Analitika

  • 19 944

Ermənistanın anti-Paşinyan koalisiyası niyə uduzur? ANALİTİKA

image

Qafqaz İnstitutunun eksperti: “2018-ci ilin etirazlarında hər şey ən kiçik dəqiqliyinə qədər düşünülmüşdü, spontan olsa da, yaxşı koordinasiya olunmuş fəaliyyətlər var idi”

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbinə söykənən kütləvi etirazlar və tətillər dalğası nəticə vermir. Maraqlıdır ki, 16 siyasi partiyanın bir araya gələrək, hətta keçid hökuməti qurmaq üçün özlərinə vaxtilə sabiq müdafiə naziri və baş nazir vəzifələrini icra etmiş Vazgen Manukyanı vahid namizəd seçmələrinə rəğmən, mövcud hakimiyyət gündəlik iş rejimini davam etdirir, irəli sürülən tələblərə reaksiya vermir.Artıq Ermənistanın bir sıra politoloq və siyasi şərhçiləri də etirazların uğursuzluğu ətrafında fikirlər yürüdür, bunun bir sıra əsaslarını gətirir, habelə o da iddia olunur ki, bu gün müxalifət cinahından çıxış edənlərin əksəriyyətinin qisasçılıq hissləri onların vəziyyətini daha da ağırşaşdırır. Daha dəqiq desək, bugünün iğtişaşçıları sırasında sabiq hakimiyyətlərin nümayəndələri çoxluq təşkil edirlər ki, xalqın böyük kütləsi zamanında onlardan narazı olublar. Habelə, baş nazir Nikol Paşinyanın da hakimiyyətə gəlməsi üçün məhz həmin xalq küçələrə axışmışdı.
Erməni politoloqu: “İzafi siyasi mübarizə 16 gücün birləşdiyi hərəkatı bağlı plarformaya çevirir ki, bu da onun effektliyini azaldır”
Məsələn, müxalifətin bir araya gəlməsinə baxmayaraq, uğur əldə edə bilməməsini Qafqaz İnstitutunun eksperti, politoloq Hrant Mikaelyan hesab edir ki, müxalifət hərəkatının aşırı siyasi xarakteri onun imkanlarını məhdudlaşdırır. SİA xəbər verir ki, o öz fikirlərini Sputnik Armeniyaya açıqlayarkən deyib. SİTAT: “Ermənistan müxalifəti Nikol Paşinyanın istefası tələbi əsasında yeni qüvvə ilə etiraz aksiyalarını bərpa edib. Həftənin çərşənbə axşamı günü 16 siyasi gücün cəmləşdiyi hərəkat Respublika meydanında mitinq keçirməklə yanaşı, ümummilli tətil elan etdi. Müxalifət gün boyu hökumət binasının meydanında qaldı. Hətta burada çadırlar da quruldu və bəyan edildi ki, sona qədər gediləcək. Müxalifətin qətiyyətə köklənməsinə rəğmən, ildırım sürətli uğurun qazanılmasına hesablanmaq olmaz”.Ekspert düşünür ki, müxalifətin əsas problemi onun özünəməxsus eqoizmidir. Belə ki, müxalifət mübarizəni siyasi qarşıdurma çərçivəsində saxlamaqla, birmənalı olaraq öz gücü ilə aparmaq istəyir: “İzafi siyasi mübarizə 16 gücün birləşdiyi hərəkatı bağlı plarformaya çevirir ki, bu da onun effektliyini azaldır”.
Hrant Mikaelyan: “Müxalifətin sıralarında cəmiyyətin birmənalı şəkildə qəbul etmədiyi şəxslər də var”
Erməni politoloquna görə, əhalinin geniş narazılığı Qarabağ ətrafında baş verənlərlə bağlıdır. “Təbii ki, bu yüz fazilik deyil, ancaq genişdir. Lakin müxalifət Paşinyanın Qarabağ siyasəti ilə bağlı narazılıq edənləri mobil qaydada bir araya gətirməyi bacarmır. Bundan əlavə, müxalifətin sıralarında cəmiyyətin birmənalı şəkildə qəbul etmədiyi şəxslər də var.”“İctimai rəyin bir çox qatları etirazlara qatılmağa hazırdırlar, ancaq özlərini siyasi mübarizənin hissəsi olaraq görmürlər”, deyən Mikaelyana görə, müxalifət hərəkatının aşırı siyasi xarakteri onun imkanlarını məhdudlaşdırır. O, mövcud hərəkatla “məxməri inqilab” arasındakı fərqləri də nümunə olaraq gətirib və maraqlı paralelləri şərh edib. SİTAT: “İki il əvvəl, 2018-ci ildə daha yaxşı, keyfiyyətli, savadlı və effektli təşklilatlanmalar aparılmışdı. 2018-ci ilin etirazlarında hər şey ən kiçik dəqiqliyinə qədər düşünülmüşdü, spontan olsa da, yaxşı koordinasiya olunmuş fəaliyyətlər var idi.Burada isə əksinədir, koordinasiya səviyyəsi və planlaşdırma aşağıdır. Qərargahın fəaliyyət keyfiyyəti elə də yüksək deyil. Ən azı, kənardan bu belə görünür”.
Milkaelyan iddia edir ki: “Paşinyan Qarabağ mövzusundan nə qədər kənar qalmağa cəhd göstərsə belə, gec-tez həmin problemə yenə də qayıdılacaq”
Hrant Mikaelyan hesab edir ki, baş verənlərə baxmayaraq, Paşinyanın hakimiyyəti saxlamaq şansları qalır. Onun nəzər-nöqtəsinə görə, əgər baş nazir həqiqətən də dalana dirəndiyini düşünsəydi, artıq müxalifətlə danışıqlara gedərdi. Lakin bu şansları artırmağa da dəyməz. SİTAT: “Hesab edirəm ki, həmin şansları 50%-dən artıq qiymətləndirmək olmaz. İş ondadır ki, etirazçıların ətrafında toplaşdığı problem sonradan öz aktuallığını itirəcək problem deyil və Paşinyan Qarabağ mövzusundan nə qədər kənar qalmağa cəhd göstərsə belə, gec-tez həmin problemə yenə də qayıdılacaq”.

sia.az

Digər xəbərlər