Analitika

  • 30 371

TAP layihəsi: Azərbaycan dünya miqyaslı qaz ixracatçısına çevrilir

image

Məlum olduğu kimi, bu yaxınlarda "Şahdəniz" Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (Trans-Adriatik Pipeline (TAP)) seçib. Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Məlumatlara görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin "Axpo" şirkəti irəli sürüb. Beləliklə, 10 il ərzində aparılan araşdırmalar və danışıqlar nəticəsində ideya reallığa çevrilmək üzrədir.

BTƏ-dən başlanan yolun davamı: TANAP VƏ TAP

1999-cu ildə "Şahdəniz" yatağında zəngin qaz yataqlarının aşkar olunması bir çox ölkələri, xüsusən də Qərb dövlətlərini ölkəmizlə bu sahədə əməkdaşlığa cəlb edib. Azərbaycanın 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş həcmində dəyərləndirilən qaz ehtiyatları Avropa məkanının enerji təhlükəsizliyində mühüm rol oynayır. Bildiyimiz kimi, Avropanın böyük bir hissəsi qaz təchizatına görə məhdud sayda mənbədən asılı vəziyyətdədir. Dövlətin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan enerji təchizatının əsasən məhdud çərçivədə cəmləşməsi Avropa ölkələrini istər-istəməz alternativ mənbələrin axtarışına sövq edir. Bu baxımdan, etibarlı tərəfdaş imicinə sahib olan Azərbaycanla əməkdaşlıq region dövlətlərinin maraqlarına uyğundur. Məhz bu əməkdaşlığın nəticəsi olaraq 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verilib və Azərbaycan qazı bu kəmərlə Gürcüstana və 2007-ci ildən Türkiyəyə nəql olunur. Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi.

Bu istiqamətdə mühüm addım 2011 və 2012-ci illərdə Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsinə dair sazişlər imzalandı. Bu boru xətti BTƏ-dən gələn qazı Yunanıstanla sərhəddə çıxaracaq. TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.

BTƏ və TANAP "Cənub" qaz dəhlizinin mühüm tərkib hissələridir. Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsinin müəyyən edilməsi isə "Cənub" qaz dəhlizinin böyük hissəsinin razılaşdırılması deməkdir. Bu layihə "NABUCCO", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənibi-Şərqi Avropa boru kəməri) layihələri içərisindən seçilib.

Məlum olduğu kimi, TAP kommersiya üstünlüklərinə görə qeyd olunan layihələr içərisində əsas rəqibi olan "NABUCCO" layihəsini üstələyə bildi. Belə ki, TAP-ın uzunluğu 870 kilometr olduğu halda, Bolqarıstan, Rumıniya, Macarıstandan keçərək Avstriyaya çatmalı olan "NABUCCO Qərb"in uzunluğunun 1300 kilometrdən çox olması gözlənilirdi. TAP-ın reallaşması üçün ilkin olaraq 2,2 milyard, "NABUCCO Qərb"ə isə 7,9 milyard dollar investisiya tələb olunurdu. Deməli, TAP layihəsinin gerçəkləşməsinə daha az zaman və vəsait tələb olunur.

Beləliklə, 2007-ci ildə istismara verilən Bakı-Tbili-Ərzurum qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazın Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhəddə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək.

TAP layihəsində iştiraka maraq böyükdür

Hazırda TAP-ın səhmdarları İsveçrənin "Axpo" (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON Ruhrgas" (15 faiz) şirkətləridir. Lakin səhmdarların sayı arta bilər. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiya və marketinq məsələləri üzrə vitse-prezidenti Elşad Nəsirov ARDNŞ-nin Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsinin səhmdarları sırasına daxil ola biləcəyini söyləyib. E.Nəsirov qeyd edib ki, TAP-ın səhmdarları sırasına, həmçinin TANAP-da (Trans-Anadolu Qaz Kəməri) pay almaqla bağlı razılıqlarını verən bp və "Total" şirkətlərinin də daxil olması ehtimalı var. Həmçinin, Trans-Adriatik Qaz Kəməri layihəsinin tərəfdaşları Türkiyənin "BOTAŞ" şirkətinə qapılarının açıq olduğunu bildiriblər.

Əslində, TAP layihəsinin dünyanın iri şirkətlərinin marağını cəlb etməsi heç də təsadüfi deyil. Bu layihə həm onda iştirak edən dövlətlər, həm də onun həyata keçirilməsi ilə birbaşa məşğul olan şirkətlər üçün olduqca sərfəli hesab edilir.

Məlumatlara görə, Azərbaycan qazının Avropaya çatdırılmasında İtaliya heç də son hədəf olmayacaq və "Şahdəniz" qazının bu ölkədən Avstriyaya, İsveçrəyə, Almaniyaya və digər ölkələrə çatdırılması nəzərdə tutulub. Bundan əlavə, bu yaxınlarda Brüsseldə Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Yunanıstan, İtaliya, Monteneqro, Serbiya və Sloveniya Adriatika-İonika Şurasının XV toplantısının yekunu olaraq bəyannamə qəbul edərək, regional enerji layihələri arasında ilk növbədə TAP-a xüsusi dəstək verəcəklərini vəd ediblər. Bu baxımdan, enerji ehtiyatlarının daşınması, nəqliyyat infrastrukturunun yaradılması və gücünün artırılması, Avropanın nəqliyyat sisteminə və şəbəkəsinə inteqrasiyasını nəzərdə tutan layihələr, xüsusilə, TANAP və TAP layihələri, eləcə də, Avropa İttifaqı tərəfindən dəstəklənən Yunanıstan-Bolqarıstan, Bolqarıstan-Rumıniya və Rumıniya-Macarıstan qaz şəbəkələrini birləşdirən layihələr də böyük əhəmiyyət daşıyır.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycanın qaz ehtiyatlarının getdikcə artması perspektivdə "mavi yanacağ"ın nəqli üçün yeni boru kəmərlərinə ehtiyac yaradacaq.

R.Abdullayev diqqətə çatdırıb ki, ilkin olaraq, TAP layihəsi çərçivəsində Azərbaycandan Avropaya ildə 10 milyard kubmetr qaz ötürüləcək. Azərbaycanın digər qaz yataqları da nəzərə alınaraq onu demək olar ki, gələcəkdə bizə yeni qaz ixrac kəmərləri lazım olacaq. Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olduğunu deyən R.Abdullayev əlavə edib ki, biz bu gün mövcud imkanları nəzərə almaqla, "ikinci qaz dalğasını" da aydın görürük. "Şahdəniz"dən əlavə, "Azəri-Çıraq-Günəşli"nin dərinsulu hissəsinin, "Abşeron", "Ümid" və "Şəfəq-Asiman" kimi yataqların işlənilməsi Azərbaycanın qaz ixracını kəskin şəkildə artıracaq. TAP-ın potensial genişlənməsi, eləcə də Bolqarıstan, Rumıniya və Macarıstan ərazisindən Avstriyaya doğru ikinci marşrutun açılması ilə Avropaya qaz ixrac həcmlərinin artmasının da şahidi olacağıq. Hər iki kəmər marşrutunun inkişaf planları gələcəkdə qaz həcmlərinin artmasının əsasını təşkil edir. Beləliklə, Azərbaycan "NABUCCO" qaz dəhlizini gələcəkdə hasil olunacaq qaz həcmləri üçün təbii bazar kimi görür. Başqa sözlə, yeni təchizat mənbələrinin "Cənub qaz dəhlizi" ilə Avropa bazarlarına çıxışının TAP-la məhdudlaşmayacağı, onun hüdudlarından kənarda da davam edəcəyi gözlənilir.

Azərbaycan "Şahdəniz"in ardınca Avropanı əlavə qazla təmin edəcək digər layihələri də inkişaf etdirmək əzmindədir. Bu baxımdan, Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsi də Türkiyə ərazisindən keçəcək TANAP ilə "Cənub qaz dəhlizi"ni təchiz etmək potensialına malikdir. Son zamanlar "Abşeron" yatağında aparılan uğurlu kəşfiyyat işləri və ARDNŞ tərəfindən "Ümid" qaz yatağının kəşfi Xəzər dənizində aşkarlanmış yeni yataqların potensialını aydın göstərir. Bu kəşflər 2020-ci illərin əvvəllərində əlavə qaz həcmləri ixrac etmək imkanı yaradır. Buna görə də, Azərbaycana gələcəkdə daha çox ixrac marşrutu lazım olacaq və TAP layihəsi ilə bağlı qərar həqiqətən də qarşılıqlı mənfəətə əsaslanan yanaşmanın zaman keçdikcə xəyaldan reallığa çevrilməsi deməkdir.

Beynəlxalq ictimaiyyət layihəni dəstəkləyir

Qeyd edək ki, "Şahdəniz" Konsorsiumunun TAP layihəsini seçməsi beynəlxalq ictimaiyyətin böyük marağı və dəstəyi ilə qarşılanıb. Belə ki, Avropa İttifaqının (Aİ) Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi üçün boru kəmərinin yekun seçiminə dair qərarı alqışlayıb.

Aİ Komissiyasının prezidenti Xose Manuel Barrozu bu qərarı Avropanın birgə uğuru və İttifaqın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsi kimi qiymətləndirib: "Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın Prezidenti İlham Əliyev ilə imzaladığım və strateji xarakter daşıyan Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Aİ-yə birbaşa xüsusi keçid olacaq və getdikcə genişlənəcək "Cənub" qaz dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir".

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər müdiri Toralf Pilts "Şahdəniz" Konsorsiumunun keçirdiyi tədbirdə "Şahdəniz Mərhələ 2" çərçivəsində hasil olunacaq qazın Avropanın enerji təhlükəsizliyindəki rolundan danışaraq deyib ki, TAP çox önəmli layihədir və bu kəmər genişlənmə imkanlarına malikdir. Avropa Komissiyası "Cənub qaz dəhlizi" çərçivəsində seçilmiş və icra olunacaq bütün boru kəmərləri layihələrini dəstəkləyir.

Böyük Britaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adrian Li də "Şahdəniz" Konsorsiumunun seçimini alqışladıqlarını bildirib, bu seçimi qaz təminatı və marşrut müxtəlifliyi baxımından Avropanın enerji təhlükəsizliyinin təminatında vacib mərhələ adlandırıb.

Layihəyə digər nüfuzlu siyasi dairələrdən də müsbət münasibət göstərilir. Aİ-nin enerji məsələləri üzrə komissarı Günter H.Oettinger bildirib ki, "mavi yanacağın" yeni xüsusi qaz boru kəməri sistemi ilə birbaşa Avropaya çatdırılması sahəsində Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb: "Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi, bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız vardır və gələcəkdə daha çox qaz qəbul edəcəyimizə əminəm".

Öz növbəsində Rusiya tərəfi də bu layihənin seçilməsinə görə razılıq edib.

ABŞ Dövlət Departamentindən isə bildirilib ki, TAP qaz kəmərinin yaradılması Avropaya qaz nəqlini diversifikasiya etməyə kömək edəcək və ümumilikdə, qlobal qaz təhlükəsizliyini möhkəmləndirəcək. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Şahdəniz" Konsorsiumunu seçimi münasibətilə təbrik edərək, TAP-ın həm Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını, həm də qlobal müstəvidə qaz təchizatının həcmlərinin artmasına töhfə verəcəyini bildirib.

Düşünülmüş enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırır

Bildiyimiz kimi, Azərbaycan regional və qlobal miqyasda öz çəkisi və mövqeyi olan bir dövlətdir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu artır, müsbət imici möhkəmlənir. Bu tendensiya demək olar ki, bütün sahələrdə - siyasət, iqtisadiyyat, humanitar, təhlükəsizlik, mədəniyyət, idman sferalarında özünü göstərir. Heç şübhəsiz, Azərbaycan hazırkı uğurlara birdən-birə nail olmayıb. Müstəqil olduğu 20 il müddətində ölkəmiz bir çox ağır sınaqlarla üzləşib. Lakin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasət kursu ölkənin davamlı və stabil inkişafını təmin etdi. 2003-cü ilədək artıq Azərbaycan bir çox nüfuzlu regional və qlobal təşkilatların üzvünə çevrilmişdi. Ölkəmiz beynəlxalq qurumlarla əlaqələri genişləndirmiş, bir çox dövlətlərlə beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli qaydada əməkdaşlıq münasibətləri qurmuşdu.

Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq siyasi nüfuzunun sürətlə artmasında ölkənin daxili və xarici iqtisadi uğurlarının mühüm çəkisi vardır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli aktora çevrilib. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özü bir çox regional məsələlərdə həlledici söz sahibidir. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə bütün milli dövlət səlahiyyətlərinə və suverenliklərinə sahib olan qeyri-formal aktordur. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyat və sosial rifah dayanır.

Bildiyimiz kimi, Azərbaycan iqtisadiyatının artım tempinə görə 2006-cı ilən başlayaraq dünyada ilk yerlərdə dayanır. Son on ildə Azərbaycanın dövlət büdcəsi 1,5 milyard dollardan 25 milyard dollaradək artıb. Bu müddətdə 20 dəfəyə yaxın artan büdcə xərcləmələri iqtisadiyyatın şaxələndirilməsinə, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, sahibkarlığın, özəl sektorun inkişafına, ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə yönəlib. Eyni zamanda, həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində Azərbaycanın sürətli inkişafını ölkənin hər bir yerində əyani şəkildə müşahidə etmək mükündür. Bütün bunlar onu təsdiq edir ki, Azərbaycan son 6-7 ildir ki, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkələrdəndir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli aktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib. Həmçinin, dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.

"Yeni Azərbaycan"ın Analitik Qrupu

Digər xəbərlər