PDF Oxu

Araşdırma

  • 406

Şuşa şəhəri günü - Azərbaycanın əbədi tarixi

image

“Azərbaycanın mədəniyyət beşiyi, konservatoriyası, qürur mənbəyimiz olan Şuşa şəhərinin erməni işğalından azad edilməsindən düz beş il keçir. 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti Şuşaya ilk səfəri zamanı vaxtilə ermənilərin güllələdiyi abidələri özü ilə ora apardı: “Elə ilk səfərində Şuşanın yenidən, daha gözəl bərpa olunacağı barədə konkret göstərişlər verdi. Dərhal da əməli addımlar atıldı. Şuşa işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan erməni silahlı qüvvələrinin işğalından azad etdiyi şəhərə dəfələrlə səfər etdi. Bu davamlı səfərlər qədim yurdun xalqımız üçün əhəmiyyətinin, torpağa sahiblik hissinin, onun müqəddəsliyinə ali dəyərinin ifadəsidir. Şuşa bu gün cənab Prezidentin birbaşa nəzarəti altında yenidən qurulur, bərpa edilir. Şuşa işğaldan azad olunandan sonra ilk dəfə dost, qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər etdi. Səfər zamanı iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamə imzalanmaqla ölkələr arasında Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsi başlandı. Bir sözlə, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından Azərbycan xalqına Şuşa müjdəsini verərək demişdir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”. Artıq Şuşaya keçmiş məcburi köçkünlər qayıdır. Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq”.

Digər xəbərlər