Analitika

  • 8 932

Xəzər Azərbaycan xalqının misilsiz sərvətidir

image

Dünyanın ən iri qapalı su hövzəsi Xəzər dənizi Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır. Xəzər özünün fiziki-coğrafi göstəriciləri ilə unikal olmaqla, flora və faunası ilə zəngindir. Belə ki, nərəkimi balıq ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir. Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olan amillərdəndir. Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda Qızılağac, Rusiyada Həştərxan, Türkmənistanda Xəzər. Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır. Xəzər dənizində 1809 növ və yarımnöv heyvan yaşayır ki, onun 1069 sərbəst yaşayan onurğasızlar, 325 növü parazitlər və 415 növü onurğalı heyvanlardır. Mənşəyinə görə Xəzər dənizində beş qrup sərbəst yaşayan heyvanlar ayırd etmək olar ki, onlar da əsasən dənizin mürəkkəb tarixə malik olduğunu əks etdirir.

Bitkilər aləmi

Xəzər dənizinin florası 755 növ və yarımnövdən ibarətdir ki, onun da 5 növü ali bitkilərdir. Xəzər dənizində yaşayan bitkilərə bunlar aiddir: dənizotu, daraqşəkilli suçiçəyi, 2 növ ruppiya. Ali bitkilərlə həm balıglar, həm də su quşları gidalanır. Bir çox balıglar öz kürülərini onların üzərinə tökürlər.

Xəzər dənizi fitoplanktonunda həm şirin su və həm də, şortəhər su yosunları yaşayır. Bu da dənizin duzluğunun az olması ilə bağlıdır.

Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb ki, onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.

Xəzərin neft və qaz ehtiyatları

Xəzər dənizi böyük həcmdə hidrokarbon ehtiyatlara malikdir. Hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır. Bundan başqa, dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həm də ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır. Azərbaycanda hasil olunan neftin 67%-i, qazın isə 95%-i Xəzərdən çıxarılır. Ölkəmizin müstəqil inkişafı, dövlət təhlükəsizliyi və geosiyasi mövqeyi, onun zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya enerji bazarlarına sərbəst nəqli bu gün əsas xarici siyasət prioritetlərindən olmaqla yanaşı, müsair dünya siyasətinin bir hissəsi sayılır. Xəzər dənizi və onun Azərbaycan sektorunun neft və qaz ehtiyatları hazırda bir çox nəhəng dövlətləri ciddi şəkildə maraqlandırır. Bunun əsas səbəblərindən biri isə, əsası 1994-cü ildə "Əsrin müqaviləsi" adlanan neft müqaviləsinin bağlanması ilə qoyulan neft strategiyasının düzgün və səmərəli şəkildə dünyaya çatdırılması oldu. Neft strategiyası Azərbaycanın müstəqil dövlət kimi digər dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqeyinin möhkəmlənməsinə, strateji əməkdaşlıq münasibətlərinin yaranmasına şərait yaratdı.

Kurort-rekreasiya ehtiyatları

Xəzər dənizi sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Xəzərin qumlu çimərlikləri kurort-turizm kompleksi üçün əlverişlidir. Bu sahillər ölkə vətəndaşları eləcə də turistlər üçün əsas istirahət zonalarındandır. Xüsusən Abşeron yarmadasında, bağ və bağçılıq təsərrüfatları da geniş yayılmışdır.

İntizarə Məmmədova

Digər xəbərlər