Analitika

  • 4 309

Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdırmı? ANALİTİK+AKTUAL

image

“Eurasia Review” nəşri: “İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Ermənistan münasibətləri normallaşdırmaq üçün Azərbaycanın beş prinsipini qəbul edir”

“Ermənistanla Azərbaycan arasındakı münaqişə regionun sabitliyinə və iqtisaadi inteqrasiyasına ciddi təhlükələr yaradırdı. Lakin 30 illik erməni işğalına son qoyan 44 günlük müharibənin Azərbaycanın qələbəsi ilə başa çatması sayəsində Cənubi Qafqazdakı geosiyasi landşaft dəyişildi. 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında imzalanmış noyabr bəyanatı nəticəsində Bakı və İrəvan diplomatik danışıqlar və iqtisadi inteqrasiya məsələsində faktiki olaraq yeni səhifə açdılar”. SİA xəbər verir ki, bu haqda “Eurasia Review” nəşri yazıb.Nəşrə görə, hazırda Azərbaycan nəqliyyat rabitələrinin açılması, iqtisadi inteqrasiya və sülh sazişinin imzalanmasına doğru köklənib. Lakin postmünaqişə müddətində iki ölkə arasındakı münasibətlərdə davamlı olaraq sabitlik və təhlükəsizlik çağırışlar yaranır. Xatırladılır ki, münaqişənin tənzimlənməsindən sonra Ermənistanla Azərbaycan arasındakı sülh danışıqları əsasən Rusiyanın vasitəçiliyi ilə aparılıb və 2021-ci ilin 11 yanvar tarixində Moskvada Rusiya dövlət başçısı Vladimir Putin, Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli həlledici görüşlərdən biri keçirilib və dövlət başçıları görüşdə noyabr bəyanatının realizə olunması məsələsini müzakirə edərək regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının əhəmiyyətini vurğulayıblar. Tərəflər həmçinin Azərbaycanın, Ermənistanın və Rusiyanın baş nazir müavinlərinin həmsədrlikləri ilə üçtərəfli işçi qrupunun yaradılması barədə də razılığa gəliblər.

“Ermənistan suverenliyə əsaslanan və ərazi bütövlüyünü tanıyan sənəd əsasında Azərbaycanla sülh sazişi imzalaması barədə birdəfəlik olaraq vaxtın çatdığını anlamalıdır”

“Eurasia Review” nəşrinin yazdığına görə, bütün üçtərəfli görüşlərin analitik təhlilini apararkən belə bir nəticə hasil etmək olar ki, tərəflər arasında sıçrayışlı nəticələr əldə edilməyib, yaxud heç olmasa Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh razılığının imzalanması, tərəflərin bir-birlərinin ərazi bütövlüklərinin qarşılıqlı şəkildə tanınması kimi əsaslı məsələlərdə ortaq məxrəcə gəlinə bilinməyib. Lakin Azərbaycan artıq Qarabağın bərpası prosesinə artıq başlayıb: “Bunun müqabilində Ermənistan suverenliyə əsaslanan və ərazi bütövlüyünü tanıyan sənəd əsasında Azərbaycanla sülh sazişi imzalaması barədə birdəfəlik olaraq vaxtın çatdığını anlamalıdır, belə ki, bu amil dayanıqlı sülhə və regional iqtisadi inteqrasiyaya gətirib-çıxaracaq”.
“Qətər, ABŞ, Nigeriya və Misirlə yanaşı, Azərbaycan Avropa İttifaqı rəsmilərinin qaz böhranının kəskinləşəcəyi təqdirdə təbii qaz tədarükünü artırmaq üçün müraciət etdikləri əsas ölkələr sırasında yer alıb”
Adıçəkilən nəşr Ukraynadakı situasiyaya da toxunaraq yazır ki, məhz həmin situasiya sayəsində yeni geosiyasi reallıqlar yaranır: “Ukrayna böhranı Avropanı enerji təhlükəsizliyi məsələsində qayğılandırmağa məcbur edib. Qətər, ABŞ, Nigeriya və Misirlə yanaşı, Azərbaycan Avropa İttifaqı (Aİ) rəsmilərinin qaz böhranının kəskinləşəcəyi təqdirdə təbii qaz tədarükünü artırmaq üçün müraciət etdikləri əsas ölkələr sırasında yer alıb. Aİ artıq Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması yönündəki təşəbbüslərini gücləndirib. Aprelin 6-da Brüsseldə İlham Əliyev, Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında görüş keçirilib. Bu görüş prezident Makronin videokonfrans şəklində keçirdiyi fevral görüşündən sonra keçirilib. Şarl Mişel qeyd edib ki, Prezident Əliyevlə olduğu kimi, baş nazir Paşinyan da iki ölkə arasında sülhə doğru hərəkətin sürətlənməsində maraqlı olduğunu deyib”.Nəşr yazır ki, burada münasibətlərin normallaşdşrılması üçün Azərbaycan tərəfindən Ermənistana göndərilən beş maddədən ibarət bəndləri ayırmaq mühümdür:
- suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması, beynəlxalq sərhədlərin və siyasi müstəqilliyin toxunulmazlığı;
- dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmaması və gələcəkdə də belə iddiaların olmamasını əks etdirən hüquqi sənədin imzalanması;
- dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiq etməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək;
- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- noyabr sazişində də nəzərdə tutulduğu kimi, nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Əgər Ermənistan Azərbaycanla yuxarıda qeyd olunan prinsiplərə əsaslanan sülh müqaviləsi imzalamağa razı olarsa, bu, iki dövlət arasında diplomatik münasibətlərin və əməkdaşlığın qurulmasına zəmin yaradacaq.
“Onların əsas məqsədi Nikol Paşinyanı devirmək üçün koordinasiyalı küçə etirazları təşkil etmək və bununla da baş nazirin Azərbaycana qarşı planlaşdırdığı “qəbuledilməz” güzəştlərin qarşısını almaq olub”
“Eurasia Review” xatırladır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə imzalanacaq sülh müqaviləsinin üzərində hazırlıq işlərinin aparılması barədə göstərişlərini veriblər. Eləcə də aprelin 11-də (eləcə də 25-də-qeyd bizimdir-R.R.) Azərbaycanın XİN başçısı Ceyhun Bayramov özünün erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb, nazirlər gələcək sülh sazişinin hazırlanması və birgə sərhəd komissiyasının təşkili ilə bağlı fikir mübadiləsi aparıb, həmçinin humanitar məsələləri müzakirə ediblər. “Bu, iki nazir arasında ilk rəsmi birbaşa telefon danışığı olub”, yazan nəşr əlavə edib ki, pozitiv jestlərə baxmayaraq, Ermənistanın müxalifət lideri Artur Vanetsyan başda olmaqla radikal müxalifət partiyaları İrəvanın “Azadlıq” meydanında oturaq aksiya təşkil edərək yenidən sülh prosesinə mane olmaq kampaniyasına başlayıblar: “Onların əsas məqsədi Nikol Paşinyanı devirmək üçün koordinasiyalı küçə etirazları təşkil etmək və bununla da baş nazirin Azərbaycana qarşı planlaşdırdığı “qəbuledilməz” güzəştlərin qarşısını almaq olub.Buna baxmayaraq, 2022-ci il sülh prosesi üçün əlamətdar il ola bilər, çünki Ermənistan və Azərbaycan regionda çoxdan gözlənilən sülhə doğru böyük addım ata bilərlər. İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Ermənistan münasibətləri normallaşdırmaq üçün Azərbaycanın beş prinsipini qəbul edir. İndi biz danışıqlarda müsbət dəyişikliklərin şahidi oluruq. Amma həm Ermənistan, həm də Azərbaycan nəzərə almalıdırlar ki, sülh prosesi hələ də kövrəkdir və indi yekun sülh müqaviləsinin imzalanması üçün sülh naminə daha çox iştirak və güzəştə getmək istəyi lazımdır”, adıçəkilən nəşr sonda qeyd edib.
Rövşən RƏSULOV

Digər xəbərlər