Analitika

  • 3 175

Kar - FELYETON

image

Allah uzaq eləsin, kar olmaqdan. Anadangəlmə və yaxud həyatda qazanılmasından asılı olmayaraq karlıq böyük fiziki qüsurdur. İnsan övladının heç istəmədiyi, hər zaman bu qüsurdan utanc hiss etdiyi çatışmazlıqdır. Bu qüsur anadangəlmə olanda insan buna birtəhər alışır. Çünki gözünü açandan bu çatışmazlıq olur, onunla böyüyür, ona çox da elə qəribə gəlmir. Lakin bu fiziki qüsur sonradan qazanılanda insan ikiqat narahat həyat keçirir. Məsələn, kar insanlara məxsus bir xüsusiyyət var, onlar ucadan danışırlar. Belə hesab edirlər ki, ətrafdakı insanlar onları eşitmir. Ancaq əslində bunun ətrafdakılara heç bir dəxli yoxdur. Onlar normal dərəcədə danışılan söhbətləri eşidirlər. Arada pis vəziyyətdə qalan bu fiziki qüsurlu insan olur.Çünki ətrafdakı insanların hamısına maraqlı gəlir ki, İlahi, bu görəsən niyə çığırır. “Niyə çığırırsan”,- deyə soruşanda isə yəqin ki, utanır.

Yenə də Allah uzaq eləsin, son zamanlar bilmirəm havadandır, sudandır, ya qidalarımızdandır, karlaşma kütləvi şəkildə baş alıb gedir. İnanın ki, xərçəng xəstəliyi qədər yayılıb. Adamın ürəyi yanır, baxırsan ki, əsasən gənc insanlardır, bu dərdə mübtəla olublar. Elə xərçəng kimi, bu qüsur da cavan, qoca tanımır, kimi harada gəldi yaxalayır,vallah. Amma cavanlaşma daha çoxdur. Bəlkə də söhbətim qəribənizə gəlir. Amma gözümlə görüb, qulağımla eşitməsəydim, mən də sizlər kimi bu mövzuda söhbətə məəttəl qalardım.

Son zamanlar bu cür qüsuru yaşayan insanlarla bağlı qarşılaşdığın mənzərələr haqqında danışım, siz də qulaq asın. Məsələn, oturmusan iş yerində-otaqda. Birdən hiss edirsən ki, başına musiqili bir zərbə enir. Bu səs haradan gəlir, ora çönürsən, bura çönürsən, haradan gələcək, bayırdan. Maşınlar bir-bir pəncərənin altından keçdikçə musiqilər də dəyişir. Yəni otaqda oturanların hər birinin zövqünə uyğun. Ta bir gün ərzində o janrda musiqi qalmır ki, dinləməyəsən. “Nəyi pisdir ki, əslində bunun?İnsanın beyni təzələnər də”,- deyərsiniz. Bəli, elədir, lakin səsi bir qədər alçaqdan olsa, hə siz deyəndir. Amma mən musiqili zərbədən danışıram axı: gup, gup, gup...

Nə deyim bu yaya, yenə gəldi çıxdı. Yenə pəncərələr bağlı olanda bu musiqili zərbə idi ey. Elə ki, pəncərələri istidən açmaq məcburiyyətində qalırsan, musiqili müharibə başlayır. Elə bir üstünə artilleriya yeriyir, sadəcə bu artılleriya musiqili artilleriyadır.

Həmçinin də küçədə. Sakitcə yol ilə getdiyin yerdə elə bir musiqili bir silahla sənə atəş açırlar. İnanın, inanın da deyirəm, bəlkə hələ rastlaşanlar da olub, qorxub bir tərəfə çəkilirsən ki, gələn bu təhlükədən özünü müdafiə edəsən. Elə hiss edirsən ki, maşın bu dəqiqə partlayacaq, parçaları üstünə töküləcək.

Vallah, sözün həqiqi mənasında, adam ürək ağrısı yaşayır. İnsanlar axı nə üçün kütləvi şəkildə bu fiziki qüsura məruz qalırlar. Görəsən hansısa genetik modifikasiya olunmuş məhsulun təsiridirmi, yoxsa mənəvi modifikasiyadır, nədirsə, karlaşma gündən-günə çoxalır. Axı yuxarıda da dedim, kar insanlar elə bilirlər ki, ətrafda onları eşitmirlər. ona görə də ucadan danışırlar. Elə maşınlardan çıxan bu musiqi səsləri yox, musiqili zərbələr də maşındakı kar insanın düşüncəsindən doğur. Vallah kar olmayasan, belə səsli maşında əyləşəsən, adamın başına hava gələr. Hələ bəzən həmin maşınların içərisi dolu da olur gənclərlə. Düşünürsən ki, vay, bax, bu yazıqların hamısı fiziki qüsur qazananlardır. Amma bir məsələyə tamamilə əminəm ki, belələri anadangəlmə kar deyillər, bu qüsuru sonradan, yenə deyirəm hansı səbəbdənsə qazananlardır. Allah, özü köməkləri olsun.

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər