Analitika

  • 2 736

Separatçı rejim Qarabağ ermənilərinin qarşısını necə almağa çalışır? AKTUAL+ANALİTİK

image

Artıq nə Ermənistanda, nə də separatçı rejimin nəzarəti altında yaşaya bilməyəcəklərini anlayan bu kimi ermənilər xarici ölkələrə köçəcəkləri halda da müqəddəratlarının necə olacağı barədə pessimist düşüncələrə qapılırlar, ona görə də Bakının təklifləri ətrafında düşünürlər

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, deputat Tural Gəncəliyev hazırda Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətləri altında olan bölgələrində yaşayan yerli ermənilərlə ünsiyyət qurmaq və onların fikir və təkliflərini öyrənmək, həmçinin, gələcəkdə onların Azərbaycanın tamhüquqlu vətəndaşları olacaqları halda hüquq və vəzifələrini izah etmək üçün özəl watsapp nömrəsini ictimailəşdirib.Əbəs deyil ki, həmin ünsiyyət vasitəsi ilə bir sıra qarabağlı ermənilər Azərbaycanın vətəndaşlığını qəbul etməklə ölkəmizin qanunları altında yaşamağa hazır olduqlarını bildirirlər. Xatırladaq ki, ünsiyyət quran ermənilərin ad və soyadları məhz onların təhlükəsizliklərinin qorunması üçün anonim saxlanılır. Belə ki, separatçı-quldur rejimin məlum rəhbərləri belə ermənilərə qarşı terror siyasəti həyata keçirə bilərlər.
Tural Gəncəliyev: “Qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildirmişlər”
Onu da qeyd edək ki, bu vasitədən yararlanan kifayət qədər ermənilər var ki, onlar artıq çıxış yollarını, xilaslarını bilavasitə Azərbaycanda görürlər. Belə ki, hazırkı dövrə qədər elə ermənilər olublar ki, onlar iş axtarmaq üçün Azərbaycanın nəzarət etdikləri ərazilərə daxil olmağa çalşıblar.Lakin son anda Rusiya sülhməramlıları onların qərarlarının həyata keçməsinə maneələr törədiblər və təəssüf ki, həmin ermənilər separatçı-quldur rejimin saxta “təhlükəsizlik xidmətinə” təhvil veriliblər. Rusiya sülhməramlılarının, əslində, sülhməramsızlıqarı barədə danışmaq və qeydlər etmək sonrakı mövzunun işidir və bu baxımdan, sadəcə, xatırlatma edərək keçirik məsələnin digər tərəfinə... Gəncəliyev bildirib ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər arasında Dağlıq Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda vətəndaşlarımız var. “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildirmişlər”, deyə o qeyd edib.Beləliklə, Qarabağ ermənilərinin hamısı olmasa da, əksər hissəsi öz aralarında məhz Azərbaycanın yuruduksiyası altında yaşamaları barədə müzakirələr aparırlar və hətta həmin müzakirələr sosial şəbəkələrdə açıq şəkildə də aparılır. Bu isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, artıq nə Ermənistanda, nə də separatçı rejimin nəzarəti altında yaşaya bilməyəcəklərini anlayan bu kimi ermənilər xarici ölkələrə köçəcəkləri halda da müqəddəratlarının necə olacağı barədə pessimist düşüncələrə qapılırlar, ona görə də Bakının təklifləri ətrafında düşünürlər.
Separatçı-quldur rejim son çırpıntıları altında Qarabağ ermənilər arasında süni xaos, qorxu hissləri yaratmağa cəhdlər göstərir
Hələlik isə günü-gündən vaxtı daralan və belə davam edərsə, Azərbaycanın sərt zərbəsi altında məhv olacaq separatçı-quldur rejim son çırpıntıları altında Qarabağ ermənilər arasında süni xaos, qorxu hissləri yaratmağa cəhdlər göstərir. Məsələn, bugünlərdə rejimin “xüsusi xidməti” iddia edib ki, guya Azərbaycanın xüsusi xidmət orqanları ermənilər arasında təlaş yaratmağa çalışır və sən demə, “feyk erməni akkauntları vasitəsi ilə” Qarabağ ermənilərin seqmentində “çaşqınlıq” yaradırlar və s.Sözügedən cinayətkar rejimin “xüsusi xidməti” özünün feysbuk səhifəsində Qarabağ ermənilərinə çağırış etməklə bildirib ki, həmin məlumatlara inanmasınlar və yalnız “rəsmi məlumatlara” istinad etsinlər.Əslində isə, gerçək təlaşın qarabağlı ermənilərdə deyil, məhz quldur və cinayətkar separatçı rejim rəhbərliyində mövcud olmasını dərk etmək elə də çətinlik yaratmır. Əgər onlar təlaşlanmasaydılar, onları qorxu hissləri qapamasaydı, bu zaman özlərindən hoqqalar çıxarmaqla ajiotaj xarakterli bəyanat da yaymazdılar.Başqa tərəfdən, o da məlumdur ki, Azərbaycan tərəfi öz təklif və tövsiyələrini kimsədən gizlin, yaxud saxta akkauntlar vasitəsi ilə deyil, açıq və şəffaf şəkildə Qarabağ ermənilərinə çatdırır. Yəni yuxarıda da vurğulandığı kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ünsiyyət qurmaq üçün açıq nömrə təqdim edib və həmin nömrə gecə və gündüz işləyir.Əlbəttə ki, cinayətkar quldur rejiminin rəhbərləri də bu reallıqdan ciddi şəkildə qorxmağa başlayıblar və öz qorxularını gizlətmək üçün məlum “bəyanatla” çıxış ediblər. Amma sən saydığını say, gör, fələk nə sayır.Qaldı ki Bakı tərəfindən rəsmi mandat verilməyən Rusiya sülhməramlılarının son zamanlardakı və ümumiyyətlə Azərbaycana dəvət olunduqları vaxtlardan özbaşınalıqlarına, hətta açıq-aşkar separatçı rejimə “respublika” kimi müraciət etmələrinə - ümudvarıq ki, bu məsələlər də aradan qalxacaq və qalxmazsa, Bakının üzü bu dəfə çox möhkəm dönəcək, özü də birdəfəlik!

Rövşən RƏSULOV

Digər xəbərlər