Analitika

  • 5 428

“Şirin quyruğu” dartıldı, hətta qopardıldı ANALİTİK+AKTUAL

image

İranın XİN rəhbərinin Moskva səfərindən çıxarılan nəticələr nəyi söyləyir?

İranın xarici işlər naziri Moskvada - Kremlin divarları arasında soyuq qarşılandı. Hətta belə deyək, Rusiya prezidenti Vadimir Putin görüşə vaxt tapa bilmədiyini bəhanə edərək iranlı həmkarı İbrahim Rəisiyə bu sözlərini çatdırmağı xahiş edib: “Bütün məsələlər 2+2 formatında Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan arasında həll olunub”.

İranın XİN başçısı Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovun vasitəsi ilə Putinə “Cənubi Qafqaz ölkələri üçün yaranan yeni təhlükə” adı altında “Tehran-İrəvan-Moskva” üçlüyü yaratmaq təklifini əks etdirən məktub yolladı. Lakin göründüyü kimi, Tehranın guya Cəbuni Qafqaz regionuna “axın” edən “sionist” və “terrorçu” iddiaları da cavabsız qaldı.

O cümlədən, Kreml Abdullahiyana xatırlatdı ki, Qarabağda Rusiya və Türkiyənin iştirakı ilə Birgə Monitorinq Mərkəzi yerləşdirilib və bu Mərkəz dronlar, peyklər də daxil olmaqla bütün ərazini müşahidə edə bilən vasitələrlə təchiz edilib. Yəni Qarabağda fəaliyyət göstərən rus və türk zabitlərinə nələrin baş verdiyi kifayət qədər aydın görünür. Bu baxımdan, Tehranın şikayətləri sadəcə geriyə qaytarıldı.

İranın son zamanlarda Cənubi Qafqaz regionunda cərəyan edən mümkün dəyişiklər fonundakı cəhdləri puç oldu və bunu məhz Moskva görüşü köklü şəkildə isbatladı

Daha bir maraqlı məqam: İran Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində birgə təlimləri ətrafında da narazılığını ifadə etsə də, Moskva bu narazılığın da əbəs olduğunu bəyan etdi. Təkcə bir faktla – İran Xəzər dənizinin bölünməsi üzrə “Həştərxan bəyannaməsini” ratifikasiya etməyib, yəni təsdiq imzası atmayıb və Azərbaycan öz sularında hansı addımları istəsə ata bilər, ona görə də günahı özünüzdə axtarmalıdır.

Ümumiyyətlə, İranın son zamanlarda Cənubi Qafqaz regionunda cərəyan edən mümkün dəyişiklər fonundakı cəhdləri puç oldu və bunu, məhz Moskva görüşü köklü şəkildə isbatladı. Halbuki, Tehran özünü dünyanın diplomatiya meydanında rüsvat etməyə də bilərdi - əgər əzələ nümayişi göstərməsəydi və baş verən reallıqlara müsbət tondan yanaşaraq doğru seçim qərarları versəydi. Amma belə etmədi və bir daha hadisələri xronoloji sıralama ilə təhlil edək. Məsələ ondadır ki, İran o zaman hərəkətə keçmək qərarını verdi ki, artıq Bakı Gorus-Qqafan yolunun Azərbaycanın suveren ərazisinə daxil olan hissəsində sərhəd-buraxılış məntəqəsini və xüsusi təyinatlı çevik polis qüvvələrini yerləşdirmişdi. Hələ Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı vaxtlarda minlərlə İrana məxsus yüsk maşınları qeyri-qanuni olaraq Qarabağa daxil olurdular, halbuki rəsmi Bakı dəfələrlə bu məsələ ilə bağlı Tehrana öz kəskin narazılıqlarını çatdırırdı. Məhz 44 günlük İkinci Qarabağ müharibəsindən sonra belə, İrana məxsus furalar dövlətlərarası sərhədi pozaraq Laçın dəhlizi vasitəsi ilə Rusiya sülhməramlılarının nəzarət etdikləri ərazilərdən Qarabağa daxil olmaqda davam edirdilər.

Xatırladaq:

2021-ci ilin 11 sentyabr tarixində İranın Azərbaycandakı səfiri XİN-ə çağrıldı və ona nota təqdim edildi, bildirildi ki, bu kimi qeyri-qanuni addımlar Bakı üçün narahatlıq doğurur. Təkcə 10 avqust-11 sentyabr aralığında Laçın dəhlizindən 58 İran furası keçərək sərhədlərimizə və suverenliyimizə qarşı, sözün əsl mənasında, həyasızlıq nümayiş etdirmişdi. Amma Tehran notaya əhəmiyyət vermirdi. Nəticədə, sentyabrın 12-dən başlayaraq Qubadlı rayonunun Eyvazlı buraxılış məntəqəsində bütün İran yük maşınlarının, eləcə də sürücülərinin ciddi şəkildə yoxlanılmalarına başlanıldı, o cümlədən, vergi ödəmələri tələb edildi. Sentyabrın 15-də isə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin sərhədçiləri tərəfindən İranın iki vətəndaşı saxlanıldı. Onlar Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizindən Azərbaycan ərazilərinə qeyri-qanuni keçid etmişdilər. Tehran dərhal bu insidentə reaksiya verdi. Ölkənin XİN rəsmisi Səid Xətibzadə bəyan etdi ki, İran situasiyanın inkişafını izləməyə davam edir və ümid edir ki, iranlı sürücülər dərhal azadlığa buraxılacaqlar. Təbii ki, bu da Tehranın növbəti həyasızlığı kimi necə deyərlər, “dəftərə” yazıldı. Amma buna baxmayaraq, hər iki sürücü hələ də Bakıda həbsdə qalmaqdadırlar. Nəticədə, İran tərəfi, sadəcə, aqressivləşdi və bu aqressivlik açıq-aydın sübuta yetirdi ki, özünü zaman-zaman boğazından yuxarı Azərbaycanın “dostu” elan edən müsəlman İran həqiqətə qalanda Ermənistana qardaşlıq edir, özü də 44 günlük müharibədə Azərbaycanın Cənubi Qafqaz regionundakı reallıqları dəyişməsi Tehranı əməlli-başlı qıcıqlandırır. Həm də ona görə ki, artıq Azərbaycan regiondakı kommunikasiyaların blokadadan çıxarılması prosesində diktə edən tərəfə çevrilib. Daha dəqiq desək, Tehranın gəldiyi nəticəyə görə 44 günlük müharibənin Azərbaycan üçün qələbə ilə nəticələnməsi İranın Ermənistanla nəqliyyat və iqtisadi bağlantılarını təhlükə altına alır. Məhz iranlı yük maşınları sürücüləri ilə bağlı yaşanan insident buna aşkar sübutdur.

Bakının siyasi-diplomatik bəyanatlarını qulaqardı edən İran tərəfi bir az da irəliyə gedərək rəsmi şəxsləri, parlament deputatları vasitəsi ilə Azərbaycanla hədə dili ilə danışmaq planını işə saldılar və burada əsas ittihamlar İsraillə bağlı oldu. Guya bu minvalla Azərbaycanda “sionizm” cücərtilərinin olduğunu iddia edən Tehran mənsubları həmçinin Yaxın Şərqdən olan “terrorçuların” da guya Türkiyə tərəfindən regiona yerləşdirildiyini bəhanə olaraq irəli sürdülər. Həmin bəhanə ilə də Azərbaycanla sərhəd bölgələrə hərbi təlimlər adı altında ordu birliklərini toplamağa başladılar.

Ermənistanın XİN başçısı Ararat Mirzoyan iranlı həmkarını Moskvaya necə yolladı?

Hadisələr fonunda İrana Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi səfər edir və o, 9/10 noyabr 2020-ci il üçtərəfli bəyanatı unudaraq İranı “yuyulmamış qaşıq” kimi ortaya atıb, proseslərə cəlb etməyə səy göstərir. Daha dəqiq desək, regionda kommunikasiya marşrutlarının yenidən işə düşməsi üçün öz ölkəsi daxil, Azərbaycan, İran və Rusiyanın da danışıqlara qatılması “vacibliyindən” dəm vurur.

Və maraqlıdır ki, Ararat Mirzoyanla görüşündən sonra İranın XİN rəhbəri dərhal Moskvaya, Sergey Lavrovla görüşməyə yollanır. Danışıqların sonrakı prosesləri barədə isə artıq məqalənin başlanğıcında qeydlər edilib.

İranın bu qədər təlaşlar keçirməsinin əsas səbəblərindən biri də ölkənin Azərbaycanla sərhədlərinin bərpa olunmasından sonra Azərbaycanın İranın şimal rayonları ilə aktiv ticarət perspektivlərinin artması faktorudur

Təbii ki, Tehranın cəhdlərinin heç birinin baş tutmayacağı əvvəldən bəlli idi və İran rəhbərliyinin nə qədər pafoslu, bəlağətli bəyanatlar səsləndirmələrinə baxmayaraq, onlar yerlərindəcə addımladılar, hətta geriyə doğru da getdilər.

Ancaq daha bir nüansı da son olaraq qeyd etmək yerinə düşərdi. İranın bu qədər təlaşlar keçirməsinin əsas səbəblərindən biri də ölkənin Azərbaycanla sərhədlərinin bərpa olunmasından sonra Azərbaycanın İranın şimal rayonları ilə aktiv ticarət perspektivlərinin artması faktorudur. Söhbət azad edilmiş rayonlarımızın İranın 30 milyon azərbaycanlı soydaşlarımızın yaşadıqları şimal bölgələri ilə ticari-iqtisadi münasibətlərinin qurulması mümkünlüyündən gedir.

İranda yaşayan azərbaycanlıların milli özünüdərki, onların Qarabağ münaqişəsində, istər 2016-cı ilin Aprel müharibəsində, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdikləri dəstəyi bu gün də xatırlamaqdayıq. Məsələn, 44 günlük müharibə zamanı İran-Azərbaycan sərhədlərinə axışan soydaşlarımız əllərində Azərbaycan bayraqları tutaraq Bakının Ermənistan işğalçılarına qarşı əks-hücum əməliyyatlarını alqışlayaraq izləyirdilər. Bu baxımdan, İrannın siyai isteblişmenti olduqca ehtiyat edirlər ki, azərbaycanlı soydaşlarımız bu dəfə daha qəti tələblər irəli sürməklə hətta referendum çağırışları ilə küçələrə axışa bilərlər. Və çox yəqin ki, Qərbin timsalındakı nəhəng siyasi oyunçular bu məsələyə çox ciddi yanaşma tərzi nümayiş etdirmək şanslarını əllərindən buraxmazlar.

Sonda isə, hadisələr yeni-yeni başladığı zamanlarda İranın əyalət mollalarından birinin “şirin quyruğu” misalının, sadəcə, havaya atılmış söz olduğunu istehza ilə vurğulaya bilərik. Yəni iddia edilirdi ki, “şirin quyruğunu dartıb onu qəzəbləndirmək” olmazmış, fəqət nəinki “şirin quyruğu” dartıldı, üstəlik, qopardıldı...

İndi İranın XİN rəhbəri – ağaye Əmir Abdullahiyanın Moskvadan üzüqara dönməsi və təyyarəsinin trapından Tehranın Xomeyni adına hava limanının həndəvərinə necə daxil olması başqa mövzudur. Amma buna baxmayaraq, fikirlərimizi İranın XİN rəhbərinin Tehran aeroportundakı açıqlaması ilə başa çatdırırıq: “Tezliklə Bakını ziyarət etmək arzusunda olduğumu bildirirəm. Müdriklik və ağılla bizim yaxın qonşularımız – Azərbaycan və Ermənistanla bütün problemlərin yaxşı həllini tapmaq üçün”.

Rövşən RƏSULOV

Digər xəbərlər