“Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında iştirak etdi. Cənab İlham Əliyevin də dediyi kimi, AMEA bu illər ərzində böyük yol keçib, Azərbaycanda elmin inkişafında aparıcı rol oynayıb. Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirib. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəməyib. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Ulu Öndərin təşəbbüsü ilə həmin illərdə yüz minlərlə Azərbaycan gənci Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş və ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasət müstəqillik illərində də davam etdirilir. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərində təhsil alır. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili qeyd edib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları, ictimaiyyət nümayəndələri ilə ilk görüşü məhz 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında olub: “Prezident İlham Əliyev çıxışında onu da əlavə etdi ki, son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb. İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə vəsait daha böyük həcmdə ayrılır: “Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi”. Dövlət başçısı İlham Əliyevin çıxışında elmin inkişafı ilə bağlı səsləndirilən çağırışlardan ümumi nəticə bu oldu ki, bu gün biliyə əsaslanan, innovativ və milli maraqlara xidmət edən elmi sistemin formalaşdırılması əsas vəzifələrdəndir. Azərbaycanın hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirməsi dayanıqlı inkişafın təmin edilməsində əsas amildir.
A.Hüseynov bildirib ki, Prezidentin Azərbaycan dili barəsində dedikləri də elm və təhsildə çalışanlar üçün yol xəritəsidir: “Dövlət başçısı qeyd etdi ki, Azərbaycan dili bizə xalq kimi var olmaq imkanı verib: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik”. Prezident çıxışında bildirdi ki, müstəqil Azərbaycanın elmi bu gün yeni yüksəliş mərhələsinə qədəm qoyur. Son on ildə elmə ayrılan vəsaitin iki dəfədən çox artırılması, elmi infrastrukturun müasirləşdirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişlənməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. İlham Əliyev vurğuladı ki, müasir dövrdə texnoloji tərəqqi, rəqəmsallaşma və süni intellekt prioritet istiqamətlərdəndir, çünki tükənməz sərvət - məhz insanın intellektual potensialıdır. Bu potensialın reallaşması isə yalnız sistemli sərmayə və düzgün idarəetmə nəticəsində mümkündür”.