Analitika

  • 3 460

Rusiyanın Avropa ilə “qazlama” oyunu: nə udulur, nə uduzulur? GEOSİYASƏT+AKTUAL

image

Bu oyunlar növbəti geosiyasi və geoiqtisadi qarşıdurmalara şəraitlər yaratmağa başladıb

Avstriya rus qazını rus rublu ilə almaq, eləcə də Rusiyanın şərtləri razılaşmaq qərarını verməklə Avropa İttifaqı ölkələri sırasında ikincisi oldu. Lakin buna baxmayaraq, Avropa ölkələrinin heç də hamısı Rusiya ilə kompromisə getməyə hazır deyillər və bunun da bir sıra əsasları mövcuddur.Avstriyaya gələndə isə bu ölkənin enerji resurslarının alışı və satışı ilə məşğul olan OMV aparıcı şirkəti rus qazına ödəniş etmək üçün yeni sxem qəbul edib. Belə ki, Avstriya əvvəlki kimi avro ilə ödəniş edəcək, ancaq ölkədəki şirkətlər “Qazprombank”da ayrıca hesab açmalıdırlar. Sonradan isə avro ilə edilən ödənişlər rus rubluna çevriləcək. “Biz, yəni OMV Almaniya hökumətində olduğu kimi ödəniş şərətlərini qəbul etdik. Onlar sanksiya şərtlərinə müvafiqdirlər. Bizim üçün də bu vacib idi”, deyə Avstriyanın kansleri Karl Nexammer bildirib.
Avstriya Macarıstandan sonra Rusiya qazını rus rublu ilə almağa razılaşan ikinci Aİ ölkəsi oldu
Avstriya üçün Rusiyadan idxal edilən qazın saxlanılması ölüm-qalım məsələsidir, ona görə ki, bu ölkə 80% Rusiya ixracından asılıdır. Eyni zamanda, Avstriyanın energetika naziri Leonarde Qevessler deyib ki, avstriyalılar yeni qaz tədarükçüləri axtaracaqlar. Böyük hesabla bu müvəqqəti qərardır, bütövlükdə isə hətta Rusiyanın etibarlı partnyorları belə bu ölkədən az asılı olmaq istəyirlər.Beləliklə, Avstriya Macarıstandan sonra rus rublu ilə Rusiya qazı alacaq ikinci ölkəyə çevrildi. Bunu Macarıstanın xarici işlər naziri Peter Siyyaro da bəyan edib. “Azprombank” üzərindən ediləcək yaxın ödəniş isə may ayının 22-də olacaq. Macarıstan üçün də qaz məsələsi prinsipiallıq daşıyır, bu ölkə isə Rusiyadan 60-70 % asılı vəziyyətdədir.Lakin görünən budur ki, Avropanın bütün ölkələri Avstriya, yaxud Macarısan kimi eyni addımları atmağı düşünürlər. Bu ölkələr sırasında ən çox anti-Rusiya ruhunda köklənən Polşa, eləcə də Aİ-nin təzyiqləri altında öz mövqeyini dəyişən Bolqarıstandır. Bu ölkələr rus qazına görə yeni modelə keçməkdən qətiyyətlə imtina edirlər. Xüsusilə Polşa Ukraynaya silah göndərən ölkə olaraq prinsipiallıq nümayiş etdirir və Varşava Rusiyanın şərtlərini qəbul edərsə sərt sanksiyaları dəstəkləyən tərəf olması ilə yanaşı, bunu özü üçün kapitulyasiya kimi də qiymətləndirə bilər. Artıq bu kimi prinsipiallıq səbəbindən Rusiya həm Polşanın, həm də Bolqarıstanın qaz tədarüklərini kəsib.
Qaz böhranı Avropada parçalanma situasiyasını yaradıb
Amma diqqət çəkən məqamlardan biri də budur ki, qaz böhranı Avropada parçalanma situasiyasını yaradıb. Yəni bu gün Aİ-nin bütün ölkələri heç də 6-cı və 7-ci neft-qaz embarqosu xarakterli sanksiya paketlərini qəbul etməkdə maraqlı deyillər. Görünür, bu səbəbdən “Qazprom”un bir sıra avropalı müştəriləri ödəniş sisteminin rus rublu ilə həyata keçirilməsinə razılıq veriblər. Məsələn, Blumberg agentliyi məlumat verir ki, Avropanın 10 şikkəti “Qazprombank”da hesab açıblar, onlarda dördü isə artıq ilk kubametrlərə görə ödənişlərini də həyata keçiriblər.Görünən isə budur ki, hətta Rusiyanın NATO ilə açıq qarşıdurmasının mümkünlüyü fonunda belə avropalı şirkətlər, eləcə də Avstriya, Macarıstan kimi dövlətlər rus qazından imtina etmək fikrində deyillər.Digər məlumatda isə bildirilir ki, ABŞ bu yaxınlarda Almaniyanın Remştayn şəhərində özünün 40 müttəfiq ölkələri ilə qapalı iclasını keçirib. Onlar həmin iclasda Ukraynanın hərbi yardımlarının sinxronlaşdırılması barədə müzakirələr aparıblar. Daha dəqiq desək, ABŞ Avropadan Ukrayna silahlı qüvvələri üçün tankların, təyyarələrin, helikiopterlərin verilməsini tələb edib.
Ukrayna ağır texnikaların verilməsi prosesi neft-qaz embarqosunu hədəfləyir
Vaşinqton yaxşı bilir ki, Avropa ölkələrinin Ukraynaya əlavə yardımların verilməsi Rusiya ilə münasibətləri daha köklü şəkildə pozacaq. Avropanın Rusiyaya münasibəti həm də ona görə daha pisləşəcək ki, Kreml sərhədlərdən Ukrayna ərazisinə keçirilən istənilən cəhdləri hədəf kimi gördüyünü bəyan edib.Düzdür, NATO-Rusiya qarşıdurmasının açıq müharibəyə keçid alacağını demək olmaz, ona görə ki, bu ABŞ-a sərf etmir, lakin Avropa İttifaqı ilə Rusiyanın açıq müharibəyə getməsi Vaşinqtona müəyyən mənada sərf edir. Belə ki, belə olan halda bu gün Rusiyadan Moskvanın yuxarıda qeyd edilən şərtləri bahasına qaz alan Avstriya və Macarıstan kimi ölkələr, həmçinin Avropa şirkətləri idxalı dayandırmalı olacaqlar.Hətta bu plan işləməsə belə, Ukrayana ağır texnikaların verilməsi prosesi neft-qaz embarqosunu hədəfləyir və bu, ukraynalı hərbçilərin Rusiyaya qarşı daha effektiv müqavimət göstərəcəklərinə şərait yaradır, o cümlədən, Rusiyanın xüsusi əməliyyatının da müddəti uzanır.
Beləliklə, Qərb KİV-ləri ritorikalarını daha fəal şəkildə Rusiyaya qarşı işlətməklə Şimal ölkəsini hərbi cinayətkar statusunda təqdim edəcəklər, bu isə yeni və sərt sanksiya paketlərinin qəbul olunmasına gətirib-çıxaracaq. Bu proses - Rusiyanın zəiflədilməsi ABŞ-a hava-su kimi lazımdır. Hazırda isə Rusiyanı qıcıqlandırmaq üçün növbəti plan işə salınıb. Bu plan Finlyandiya və İsveçin NATO-ya üzv olmaları ilə bağlı verdikləri qərarlarıdır.
Ukrayna hazırda Rusiyanın Avropa ölkələri ilə birdəfəlik əlaqələrinin kəsilməsi baxımından anqlo-sankson strategiyası üçün əsas cəbhəyə çevrilib
Başqa tərəfdən, Ukrayna hazırda Rusiyanın Avropa ölkələri ilə birdəfəlik əlaqələrinin kəsilməsi baxımından anqlo-sankson strategiyası üçün əsas cəbhəyə çevrilib. Ancaq bu da sonuncu plan deyil. Hələ mart ayında ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Con Bolton təklif edirdi ki, Rusiya sərhədlərinin perimetri boyunca yerdə qalan dondurulmuş münaqişələri yenidən işlək vəziyyətə gətirmək, habelə Dnestryanı adlı süni mövcudluğu da aradan qaldırmaq lazımdır. Maraqlıdır ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başladığı vaxtın ilk günlərində rəsmi Kiyev də bu məsələni qabartmışdı. Artıq bu gün biz Rusiyanın fikrinin Ukraynadan yayındırılması hallarını müşahidə edirik. Belə ki, Dnestryanıda baş verən son silahlı aksiyalar da belə deməyə əsas verir. Həmçinin, ehtimal etmək mümkündür ki, bənzər insidentlər Rusiya sərhədlərinin başqa nöqtələrində də baş verə bilər. Necə deyərlər, Rusiyanın Ukrayna ilə müharibəsindən doğan və Qərb ilə başlatdığı “qazlama” oyunları növbəti geosiyasi və geoiqtisadi qarşıdurmalara şəraitlər yaratmağa başladıb.
Rövşən RƏSULOV

Digər xəbərlər