Analitika

  • 9 031

Erməni terrorunun izi və tarixi: Gəncə qətliamı - TƏHLİL

image

Yaşadığımız yüzillik bəşər sivilizasiyasının yüksək nöqtəsi olaraq qəbul edilir və ağılın, idrakın sivil nöqtəyə yüksəldiyi zamanda insana sui-qəsdin edilməsi, düşünülmüş terrorun törədilməsi əlbəttə ki, qəbuledilən deyil. Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir və müasir dünya bunun acı nəticələrini hələ də yaşayır. Terrorizm haqqında birmənalı tərif olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Təbii ki, real həyatda terror aktlarından daha çox günahsız insanlar, dövlət adamları ziyan çəkir və siyasi, etnik, dini və s. zəmində yaranan terrorların şahidi oluruq.

Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı terror aktlarının, vəhşiliklərin, soyqırımların acı nəticələrini yaşamışdır. Ermənistan tərəfindən etnik terrora məruz qalmış Azərbaycan xalqına qarşı törədilən əməllər insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb. 44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük Vətən müharibəsində beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu. Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Neçə-neçə qurbanlarımız oldu. Bu, erməni faşist ideologiyasıdır. Vətən müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində təkcə Tərtərdə, ümumilikdə, 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanmışdır. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılmışdı.

Nəticədə, Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəymişdir. Mülki əhaliyə atəş açmaq isə bütün beynəlxalq konvensiyalarla qadağan olunur və yolverilməzdir. Ona görə də, Ermənistanın beynəlxalq qurumlar qarşısında cavab verməlidir. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın, dünya KİV-lərinin döyüş meydanında iştirak etdiyi bir zamanda baş verir.

"MÜLKİ ŞƏXSLƏRƏ, ƏLİYALIN İNSANLARA QARŞI QƏDDARLIQ GÖSTƏRMƏK ONLAR ÜÇÜN ADİ BİR ŞEYDİR"

Moskvada imzalanan humanitar atəşkəs rejimindən sonra Ermənistan silahlı qüvvələrinin qədim Gəncəni raket atəşinə tutması nəticəsində mülki obyektlərə və yaşayış məhəllələrinə aramsız atəşlər yağdırıldı. Çoxlu dağıntılar oldu, insanlar həlak oldu, yaralandı. Onların arasında uşaqlar və qadınlar da var. Gəncədə mülki insanların məskunlaşdığı əraziyə raket hücumu bir daha Ermənistanın günahsız insanları, uşaqları, qadınları hədəfə alaraq ardıcıl olaraq bu cür çirkin hücumlara əl atması onun faşizm xislətini və cinayətkar mahiyyətini bir daha sərgiləyir. Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu beynəlxalq sənədlərə ziddir və Ermənistan bu hərəkətə görə cavab verməlidir. Gəncədə yaşanılan matəm erməni təcavüzkarlığının əsl siması idi. Bu tarixdir: erməninin terrorçuluq əməllərinin izi və tarixi. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibə verərkən bildirmişdir ki, Ermənistanın bu çirkin siyasəti anlaşılandır: "Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür".

Gəncədə törədilən terror aktı daş yaddaşımıza həkk olunub. Gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış massivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışır. Yatmış insanlara qarşı törədilən terror insanlıq əleyhinə olan cinayətdir.

Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, bu, Ermənistanın növbəti terror aktıdır: "Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacağıq, daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracağıq". Erməni silahlı bölmələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə yaddan çıxarmı? Dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu. Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsinin qatili ermənidir. O erməni ki, həmin hadisədən düz dörd il əvvəl 2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu. Nəticədə, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular, digər mülki şəxs - 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralandı və mülki obyektlər dağıdıldı. Təbii ki, mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir.

ERMƏNİSTAN 1949-CU İL 12 AVQUST TARİXLİ CENEVRƏ KONVENSİYASININ MÜDDƏALARINI KOBUD ŞƏKİLDƏ POZUB

2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz idi. Bu, bir daha Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarını, onların iyrənc siyasətini ortaya qoymuş oldu. Bu, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti vandalizm aktıdır. Bütün bunlar dünya ictimaiyyətinə çatdırıldı və dünyanın gözü qarşısında ermənilərin təcavüzkar siyasəti bir daha ifşa edildi.Onu da vurğulamaq yerinə düşər ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığmır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub. Beynəlxalq tribunalardan onların əməllərinə qarşı hökm oxunmalıdır.

Humanizm prinsipinə hörmətsizlik edən, beynəlxalq hüququn normalarını, qanunvericiliyi kobud şəkildə pozan Ermənistan rəhbərliyi bütün hərbi cinayətlərə görə cavab verməlidir. Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apardı və tarixi ədalət bərpa olundu. Təcavüzkar ermənilərin çirkin siyasətləri iflasa uğradı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə Azərbaycan QALİB oldu. 30 illik bir həsrətə son qoyuldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bu gün işğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işlərinə start verib və genişmiqyaslı layihələr icra olunur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər