürülməsini qeyd etmək lazımdır. Əgər ötən il Zəngilanın Ağalı kəndi "Böyük Qayıdış"ın ilk müjdəsi idisə, bu il Talış və Laçına qayıdış isə bu proqramın necə ciddi, dəqiqliklə hazırlandığını, surətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərdi.
PREZİDENT İLHAM ƏLİYEV QARABAĞIN VƏ ŞƏRQİ ZƏNGƏZURUN CƏNNƏTƏ ÇEVİRƏCƏYİ İLƏ BAĞLI VƏDİNİ KONKRET ADDIMLARI İLƏ TƏSDİQLƏYİR
"Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir."
Bəli, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır. 30 ildən sonra bu torpaqlarda yaşanan tikinti bumu getdikcə daha da geniş vüsət alır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyəti, hərbi və siyasi iradəsi ilə torpaqlarımızı azadlığına qovuşduran düşmənin viran qoyduğu Qarabağ və Şərqi Zəngəzuru cənnətməkana çevirir və əzəli sahiblərinə qovuşdurur, Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır. Görülən işlərin miqyası bu gün soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışlarında özünün aydın ifadəsini tapır. Dörd ilə yaxın müddətdə 4 şəhərə və 4 kəndə qayıdışın reallaşması Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA APARILAN GENİŞ QURUCULUQ VƏ BÖYÜK QAYIDIŞ ZƏFƏRLƏRİDİR
Suverenliyini tam təmin etmiş Azərbaycanın son dörd ildə Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və Böyük qayıdış zəfərləridir. Qeyd edək ki, Prezident İlham Əliyev quruculuğun ilk təməl daşını 2021-ci ilin 28 may tarixində Ağdamda qoymuş, düşmənin daşı daş üstündə qoymadığı, yerlə yeksan etdiyi, görənlərin dəhşətlə "Qafqazın Xirosiması" adlandırdığı Ağdama yenidən həyat veriləcəyinin - Qarabağın ruhunun dirçələcəyinin xoş ismarışını çatdırmışdı.O da diqqətçəkən xüsusi məqamdır ki, Prezident İlham Əliyev məhz 2020-ci il mayın 28-də Bakının Qaradağ rayonunda "Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı tezliklə bütün məcburi köçkünlərin öz yurdlarına qayıdacağını, onlara bundan da gözəl evlərin tikiləcəyini qəti inamla bildirmişdi. Budur, artıq qalib lider İlham Əliyevin həmin sözlərinin uğurla həyata keçirilməsinin əyani şahidliyini edirik….
"SİZ BUNA LAYİQSİNİZ"
Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda sürətlə sosial infrastruktur qurulur, xəstəxanalar, məktəblər, idman obyektləri tikilir, yollar, tunel və körpülər inşa edilir, dəmir yolları çəkilir. Müasir "ağıllı kənd və şəhərlər" salınır. Çox qısa zaman ərzində Füzuli və Zəngilan beynəlxalq hava limanlarının tikilərək istifadəyə verilməsi, üçüncü beynəlxalq hava limanının isə Laçında inşasının sürətlə davam etdirilməsi isə ümumilikdə quruculuq işlərinin miqyasını göz önünə gətirir. Heydər Əliyev Fondu tərəfindən bu ərazilərdəki tarixi, dini, mədəni abidələr yüksək səviyyədə bərpa olunaraq xalqımıza ərmağan edilir.Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura etdiyi mütəmadi səfərləri zamanı burada yeni yaşayış məntəqələrinin bünövrələrini qoyur, açılışlar edir, görülən işlərlə yerində tanış olur. Əzəli yurdlarına qayıdan sakinlərə evlərinin açarlarını təqdim etmək, onları öz doğma mənzillərində ziyarət etmək, qayıdış sevinclərini bölüşmək də qalib lider İlham Əliyevin xoş ənənəsinə çevrilib ki, buna xocalılıların timsalında bir daha fəxrlə şahidlik etdik.30 ildir yurd həsrəti çəkən keçmiş məcburi köçkünlərin artıq Qarabağa mərhələli şəkildə köçürülməsinə başlanılıb. Bu günə qədər ümumilikdə 1727 ailə, yəni 6 min 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb. Bu günədək Laçın şəhərində 534 ailənin, daha dəqiq, 1971 nəfərin məskunlaşması təmin edilib. Sus kəndində 215 nəfər olmaqla 59 ailə, Zabux kəndində isə 823 nəfər olmaqla, 217 ailə məskunlaşıb. Ümumilikdə Laçın rayonunda hazırda 810 ailə, yəni 3009 nəfər yaşamaqdadır. Laçında tikinti-quruculuq işləri ilə paralel aparılan başlıca məsələ əhalinin məşğulluğunun təmin edilməsi olub. "Zerti" Sənaye Parkının ərazisində mebel, ayaqqabı, dam örtükləri, heyvandarlıq və sair müəssisələrin fəaliyyətə başlaması təmin edilib. Bundan əlavə, Laçın rayonunda çox sayda sənaye və istehsal müəssisəsi işləyir. Bu müəssisələrin hər biri sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət göstərir.Dövlət başçısı isti od-ocaqlarına qovuşan xocalılılarla görüşündə söylədi ki, "Siz də buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız - kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi".Bəli, o gün gəldi, yurdundan, doğma isti ocağında ayrı düşən söydaşlarımız torpaqlarına qayıdır.Qeyd edək ki, dövlət büdcəmizin əsas prioritetlərindən biri də Böyük qayıdışa nail olunmasıdır. 2020-2022-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə əlaqədar dövlət büdcəsindən təqribən 6,6 milyard manat, 2023-cü ilin dövlət büdcəsində Böyük Qayıdış proqramının icrası üçün 5,3 milyard manat yönəldilib. Bu ilin büdcəsində isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 9,9 milyard manat ayrılıb.Xocalıda sakinlərlə görüşü zamanı bu məqamı Prezident İlham Əliyev də vurğuladı: "Səkkiz aya, bu, möcüzədir. Səkkiz aya bax belə quruculuq işləri aparıldı...Mən demişdim ki, biz Qarabağı cənnətə çevirəcəyik. Yavaş-yavaş çeviririk. Xocalı da elə olacaq".Əvvəldə də qeyd etdiyimiz kimi, bu günədək Füzuli, Laçın, Şuşa və Xocalı şəhərləri, həmçinin Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşub. Cari ilin əsas hədəfləri sırasında Cəbrayıl, Kəlbəcər, Xankəndi şəhərləri də vardır. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə qayıdış isə 2025-ci ildə nəzərdə tutulur. Bundan başqa, hazırda yüzdən çox şəhər və kəndin Baş planı təsdiqlənib, bir çox şəhər və kənddə inşaat işləri aparılır. Keçmiş məcburi köçkünlərin qayıdışı və Qarabağda yaşayışın bərpası üçün hökumət iki mərhələli dövlət proqramını həyata keçirdiyini bildirir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə birinci proqram iki il əvvəl başlayıb və 2026-ci ilədək davam edəcək. Bu, həm də Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biridir. Proqram bu bölgələrdə dövlət və özəl sektorda iş yerlərinin açılmasını da hədəfləyir. Böyük Qayıdışın ikinci istiqaməti əhalinin yenidən öz dədə-baba torpaqlarına qayıtmasıdır.
2026-CI İLƏDƏK 140 MİN KEÇMİŞ MƏCBURİ KÖÇKÜNÜN ÖZ DOĞMA YURD-YUVALARINA QAYIDACAQ
Birinci Qayıdış Proqramının icrasının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün öz doğma yurd-yuvalarına qayıdışı nəzərdə tutulub. Bu ilin sentyabar ayında Kəlbəcər və Xankəndi şəhərlərinə sakinlərin qayıdışı həyata keçiriləcək. Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra dövlət Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edlimiş ərazilərə 16 noyabr 2020-ci ildə reallaşdırdıqları səfər Cəbrayıl və Füzuli rayonlarına, o cümlədən Cəbrayıl və Füzuli şəhərlərinə idi. Prezident İlham Əliyev həmin səfər zamanı Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş vermişdi. Zəfər yolu çox qısa zamanda tikilib istifadəyə verildi. Dövlətimizin başçısı İlham Əliyev həmin səfər zamanı bu məkanlardan belə bir çağrışları etdi ki, yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək: "Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar." O da bəyan edildi ki, bu torpaqları bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə məqsəd işğalı əbədiləşdirmək, tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi. Amma səhv etdilər. Dəfələrlə bəyan etdik ki, bu işğalla heç vaxt barışmayacağıq.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARINDA BƏRPA, TİKİNTİ VƏ İDARƏETMƏ XİDMƏTİ GÖSTƏRMƏK ÜÇÜN MÜVAFİQ PUBLİK HÜQUQİ ŞƏXSLƏR YARADILIB
Bir sözlə, artıq Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda "Dost Aqropark"ı yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.Dövlətimizin başçısı İlham Əliyev vurğulayır ki, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar. Onların məşğulluğunun təmin edilməsi prioritet məsələlər sırasındadır. Sosial xidmətin təminatı üçün bu ərazilərdə də "ASAN xidmət", DOST mərkəzlərinin yaradılması qarşıda dayanan hədəflər sırasındadır. İlk "ASAN xidmət" Şuşa şəhərində açılıb. Növbəti mərkəzin isə Füzulidə tikiləcəyi bildirilir. Tarixi sahibinə qayıdan torpaqlarımız "ağıllı şəhər" və "ağıllı kənd" layihələri üzrə yenidən qurulur.Beləliklə, arxada qalan hər gün bizi Böyük Qayıdış Proqramının icrasının vaxtından əvvəl başa çatdırılmasına yaxınlaşdırır. Suverenliyimizin tam bərpa edilməsindən ötən qısa zamanda Xankəndidə, Xocalıda görülən işlərin miqyasına diqqət yetirməklə son 4 ildə ümumilikdə işğaldan azad edilmiş ərazidərimizdə bu istiqamətdə atılan addımların miqyası barədə aydın təsəvvürə malik olmaq mümkündür.Bir sözlə, qayıdış "Böyük Qayıdış" olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlara qayıdışını əhatə edəcək. Bu uğurlar Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin mükəmməlliyinin və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafeyini əks etdirdiyini, Azərbaycanın dünya miqyasında nüfuzunun artmasını, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini bir daha göstərir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək. Bir sözlə, qarşıdakı illərdə də Böyük Qayıdışın daha möhtəşəm nəticələrinin şahidi olacağıq.Dövlət başçımızın dediyi kimi: "Biz işğaldan azad olan torpaqları cənnət-məkana çevirəcəyik!"
RƏFİQƏ KAMALQIZI