Analitika

  • 3 989

Zəfər Qurultayı 44 günlük Vətən müharibəsinin zəfər payıdır TƏHLİL

image

Prezident İlham Əliyev: “Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”

“Bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”. Bu fikirləri Prezident İlham Əliyev aprelin 22-də Qarabağın tacı olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında çıxışı zamanı söyləyib.Bəli, bu gün vəziyyət 1992-ci il deyil, bu gün torpaqlarımız işğal altında deyil, bu gün artıq biz öz torpağımızdayıq - Qarabağ Azərbaycanındır və bu torpaqda da möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz! Və bu gün keçirilən Zəfər Qurultayı 44 günlük Vətən müharibəsinin zəfər payıdır.Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın tacı olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında çıxışı zamanı kimin dost, kimin düşmən olduğunu söyləməklə Ermənistanın təəssübünü çəkənlərə də mesajını verdi.Bildirdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq və qalib dövlət kimi yaşayacaq: “Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.
Qalib Liderin Zəfər Qurultayının Zəfər trinubasından: “Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik”
Prezident İlham Əliyev Ermənistanın təəssübünü çəkənlərə Zəfər Qurultayının Zəfər trinubasından bir daha mesajını verdi: “Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik... Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.
“QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLL EDİLMƏSİ PREZİDENT KİMİ MƏNİM ÜÇÜN BAŞLICA VƏZİFƏ İDİ”
Bəli, Prezident İlham Əliyev son 19 illik prezidentlik fəaliyyətində Qarabağ münaqişəsinin həll edilməsi həmişə başlıca vəzifə oldu. Və bunun həlli isə «Dəmir yumruq» siyasəti ilə bütün gücləri səfərbər etdi: “Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq”. Qələbə qazanmaq üçün ilk olaraq ordunu güxcləndirmək lazım idi. Çünki güclü ordu, güclü dövlət deməkdir. «Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq".
GÜCLÜ DÖVLƏT, GÜCLÜ ORDU, GÜCLÜ XALQ HƏMRƏYLİYİ
Bəli, məhz güclü dövlətin, güclü ordunun və xalqın həmrəyliyi ilə 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi.
“Mən dəfələrlə, o cümlədən birinci Qurultaydan sonra keçirilmiş Dünya Azərbaycanlılarının qurultaylarında çıxış edərkən deyirdim ki, biz heç vaxt bu işğalla barışmayacağıq, nəyin bahasına olursa-olsun öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik. Ancaq həqiqətən mən istəyirdim ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə yolu ilə yox. Çünki hesab edirdim ki, sülh yolu ilə bu məsələnin həlli mümkündür. Beynəlxalq hüququn norma və prinsipləri ölkəmizin mövqeyini müdafiə edirdi. Dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən və haqq-ədalətə söykənən qərar və qətnamələr qəbul etmişlər”,-deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyildi: “Eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur - nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu yoxdur. Hesab edirdim ki, Ermənistanda nəhayət anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi və uzun sürən – 30 ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi”.
“BİZ TƏKCƏ DÜNYA ERMƏNİLİYİ İLƏ MÜHARİBƏ APARMAMIŞIQ, BİZ ERMƏNİSTANIN HİMAYƏDARLARI İLƏ MÜHARİBƏ APARMIŞIQ VƏ BU MÜHARİBƏDƏ QƏLƏBƏ QAZANMIŞIQ”
“Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”,- deyən dövlət başçısı «Ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur” mesajını verdi. Və bildirdi ki, İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi: “Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir. Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir. O başqa məsələdir ki, kasıb ölkə bu pulu haradan əldə edib. Ancaq demək olar ki, Ermənistan ordusu yoxdur. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü, onların özlərinin etirafına görə, 10 min fərari olmuşdur Ermənistan ordusunda. Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi. Mən bilirəm ki, siz və sizin kimi xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından izləyirdiniz, eyni zamanda, öz çıxışlarınızda, öz şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Bu gün də ehtiyac var, çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa çatacaq. Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik. Ancaq bu gün hələ ki, bu iddialar var və biz buna hazır olmalıyıq. Biz müharibə dövründə - cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişik. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 10-da - noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək... Qırx dörd gün ərzində tamamilə məhv edilmiş Ermənistan ordusu və Ermənistan dövləti faktiki olaraq uçurum kənarında idi. Məcburən noyabrın 10-da kapitulyasiya aktı imzaladı və biz bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytardıq. Beləliklə, biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Yenə də deyirəm, təkbaşına, heç bir vasitəçi olmadan”.
“Minsk Qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur”
Təəssüf doğuran isə, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış ATƏT-in Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə etmədi: “Minsk Qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır... Faktiki olaraq Minsk qrupu ondan sonra, hətta görüntü naminə hər hansı bir fəaliyyət göstərə bilmədi... Biz öz vəzifəmizi icra etmişik. Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb”.Bəli, bunu 44 gün davam edən İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi. Münaqişəyə qəhrəman Azərbaycan əsgəri sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər. Şuşa Zəfərindən sonra faktiki olaraq Ermənistan cəmi bir gün dirəniş, - əgər buna dirəniş demək mümkündürsə, - göstərməyə cəhd etmişdir və noyabrın 9-da artıq kapitulyasiya aktını imzalamağa hazır olduğunu bildirdi. Budu Azərbaycan xalqının gücü, həmryliyi. Artıq bu gün qalib Liderin sözü keçərlidir. Məhz buna görə də irəli sürülən beş prinsipdən ibarət təklif Ermənistan qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik. Bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq. Azərbaycan xalqı isə müzəffər xalq kimi öz ata-baba torpağında əbədi yaşayacaq. Dövlət başçımızın dediyi kimi: “Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz!”.
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər