Analitika

  • 4 006

Arzu olunanı “həqiqət” kimi təqdim etmək: erməni siyasətinin trendi... SİYASİ RAKURS+AKTUAL

image

Son bir neçə gündür siyasi gündəmi zəbt edən mövzulardan biri də həftənin sonuna qədər Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılığa əsasən dövlət sərhədlərinin müəyyənləşməsi istiqamətində birgə işçi qrupunun yaradılması və sülh müqaviləsinin işlənməsi ilə bağlıdır.Lakin bu gündəmi də hələlik bir kənara qoymaqla gəlin Ermənistanın hələ də “status” ətrafındakı var-gəllərini müşahidə edək və bəzi nəticələri çıxaraq. Eləcə də, bəri başdan qeyd edək ki, istənilən halda bu mövzu Azərbaycan üçün bağlıdır. Prezident İlham Əliyev hələ 2020-ci ilin 10 noyabr tarixində sözügedən mövzunun həm onun özü üçün, həm də dövlət və xalq üçün bağlandığını vurğulayıb. Və əbəs deyil ki, o həmin vaxt “Nə qədər ki, mən Prezidentəm, bu mövzu olmayacaq!” bəyanatını qətiyyətlə səsləndirib. Məhz bu xüsusda onu da nəzərə alsaq ki, dövlətimizin başçısı öz sözünə necə əməl edir, bu zaman hər şey gün kimi aydın olur – bəli, “status” sözün əsl mənasında cəhənnəmə göndərilib!Artıq nəinki “status” məsələsinə son qoyulub, eyni zamanda, bir sıra xarici siyasətçilər, diplomatlar Qarabağla bağlı səsləndirdikləri fikir və bəyanatlarında terminləri seçərkən bilavasitə İlham Əliyev tərəfindən formalaşdırılmış ifadələr çərçivəsində çıxışlar edirlər. “Dağlıq Qarabağ” mövzusu gündəmdən çıxarılır və Azərbaycanın Qarabağ regionu yeni siyasi reallığa daxil olur.

“Status” – ərazi, yoxsa insanlar üçün?
İndi isə gəlin son vaxtlara qədər nala-mıxa döyəcləyən Ermənistanın nə demək istədiyini anlamağa çalışaq. Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda “Qarabağ üçün “plankanı” (barını) aşağı salmaq” haqqında irəli sürdüyü fikrindən belə bir nəticə çıxara bilərik ki, hərgah Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayacaqsa, keçmiş “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanıyacaqsa belə, davamlı olaraq Qarabağ ermənilərinin təhlükəsizlik məsələlərini gündəmdə saxlayacaq. Daha dəqiq desək, Ermənistan ərazi məsələsindən kənara çıxır və mövzunu humanitar səviyyəsinə gətirir – Qarabağ ermənilərinin Azərbaycan tərkibində hüquqlarının təmin olunması. Yəni Paşinyana görə, sən demə “beynəlxalq ictimaiyyət” mövcud məsələni başqa cür qəbul edə bilməz və s.Habluki, Ermənistan düz 1,5 ildir “status” mövzusunu hazırkı zamana qədər təşkil edilmiş heç bir danışıqlar formatına daxil edə bilməyib. Necə deyərlər, gorbagor olmuş ATƏT-in Minsk qrupu isə ümumiyyətlə, sözügedən mövzunu dilinə gətirməyə cürət edə bilmədi.
Lakin məsələ ondadır ki...
Amma söhbət həm də ondan ibarətdir ki, Rusiya da daxil olmaqla nə Avropa İttifaqı, nə də ABŞ bəhs edilən mövzu ətrafında heç də danışmaq istəmədiklərini demirlər. Yəni imkan olan kimi bu mövzunu gündəmə gətirmək üçün yollar axtarırlar. Rusiya ilə Avropa İttifaqının mövzu ilə bağlı fikirləri demək olar ki, paralellik təşkil edir, yəni dövlətlərarası münasibətləri normallaşdırdıqdan sonra bu mövzu barədə müzakirələrə başlamaq olar. Daha dəqiq desək, Azərbaycanın tələblərini və şərtlərini həyata keçirmək, sonra isə Qarabağ ermənilərinin mövcudluqlarını təmin etmək üçün “status” məsələsini qaldırmaq. İstər Rusiya, istərsə də Aİ Ermənistana çatdırmağa çalışırlar ki, hazırkı mərhələdə “status” məsələsinin qabardılmaması hər iki ölkəyə - həm Ermənistana, həm də Azərbaycana sülhə doğru irəliləmək imkanlarını artırır.Beləliklə, Bakı üçün mövzu bağlıdır, İrəvan isə Qarabağ ermənilərinə vədlər verir ki, indi olmasa da, sonra bu mövzu müzakirəyə çıxarılacaq.
Amma necə, kiminlə, harada?
Ehtimal etmək olar ki, sülh müqaviləsi imzalanarsa, kommunikasiyalar açılarsa Moskva və Brüssel Bakı ilə aparılan danışıqlarda “status” məsələsini yenidən gündəmə çıxarmağa çalışacaqlar və belə olan halda yenə də hər şey Bakıdan asılı olacaq – müzakirələrə razılıq veriləcək, yoxsa verilməyəcək, yaxud müzakirələr hansı istiqamətdə aparılacaq...Qeyd edək ki, Bakı hazırladığı və açıqlamadığı “Qarabağ ermənilərinin reinteqrasiyası mexanizmləri”ni nümayiş etdirmir. Daha doğrusu isə əgər Rusiya və Avropa İttifaqı həmin mövzunu qabardarsa, bu mövzuya veriləcək cavablar da mövcuddur.
Ya “şirin çörək”yeməli, ya da “qamçı” dadmalı...
Habelə, Azərbaycanın şərtləri var və bu şərtlər realizə olunmalıdır. Misal üçün, sülh danışıqları ilə yanaşı Qarabağ regionunun demilitarizasiyaını həyata keçirmək vacibliyi mövcuddur. Yox, əgər istər demilitarizasiya da daxil irəli sürülən şərtlər realizə olunmazsa, onda erməni tərəfi “şirin çörəklər” yerinə “qamçı” yemək məcburiyyətində qalmalı olacaqlar.Nəticənin necə olacağından asılı olmayaraq Ermənistan proseslərin xaricində qalacaq. Yeni Laçın dəhlizi sadəcə bir yoldur və o, Qarabağı iqtisadi cəhətdən Ermənistandan uzaqlaşdıracaq. Əgər İrəvan hələ də ümidlərini xəyalpərəstliyə söyləyirsə, bu da lazımsız cəhdlərdir. Yəni fakt budur ki, arzu olunanı “həqiqət” kimi təqdim etmək erməni siyasətinin trendinə çevrilib.
Dünyadakı qeyri-müəyyənliyin uzunmüddətli tendensiya xarakteri aldığını da əlavə etsək, İrəvanın hətta utopik planlar qurmaq məqsədləri də tamamilə ümidsizliyə gətirib-çıxaracaq. İndi isə ortada olan reallıqlar əsas kimi götürülür – sərhədlərin dəqiqləşdirilməsini, kommunikasiyaların açılmasını şərtləndirən sülh müqaviləsinin imzalanması, İrəvan nala-mıxa döyəcləməməli və birdəfəlik həqiqətləri anlamalı, dərk etməlidir.

Rövşən RƏSULOV

Digər xəbərlər