Analitika

  • 899

Sarıqamış hərəkatından 107 il ötür TƏHLİL

image

90 mindən çox mehmetcik şaxtalı çöllərdə donub buz adama çevrildi

Sarıqamış hərəkatı. Həmin hadisədən bizi 107 illik zaman ayırır. Bir əsr, yeddi il. Qısa bir tarix deyil. Yaddaşlarda, salnamələrdə iz salan və zaman-zaman xatırlanan tarixdir. İnsanın düşüncəsinə, silinməz daş yaddaşlara sarsıdıcı olay kimi həkk olunan bu hərəkat minlərlə insanın həyatına son qoydu. 90 mindən çox əsgərin donub şaxtalı çöllərdə buz adama çevrilməsi bir dastandır. Bəzən insan əqli, belə bir hadisənin tarixdə yaşamasına inana bilmir, tarix isə həqiqəti yazır. Tarixin yazıya aldığı acı və tükürpədisi səhifələri vərəqlənir. Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş verən hərbi münaqişə tarixin yeni səhifəsinə yazıldı. Tarixi mənbələrdən məlumdur ki, Birinci Dünya Müharibəsində Türkiyənin düşdüyü vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan edir. Cənub-Şərqi Anadolunun azad olunması üçün Osmanlı dövləti yeni - 9-cu Qafqaz cəhbəsini yaratmalı oldu. Hərbi nazir Ənvər Paşanın hazırladığı plana əsasən, Sarıqamışa iki istiqamətdən - Sarıqamış və Allahuəkbər dağlarından hücum edərək Qafqazda rus qoşunlarına zərbə endirməli idi. 1915-ci ilin əvvəllərində "Turan fatehi", "Sarıqamış fatehi" olmaq arzusu ilə alışıb-yanan Ənvər paşa qışın həddən artıq soyuq olmasını, əsgərlərin isti paltar və ərzaqla yaxşı təmin olunmamasını nəzərə almadan Qafqazda hərbi əməliyyatların başlamasına əmr verir. Vəziyyət elə bir vaxta təsadüf edir ki, Osmanlı ordusuna ərzaq, döyüş sursatı və pal-paltar gətirən gəmiləri çar ordusu Qara dənizin sularında batırır. Əlbəttə ki, vəziyyətin son dərəcə ağır olduğunu görən tədbirli və güclü sərkərdə istefada olan Hasan İzzət paşa tələbəsi - 34 yaşlı Ənvər paşaya əl saxlamağı, bir az gözləməyi məsləhət görür: "Qara qışın ən sərt çağıdır. İndi hərəkət etmək göz görəsi faciəyə getməkdir. Qış şiddətini azaltsın, yollar açılsın, biz də hazırlıqlarımızı bir az artıraq, ondan sonra düşmənə həddini bildirərik". Lakin Ənvər paşa razılaşmır. Tamamən qarla qapalı, çox yüksək dağlıq və yolsuz bir ərazidə, o günün şərtləri ilə qış təchizatından məhrum piyada üçün bu yürüş çox riskli idi. Amma Ənvər Paşanın ruslara olan sonsuz nifrəti onun bu böyük riski nəzərə almasına mane oldu. Beləcə, həm silah-sursat, həm də təchizat və qida baxımından mövcud problemlərə baxmayaraq, Ənvər paşa 125 min əsgərə "irəli" əmri verir.
"ALTI ƏSRLİK QOCA OSMANLI ÖLÜM NÖVBƏSİNDƏ İDİ"
Mənfi 40 dərəcə şaxta türklərə düşməndən daha betər qənim kəsilir. Gündüz başlayan yürüşdə əsgərlərin yumşalan çarıqları gecə donmağa, bir qəlib kimi ayaqlarını sıxmağa başlayır. Addım atmaq imkansız olurlar. Əsgərlər donmamaq üçün olduqları yerdə hoppanıb-düşməyə başlayırlar, ancaq şaxta bütün vücudlarını sarır. Ənvər paşanın növbəti əmri gəlir: "Yıxılıb qalan əsgər qaldırılmayacaq".125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış ordunun arasında yüzlərlə azərbaycanlı könüllü də var idi. Canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər. Tarixçilər bu mənzərəni belə ifadə edirdilər: "Altı əsrlik qoca Osmanlı ölüm növbəsində idi". Ruslar vaxt itirmədən Qafqaz cəbhəsini açır və Qərbi Anadolu torpaqlarına girirlər. Avropa və Asiyanın bir çox ölkələrinə səpələnmiş Osmanlı ordusu ingilis, fransız, yunan və rus hücumları qarşısında duruş gətirə bilmirdi. Hər gün sayı azalırdı. Hərəkət planına görə, 9-cu ordu Sarıqamış dağlarını, 10-cu ordu isə Allahuəkbər dağlarını aşaraq, rusları Sarıqamışda mühasirəyə almalı idi.
"MƏN QƏLBƏN SAVAŞDIM VƏ PEŞMAN OLMADAN ÖLÜRƏM"
Tarixin səhifələrində göstərilir ki, ruslar yanvarın 4-də qəti hücuma keçdilər. Türk ordusu özündən 8 qat güclü düşmənlə qarın-çovğunun altında üz-üzə idi. Gözlənən yardım da gəlməmişdi. Ənvər paşa vəziyyətin nə qədər ağır olduğunu gördükdən sonra vəsiyyət yazır: "İndiyə qədər əsgər və zabitlərimiz qüsursuz savaşdılar, bir çox manevr etdilər. İndi isə 11-ci kolordunu və süvari dəstəsini gözləyirəm. Gəlir və yetişərsə düşməni pozacağam. Gəlməsə düşmən zəifləmiş hissəmizə hücum edər, ordumuz məhv olar. Mən vəzifəmi yaptığımı sanıram. Məğlub olmayın, düşmənlə sona qədər savaşın, hər halda sonunda müvəffəq olacağıq. Mən qəlbən savaşdım və peşman olmadan ölürəm. Yaşasın dinim, Vətənim, padişahım!"1915-ci ilin yanvarı idi. Yaşam dövründə zəfərləri qədər faciləri də çox olan Osmanlı dövləti tarixinin bu günündə səhifəsinə tayı-bərabəri olmayan, tükürpədici faciə yazdı. Sarıqamışda 90 mindən çox mehmetcik donub şaxtalı çöllərdə buz adamlara çevrildi. Soyuqdan bir-birinə sarılanlar elə bu vəziyyətdəcə ölmüşdülər. Türk qanına susamış işğalçı yadellilər bu savaşda bir qurşun belə işlətmədən istəklərinə nail olmuşdular. Mənbələrdə göstərilir ki, ingilis generalı Vavel Sarıqamış süqutundan sonra yazırdı: "Türk ordusu, dünyanın heç bir ordusunun yerindən tərpənməyəcəyi şərtlər altında müharibə edən ordudur. Bir nəfər belə ordusuna, vətəninə arxa çevirmədi".Sarıqamışdakı rus ordu generalı Pietroviç isə xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazırdı. Tədqiqatçılar yazır ki, rus generalının son illər üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazır: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular".Sarıqamış hərəkatı bir qəhrəmanlıq dastanına çevrildi. Bu tarixi savaş dünya tarixində baş verənlərin heç biri ilə müqayisə belə olunmur.Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus rus ordusu və erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək, əhalini qılıncdan keçirdilər. Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək, əhalini qılıncdan keçirdilər. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, elimizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, işğal olunmuş türk torpaqlarında, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək, o vaxt "Cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.Sarıqamış hərəkatında 90 min adam şəhid oldu. Təxminən 5000 nəfər ruslara əsir düşür. Məlumat üçün bildirək ki, Sarıqamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərindir. Türkiyə bu əraziləri 1878-79-cu illərdə Balkan müharibəsində itirmişdi. O vaxtdan buralar 1920-ci ilə qədər çar Rusiyasının işğalı altında olub. Şanlı türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıqamış torpaqlarını düşmən işğalından əbədi azad edir. Bu gün Sarıqamış hərəkatından 107 il ötür. Faciədən 107 il keçsə də, Sarıqamış şəhidlərinin xatirəsi Türkiyə xalqı tərəfindən dərin ehtiramla anılır. Belə ki, Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsini yad etmək üçün anım yürüşü keçirilib. Yürüşdə hökumət nümayəndələri, yerli hakimiyyət orqanlarının rəhbərləri, eləcə də ölkənin müxtəlif bölgələrindən gəlmiş ziyarətçilər iştirak ediblər. Təxminən on min nəfərlik izdiham Türkiyənin dövlət bayrağını dalğalandıraraq üç kilometr yürüş edib. Sonra yürüşçülər Yuxarı Sarıqamış Şəhidlər Xiyabanını ziyarət ediblər. Türkiyənin əsrarəngiz təbiətə malik Sarıqamış vilayətində indi geniş qış turizmi fəaliyyət göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər