Analitika

  • 5 978

İranın absurd iddiaları şkalanı keçir: fakt yox, sübut yox! ANALİTİKA+AKTUAL

image

Bakıya qarşı ittihamlar sürərkən, Tehran özü-öz əməlləri barədə düşünməli və nəticələr hasil etməlidir

Son vaxtlar İran tərəfindən Azərbaycanın ünvanına qarşı kifayət qədər əsassız ittihamlar irəli sürüb və istər-istəməz belə bir sual yaranır ki, İran bu ittihamlarını necə, hansı üsulla əsaslandırmağa çalşacaq, ya da sübuta yetirəcək? Onu da qeyd edək ki, Tehran həmin ittihamlarını əsaslandırmağa məcburdur, çünki Bakı onun ünvanına yönələn həmin ittihamları rədd edir, üstəlik, sübuta yetirilməsini istəyir. Təbii ki, ortada heç bir sübut-filan yoxdur və ola da bilməz!

İranın baş prokurorunun Ermənistandan Azərbaycanın ərazisində “terrorçu” axtarışına çıxması qaranlıq otaqda qara pişik axtarışına bənzəyir

Diqqət çəkən məqamlardan biri də budur ki, bir müddət işğaldan azad olunmuş ərazilərimizdə guya İsrail bazalarının olduğunu iddia edən iranlı hərbi-siyasi dairələri indi də vallarının üzünü çevirməklə, daha dəqiqi, taktikalarını dəyişməklə “beynəlxalq terrorçular” adı altında mənasız hay-küylər qaldırırlar. Bir sözlə, absurd iddialar şkalanı keçir.

Elə oktyabrın 13-də, İrəvandakı həmkarı ilə görüş keçirən İran İslam Respublikasının baş prokuroru Məhəmməd Cəfər Montəzir Bakının ünvanına məntiqsiz fikirlər səsləndirib. “Ermənistan və İran təsdiq ediblər ki, bizim sərhədlərimizdə qeydə alınan terrorçular heç bir halda qəbulolunmazdırlar. Biz qonşu ölkələrlə mehriban qonşuluq münasibətləri dəstəkləyir və ümid edirik ki, onlar İranın bu mövqeyini məsələ gərginləşmədən qəbul edəcəklər. Terrorçular dərhal yox olmalıdırlar. Biz çevik addımlar tətbiq edə bilərik, lakin ümid edirəm ki, qonşu ölkələrin özləri bu məsələnin həlli ilə məşğul olacaqlar”, Tehrandan olan rəsmi bildirib.

Gördüyümüz kimi, get-gedə həddini aşmağa başlayan İranın baş prokurorunun bu dəfə düşmən ölkəyə gedərək oradan Azərbaycanın ərazisində “terrorçu” axtarışına çıxması, əslində, qaranlıq otaqda qara pişik axtarışına daha çox bənzəyir. Ancaq bu mənasız cəhdlər heç də Azərbaycanın nüfuzuna, regional təsirinə zərər vermir, zərəri məhz Tehranın bəlli hərbi-siyasi dairələri, bir də ki, teokratik dairələri çəkəcəklər və buna, sadəcə, qısa zaman lazımdır...

Biz hələ 44 günlük müharibə dövründə Tehranın gizli yollarla Suriyadan, İraqdan PKK terrorçularını öz ərazilərindən keçmələrinə şərait yaratması, silah-sursat göndərilməsi faktlarını demirik!

Terrorçularla bağlı ittihamlara gəlincə, əslində bu, İran rəhbərliyinin köhnə mifoloji təsəvvürləridir. Artıq çoxdan məlumdur ki, İİR rəsmiləri regional prosesləri yalnız özlərinə sərf edən “baxışları”, “düşüncələri” prizmasından qiymətləndirməyə alışıblar. Belə ki, Azərbaycanda birmənalı olaraq terrorçular yoxdur, olmayıb və olmayacaq.

Çünki Azərbaycanın özü uzun illər təcavüzkar Ermənistanın terrorçuluq siyasətinə məruz qalaraq torpaqları 30 il işğal altında olub. Məhz İranın dəstəyi ilə bu torpaqlardan narkotranzit kimi istifadə edilib, habelə Qarabağda PKK və s. terror təşkilatlarının düşərgələri fəaliyyət göstərib.

Biz hələ 44 günlük müharibə dövründə Tehranın gizli yollarla Suriyadan, İraqdan PKK terrorçularını öz ərazilərindən keçmələrinə şərait yaratmasını, silah-sursat göndərilməsi faktlarını demirik!

Ağaye Montəzir sərsəm ittihamını səsləndirərkən unutmamalıdır ki, Azərbaycan Ermənistan deyil!

Başqa tərəfdən, Azərbaycan beynəlxalq terrorla mübarizədə daim ön sıralarda dayanıb, vaxtilə Suriyada, İraqda İŞİD və s. terror təşkilatları tərkibində döyüşmüş vətəndaşlarının aşkar edilərək saxlanılmaları və qanun qarşısında cavab vermələri istiqamətində davamlı, uğurlu fəaliyyətini ortaya qoyub. Bu baxımdan, Tehranın rəsmi mənsubları orda-burda ağlasığmaz ittihamlarla çıxış etmələri yerinə, bu faktları dilə gətirsinlər və əslində, özlərini rüsvay etməsinlər.

Yeri gəlmişkən, ağaye Montəzir sərsəm ittihamını səsləndirərkən unutmamalıdır ki, Azərbaycan Ermənistan deyil və sərhədlərinin hər hansı xarici qüvvələr tərəfindən qorunmasına, ümumiyyətlə, ehtiyac duymur. O cümlədən, bu gün Tehran unutmamalıdır ki, hələ 1984-cü ilin 19 yanvar tarixindən ABŞ-ın dövlət departamenti tərəfindən terrorçulara sponsorluq edən dövlətlər sırasında yer tutur.

Bu həmin İrandır ki, BMT-nin Təhlükəsizlik Şurasının 1701 № -li qətnaməsində vurğulanmış qadağasına baxmayaraq, Hizbullahın silahlanmasında canfəşanlıq göstərir

Bir çox hesabatlara görə, İran bu gün də terrorçulara dəstək fəaliyyətini aktivliklə icra edir. Tehran Yaxın Şərqdə, Mərkəzi Asiyada mövcud olan terror qruplaşmalarına maliyyə, texniki təchizat cəhətindən dəstək göstərir. Əbəs deyil ki, İslam inqilabı keçikçiləri (SEPAH) korpusu terrorçulara dəstək mexanizmində əsas orqanlardan biri kimi göstərilir. Eləcə də ABŞ kəşfiyyatının gəldiyi qənaətinə görə İran hələ 2012-ci ildə Hindistanda, Tailandda, Gürcüstanda və Keniyada terror aksiyalarının keçirilməsində şübhəli tərəf kimi bilinir.

Və bu həmin İrandır ki, BMT-nin Təhlükəsizlik Şurasının 1701 № -li qətnaməsində vurğulanmış qadağasına baxmayaraq, Hizbullahın silahlanmasında canfəşanlıq göstərir. Həmçinin, ABŞ-ın Dövlət Departamenti İranın Yəməndə terrorçulara dəstək göstərməsi ilə yanaşı, həm də Əl-Qaidə ilə gizli razılaşmalar əldə etdiyini müəyyənləşdirib. Bütün bunlar isə açıq mənbələrdə mövcud olan danılmaz faktlardır. Beləliklə, Bakıya qarşı ittihamlar sürərkən, Tehran özü-öz əməlləri barədə düşünməli və nəticələr hasil etməlidir.

Rövşən RƏSULOV

Digər xəbərlər