Analitika

  • 7 718

Paşinyan-Koçaryan üzərində çalxalanan erməni mətbuatı ANALİTİK-ŞƏRH

image

Bu suallara cavab axtarılır: Putinin təbriki erməni ictimaiyyətinə necə bomba effekti verdi və Paşinyana Soçidə niyə çətin olacaq?

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bəyan etdiyi kimi, Ermənistan qaynayır. Məhz adıçəkilən rusiyalı siyasi xadimin fikirləri kontekstindən çıxış edərsək, həqiqətən də Ermənistanda siyasi böhranın mövcudluğu açıq-aydın görünməkdədir. Köhnə hakimiyyət sisteminin yeni hökumətlə necə deyərlər, kəllə-kəlləyə gəlməsindən başlayaraq, digər bəlli hadisələrə qədər cərəyan edən olaylar gec, ya da tez kəskin qarşıdurmanın baş verəcəyi reallığını daha da açığa çıxarmış olur. Serj Sarisyanın devrilməsinin ardınca, Robert Koçaryanın siyasi arenaya atılması, onun pasportunun əlindən alınması və s. hadisələr istər-istəməz erməni cəmiyyətində parçalanmalara səbəb olmaqdadır. Xüsusilə, erməni kütləvi informasiya vasitələri bu və ya digər şəkildə həm Koçaryan, həm də Paşinyan ətrafında müxtəlif gedişlər edərək, ölkənin hələ də yekdil siyasi dayaqlara əsaslanmadığını bariz şəkildə nümayiş etidrəmkdədirlər. Bu arada, Rusiya prezidenti Vladimir Putinin Robert Koçaryana ad günü ilə bağlı təbrik məktubunun Kremlin rəsmi saytında işıqlandırmasıı erməni ictimai rəyinin təəccübünə səbəb olub. Bu, həm də belə qənaətə gəlməyə zəmin verir ki, Ermənistanda günü-gündən artan anti-Rusiya meylləri artıq öz “bəhrəsini” verməkdədir...
“Hraparak”: “Bəziləri bunu Nikol Paşinyana tərs sillə zərbəsi kimi qəbul etdilər”
Bəzən cüzi görünən hadisələr erməni cəmiyyətində partlayan bomba effekti verir. Məhz bu dəfə də belə oldu – Kremlin rəsmi saytında Vladimir Putinlə Robert Koçaryan arasındakı telefon danışığı həmin bomba effektini vermiş oldu. “Rusiya prezidenti Koçaryanı səmimi şəkildə təbrik edib”, erməni KİV-ləri yazır. SİA xəbər verir ki, “Hraparak” qəzeti bu məsələ ilə bağlı yazır: “Bəziləri bunu Nikol Paşinyana tərs sillə zərbəsi kimi qəbul etdilər, digərləri xatırladılar ki, Putinin Koçaryana təbrikləri onun prezidentliyi dövrünə təsadüf edib və qeyd olunub ki, iki ay öncə Serj Sarkisyanın da ad günü olub və Putin onu təbrik etməyib. Halbuki Sarkisyanın mövcud vəziyyətdə dəstəyə daha çox ehtiyacı var”.
“Haykakan Jamanak”: “Koçaryan öz hakimiyyəti illərində Ermənistanın Rusiyanın əyaləti olması və suverenitetliyin sıfırlanması üçü hər şey edib”
Mövzu ilə bağlı digər erməni qəzeti – “Haykakan Jamanak” isə yazır ki, Robert Koçaryanın fəallaşması son vaxtlar sözün əsla mənasında onun dərin əyalət düışüncəsini daha çox ortaya qoyur: “Koçaryan öz hakimiyyəti illərində Ermənistanın Rusiyanın əyaləti olması və suverenitetliyin sıfırlanması üçü hər şey edib. Bu, belə demək mümkündürsə, akademik əyalətçiliyin açıq nümunəsidir və bir ölkənin rəhbəri o qədər zəif, o qədər kompetentlikdən kənardır olmalıdır ki, rəhbərlik etdiyi dövlətin daxili resurslarını taparaq, onun təhlükəsizliyini və inkişafını təmin etməsin. Eyni zamanda, o heç bir cəhdlər göstərməyərək, başqa ölkənin quberniyası, əyaləti olmağa çalışıb. Və başqa ölkənin rəhbərindən “dobro” alaraq, özünü knyazcıq, ya da mövcud quberniyanın kəndxudası kimi hiss edib. Əyalətin əhalisinin qiyam qaldırmaması üçün o külli miqdarda vəsaitlər xərcləyərək, polis diktaturası yaradıb. Cavab vermək zamanı gələndə isə, Koçaryan “mərkəzdən” imdad diləyir və əlbəttə ki, nə isə əldə edir - məsələn, Rusiyanın prezidenti Vladimir Putindən ad günü ilə bağlı “səmimi təbriklər”. Lakin bu kimi məlumatlar Koçaryan üçün nə qədər xoş olsa da, Ermənistanın suverenitetliyi məsələsində bir sıra problemlər yaradır, bəzi hallarda anti-Rusiya meyllərini artırır, təbii ki, ictimai rəy arasında lüzumsuz qeyri-sabitlik yaradır. Koçaryanı isə belə şeylər maraqlandırmır”
“Aaravot”: “Koçaryan seçkilərdə qazandığı səslərini layiqi olduğu qədər “alın təri” ilə qazanmış olacaq”
“Aravot” qəzetinin baş redaktoru da sözügedən məsələyə öz mövqeyindən yanaşaraq yazır ki, Robert Koçaryan nəinki siyasətə geri dönür, hətta qarşıdan gələn parlament seçkilərində iştirak etməyə belə, hazırlaşır: “Bu addımı mənim baxışımca, kimin bu xadimə qarşı münasibətinin necə olmasından asılı olmayaraq, alqışlamaq olar. Bu, ikinci prezident üçün reytinqinin nə qədər olması baxımından yaxşı “testdir”.Qarşıdan gələn seçkilərdə onun administrativ rıçaqları olmayacaq, o heç kimi nə təhdid edəcək, nə də təzyiq göstərəcək, KİV-ləri bağlaya bilməyəcək və seçki rüşvətləri paylamayacaq. Beləliklə, Koçaryan seçkilərdə qazandığı səslərini layiqi olduğu qədər “alın təri” ilə qazanmış olacaq”.
“Joxovurd”: “Rusiya tərəfinin Ermənistanda baş verənlərdən razı olmadığı görünməkdədir”
Erməni KİV-ləri yuxarıda da qeyd edildiyi kimi, yalnız Robert Koçaryanla bağlı deyil, baş nazir Nikol Paşinyan ətrafında da var-gəl edir ki, burada daha çox onun tənqid olunması nəzərə çarpır. Daha dəqiq desək, xarici siyasətində ard-arda buraxdığı səhvlərin baş nazirə baha başa gələcəyi ilə bağlı xəbərlər də erməni mətbuatında yer almaqdadır. “Paşinyanı Putinlə çətin görüş gözləyir” başlıqlı yazıda “Joxovurd” qəzeti yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan işgüzar səfər çərçivəsində Rusiyaya yollanacaq. “Moskvada onun Rusiyanın prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır”, deyə yazılan məqalədə belə bir eyham vurulur ki, erməni baş nazirin Rusiyaya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin Vladimir Putinlə görüşündən sonraya təsadüf edir: “Məlum olduğu kimi, sentyabır 1-də Putin və Əliyev Dağllıq Qarabağ məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Təxmin eidlir ki, bu mövzu Putin-Paşinyan görüşündə də müzakirə predmeti olacaq, belə ki, Dağlıq Qarabağ münaqişəsi yavaş-yavaş gündəmə geri dönməkdədir. Və baxmayaraq ki, Paşinyan –Əliyev görüşü hələ ki, gözlənilmir, ancaq görünən budur ki, Rusiya bu məsələdə əllərini yana salaraq, boş oturmayacaq. Bütün hallarda bu ölkə sözügedən prosesin irəliləməsi üçün müəyyən cəhdlər göstərəcək”.Adıçəkilən erməni mətbuatı eyni zamanda yazdığına görə, ehtimal olunur ki, Putin-Paşinyan görüşünün əsas mövzularından biri də Ermənistanda baş verən daxili siyasi vəziyyətin müzakirəsi olacaq: “Xüsusilə, 1 mart hadisələri ilə bağlı açılmış cinayət işi və bu istiqamətdə keçmiş yüksək rütbəli məmurların, o cümlədən Ermənistanın ikinci prezidenti Robert Koçaryanın istintaqa cəlb edilməsi məsələsi ətrafında söhbətlər aparılacaq”.“Baxmayaraq ki, Rusiya XİN-nin rəhbəri Sergey Lavrov bu məsələnin Ermənistanın daxili işi olduğunu bəyan edib, Rusiya tərəfinin Ermənistanda baş verənlərdən razı olmadığı görünməkdədir”, yazan “Joxovurd” iddia edir ki, Paşinyanla Putinin görüşü erməni baş nazir üçün heç də asan olmayacaq.
“168 jam”: “Nikol Paşinyanı kifayət qədər sərt gündəm gözləyir”
Paşinyanın Rusiyaya səfəri ilə bağlı digər erməni nəşri – “168 jam” da eyni mövqedən çıxış edib və iddia olunub ki, bu görüşdə Paşinyanı çətin sınaqlar gözləyir. Hətta qeyd olunur ki, görüş çox sərt ab-havada müşahidə eidlə bilər. Belə ki, erməni ictimai rəyində Rusiya əleyhinə səslənən fikirlər və həmin fikirlərdən doğan tələblər heç də Kremlin Ermənistanla bağlı maraqlarına cavab verməməkdədir. “Bizim əldə e tdiyimiz məlumatlara görə, Nikol Paşinyanı kifayət qədər sərt gündəm gözləyir – Robert Koçaryana qarşı açılmış cinayət işi, KTMT prosesində baş verənlər və s.”, yazan erməni nəşrinə görə, həmin görüşdə Azərbaycanla da bağlı fikirlər səslənəcək: “Azərbaycanın KTMT-yə hələlik müşahidəçi qismində üzv olmasına istiqamətlənmiş danışıqlar olacaq”.Qeyd edək ki, Nikol Paşinyanın zəif bəndi kimi göstərilən daha bir amil məhz Azərbaycanın KTMT-yə üzvlük ehtimalının gündəmə gəlməsi oldu və erməni siyasi adamları bu məsələ ətrafında təlaşlarını gizlətmədilər. Hər halda erməni KİV-lərinin sözügedən məsələyə də diqqət çəkməsi artıq növbəti siyasi məğlubiyyətin etirafı olaraq da qiymətləndirilə bilər.Beləliklə, hazırda Ermənistanda baş verənlər bu ölkənin idarəçilik sistemindən tutmuş digər sahələrinə qədər mənfi tendesnsiyalarla müşahidə olunmaqdadır. Bu tendesnsiyaların artacağı, hətta çərçivədən çıxaraq daha ağır nəticələrə doğru istiqamət alacağı isə daha çox gözlənilir. Xüsusilə, Robert Koçaryanın siyasətə geri dönməsi fonunda Paşinyanın Rusiya səfəri və onun həmin səfərdən əliboş dönməsi ehtimalı elə erməni mediasında işıqlandırılan eyhamlı yazılardan da görünməkdədir.

sia.az

Digər xəbərlər