Analitika

  • 3 151

Ermənilər özləri indi özlərinə düşmən kəsiliblər – TƏHLİL

image

Ermənistanın daxilində müşahidə olunanlar təsdiq edir ki, ermənilər özləri indi özlərinə düşmən kəsiliblər. Əgər bu ölkədə istər iqtidar, istərsə də müxalifət həqiqətən də Ermənistanın yaxşılığını düşünürlərsə, sadəcə olaraq öz ambisiyalarını bir kənara qoymalıdırlar. Hansısa ölkənin taleyini düşünənlər xilas olmaq naminə birgə proqramlar hazırlamaq üçün səfərbər olmalıdırlar və bu proqramlar isə qonşularla normal münasibətlər olduğu halda reallaşa bilər, qarşıdurmalar, ambisiyalar olduğu zaman yox.

İstənilən bir ölkə daxilində yalnız düşmən qüvvələr varsa, onlar yalnız bir-birlərinə qənim kəsiliblərsə, ölkənin taleyi düşünülmürsə, nəinki inkişafdan söhbət gedə bilməz, heç ölkənin təhlükəsizliyini belə təsəvvür etmək mümkün deyil. Məsələ burasındadır ki, Ermənistanda iki ilə yaxındır ki, vəziyyət məhz belədir və ermənilər özləri elə özlərinin əleyhinədir, onlara düşmən axtarmaq lazım deyil. Düşmən onların öz içlərindədir və bu düşmən elə daxildən bu ölkəni parçalayır, daha da ağır duruma sürükləyir, Ermənistanı məhvə aparır. İndi Ermənistanın daxilində vətəndaş müharibəsinin başlaması üçün kiçik bir qığılcım da kifayətdir.

Əgər 44 günlük müharibə dönəmində ağır itgilərini müşahidə edən, bunun ardınca ölkəsinin məğlubiyyətini, kapitulyasiya sənədinə imza atmasını seyr edən Ermənistan müxalifətinin mövcud hakimiyyətə, Paşinyanın komandasına o zaman dişi batmadısa, deməli indi ortalığı qarışdırması çox mənasız görünür və bu ölkəyə daha böyük fəlakətlər vəd edir. Əvvəlki hakimiyyətlərin tərəfdarları müharibədəki acı, ağır və biabırçı məğlubiyyəti gördükləri halda, indi gözləri açılıb, yoxsa hələ indi uduzduqlarını anlayıblar? Əlbəttə ki, onlar elə zamanında başa düşmüşdülər ölkələrinin məğlub olduğunu və Azərbaycanın qarşısında diz çökdüklərini də elə o zaman belə bilirdilər. Elə isə indi ortalığı qarışdırmaq nəyə lazımdır və nəyə hesablanıb? Belə bir vəziyyətdə hansı üzlə deyə bilərlər ki, onlar ölkələrinin gələcəyi naminə mübarizə aparır, meydanlara çıxır, səslərini ucaldırlar? İndi sıravi erməni belə bilir ki, aparılan mübarizə ölkə naminə deyil, post uğrundadır, ambisiyaların təzahürüdür və bu hal ölkələri üçün ən dəhşətli sonluq vəd edir.

Bu gün Köçəryan, Sarkisyan və onların komandaları Paşinyanın hər addımını hədəfə alıb, onun hər hərəkətini səhv adlandırır və hətta onlardan təşkil olunan erməni müxalifəti 2020-ci il noyabrın 9-da erməni baş nazirin imzaladığı bəyanatı ləğv etmək çağırışı edir. Ermənistan müxalifəti həyasızlıqla vəd edir ki, hakimiyyətə gələcəyi təqdirdə bunu edəcək və işğaldan azad etdiyimiz əraziləri bir də işğal edəcəklərini də hətta utanmadan vəd edir. Maraqlıdır, onlar bunu necə edəcəklər? Hansı güclə, hansı arsenalla, hansı potensialla edəcəklərini vəd edirlər? Bu barədə bir söz belə demirlər axı. Bu güc də, arsenal da, potensial da Ermənistanda yoxdur və bu ölkə güclə ayaq üstündə dayanırsa, iddiaları nəyə hesablana bilər? Bəllidir ki, onlar sadəcə, cəmiyyətdəki tərəfdarlarını radikal addımlar atmağa sövq edirlər. Onlar Ermənistan vətəndaşlarını sövq edirlər ki, dağıdıcı addımlar atsınlar və bu məqamda da özləri üçün münbit şərait tapıb hakimiyyəti ələ keçisindlər. Bu isə xalqa, erməni xalqına düşmənçilikdən başqa bir şey deyil. Ona görə ki, onlar ələ keçirmək istədikləri hakimiyyət naminə xalqı oyuna, hətta qırğına belə sürükləyirlər və bu yalnız düşmənçilik kimi xarakterizə edilə bilər. Təbii ki, hərhansı xalqın daxilində sadəlövhlər çox çox ola bilməz və könüllü şəkilfə intihara bənzər addımlar atmaq ağılsızlıqldır. Təsadüfi deyil ki, erməni müxalifəti Paşinyanın devrilməsi üçün lazım olan kütləni öz hərəkətləri və ambisiyaları üçün toplaya bilmir. İndi ermənilər belə anlayırlar ki, hakimiyyəti tənqid etmək başqa məsələdir, kimlərinsə oyunlarında alət olmaq daha başqa məsələdir və bu onları məhvə sürükləyir, düşmən də elə onların özləri hesab olunmalıdır.

Əlbəttə ki, Ermənistan hakimiyyətinin də erməni xalqı qarşısında öyünməyə haqqı yoxdur və hələ də bu hakimiyyət öz ölkəsinin vətəndaşlarını ağ günə çıxara bilməyib. Nikol Paşinyan hakimiyyətə gəlmək üçün çox yağlı vədlər verməsinə baxmayaraq, erməni xalqı hələ də səfalət içərisində inləyir. Üstəlik, Paşinyanın yanlış addımları, danışıqlar prosesinə etinasızlığı, bu prosesə mane olmaq cəhdləri və bir çox düşünülməmiş addımları müharibəni labüd etdi, hansıki bu, onların istənilən sahədə böyük itgilərinə, çoxlu sayda hərbçisinin məhvinə səbəb oldu. Az qala hər bir erməni ailəsi övladlarının, yaxınlarının itgisi açısı ilə yaşayır və bunun günahkarlarından biri də Nikol Paşinyan özüdür. Bu gün Ermənistan hakimiyyəti vəziyyəti stabilləşdirmək, qonşu ölkələrlə münasibətləri normallaşdırmaq, kommunikasiyaların açılmasına nail olmaq, bununla da ölkəni sıxıntılı vəziyyətdən, küncə qısılmış haldan çıxarmaq əvəzinə güclü repressiv aparatı ilə fəaliyyətini davam etdirir və Paşinyan komandası ölkəni xilas etməkdənsə, çoxlu siyasi rəqibləri ilə işi yoluna qoymaqla məşğuldur. Bu isə həmin ölkənin, Ermənistanın hələ də daha çox itirmək riskini artırır. Əbəs yerə deyil ki, Ermənistan əhalisi onun dırnaqarası “xoşbəxt gələcəyinə” inanmayaraq oranı tərk etməyə davam edir.

Ermənistanda çox təhlükəli vəziyyət yaranıb və bu gün həmin ölkədə hamı bir-birinin əleyhinədir. Bu, ən çox sözün əsl mənasında hədsiz nifrətlə qaynayan sosial şəbəkələrdə də özünü göstərir. Bir-birinə nifrət hissi dərhal özünü göstərir. Nikolçular koçaryançılara, serjikçilər sasnaserçilərə, daşnaklar isə bir başqalarına nifrətini gizlətmirlər. Onlar hakimiyyəti satqınlıqda günahlandırırlar və məğlubiyyətdən sonra bütün dünyada biabır olduqlarını da bildirirlər. Bütün dünyanın onlara güldüyünə də əmindirlər. Bir çoxları etiraf edirlər ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlar onlara məxsus olmayıb və heç onlara lazım da deyil. Digərləri etraf edirlər ki, müharibə zamanı ermənilər bir qədər əvvəl təcavüzlə ələ keçirdikləri torpaqları qoyub İrəvana qaçırdılar və indi cəsarətdən dəm vurmağa onların haqları yoxdur. Ümumdünya İnternet şəbəkəsində ermənilərin minlərlə belə şərhləri var. Bu isə həmin ölkədə son dərəcə təhlükəli əhval-ruhiyyə barometridir. Özü də təkcə ölkədə deyil, eləcə də erməni cəmiyyətinfə, erməni diasporlarında, lobbilərində hamının bir-birinə qarşı olduğu özünü dərhal göstərir.

Bu gün siyasi mənsubiyyətindən və yaşadığı bölgədən asılı olmayaraq hər bir erməninin vəzifəsi bu prosesi dayandırmaq, resurslarını, əgər qalıbsa, bərpa etmək, düzgün yol seçmək olmalıdır. Ən azından sağ qalmaları, mövcud olmaları üçün ermənilərin doğru yolu seçmələri gərəkir. Ermənistanın istər iqtidarı, istərsə də müxalifəti sadəcə olaraq öz ambisiyalarını bir kənara qoyub xilas üçün birgə proqramlar hazırlamağı düşünməlidirlər, əgər həqiqətən də ölkələrini düşünürlərsə. Dərin böhranlı vəziyyətdən çıxış yolu tapmazlarsa, Ermənistan bir gəmi kimi batmaq təhlükəsi altındadır və bunu anladıqları halda hələ də ambisiyalar ortadadırsa, deməli, ermənilər özləri indi özlərinə düşmən kəsiliblər.

Digər xəbərlər