Analitika

  • 3 109

Bölgənin geosiyasi mənzərəsini dəyişən ŞUŞA BƏYANNAMƏSİ - TƏHLİL

image

Azərbaycan tarixinə əlamətdar gün kimi yazılan və 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu Bəyannamə ümumilikdə bölgənin geosiyasi mənzərəsini köklü şəkildə dəyişdi və bu baxımdan da bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edir. Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə olaraq dəyərləndirilir.

Bəyannamənin Azərbaycan xalqının Qurtuluş günündə, 15 iyun tarixində, eləcə də Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümü günündə imzalanması heç də təsadüfi deyildi. Bunun, əlbəttə ki, rəmzi mənasının olduğu da təkzib edilə bilməz və bu, belə də qəbul olunur. Sözsüz ki, cənab Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi də təsadüfi deyildi və 100 il bundan əvvəl baş tutan proseslərə oxşar halların indi də təkrarlandığı göz önündə oldu. Tarixin təkrarlanmasının, eləcə də oxşar hadisələrin yenidən baş verməsinin şahidi olduq, sadəcə bir fərq var idi ki, əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti kimi xarakterizə olunur. Məhz ölkə başçısının, cənab Prezident İlham Əliyevin apardığı uzaqgörən, müdrik siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi və bunun bütün dünya da şahidi oldu.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Şuşa Bəyannaməsi, yəni, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanan Bəyannamə bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir və bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması, eləcə də bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzən deməkdir. Dünyanın barışmalı olduğu tarixi gercəklik odur ki, Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini 15 iyun 2021-ci il tarixində rəsmi şəkildə elan etdi və bundan sonra bütün qonşu dövlətlər, eləcə də dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşmalı olacaqlar. Ona görə də cəsarətlə deyə bilərik ki, Azərbaycan və Türkiyənin 15 iyun 2021-ci ildə atdığı tarixi addım, yəni, Şuşa Bəyannaməsi bölgənin geosiyasi mənzərəsini dəyişdi.

Şuşa Bəyannaməsi xüsusən də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesaj olaraq dəyərləndirilir. Hər iki dövlətə qarşı olmaq niyyətinə belə düşən ölkə ilk növbədi bu yeni regional hərbi-siyasi bloku nəzərə almaq məcburiyyətindədir. Məhz ona görə qeyd olunur ki, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir və geosiyasi mənzərəni köklü surətdə dəyişib. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir olaraq artıq qəbul olunur və yaddaşlara da belə həkk olunub. Bu isə təbii ki, ən vacib məqam kimi dəyərləndirilir. Elə bu baxımdan da bir çox yerli və beynəlxalq araşdırmaçılar belə qənaətdədirlər ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərdə çox mühüm inkişafa səbəb ola bilər və əlbəttə ki, onlar bu qənaətlərində haqlıdırlar. Nəzərə almaq lazmdır ki, iki qardaş ölkənin bir-birinə daha da yaxınlaşması, müttəfiqlik münasibətləri, qardaşlığı daha böyük imlanlara yol açıq və bunu artıq bütün dünya çox yaxşı başa düşür.

Qeyd edək ki, iki dövlətin birgə ordu qüvvələri böyük hərbi güc deməkdir. Bunu da dünya ictimaiyyəti yaxşı başa düşür. Hətta artıq etiraf da olunur. Etiraf olunur ki, belə güclə artıq hamı hesablaşmalı olacaq. Ölkələrimiz arasında hərbi sahədə olan əməkdaşlıq da diqqətdən yayınan deyil. Hər iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığa verdiyi tövhələri təkzib etmək mümkünsüzdür və indi bütün dünyanın hesablaşmalı olduğu həqiqət də məhz bu reallıqdan irəli gəlir.

Bir məqama da diqqəti cəlb etmək yerinə düşərdi ki, artıq Şuşa Bəyannaməsinin parlamentlər tərəfindən qəbulu Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm mesaj olaraq qəbul edilir. Təsadüfi deyil ki, Şuşa Bəyannaməsindən sonra Ermənistandakı revanşist qüvvələrin kürkünə birə düşdü. Onlar artıq fərqindədirlər ki, Azərbaycanın hər bir sahədə, xüsusilə hərbi qüdrəti dəfələrlə artdı. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə də çatdırır. Əlbəttə ki, öncə söhbət erməni məsələsi adı altında bölgədə əsrlərdir öz dövlət maraqlarını reallaşdırmaq istəyən kənar qüvvələrdən gedir və inlar üçün də bu Bəyannamə tutrarlı bir mesaj sayılır. Çünki, bütün qonşu dövlətlər, eləcxə də dünya ictimaiyyəti qəbul etmək məcburiyyətindədir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşmalı olacaqlar.

Göründüyü kimi, Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür və sadaladıqca da bitən deyil. Bu barədə hələ illərlə yazılacaq və politoloqlar tərəfindən də şərh olunacaq. Məsələ burasındadır ki, bu Bəyannamə iki qardaş ölkənin liderlərinin, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi uzaqgörənliyinin, müdrikliyinin bariz nümnəsidir. Görünən odur ki, Bəyannamənin məhz Şuşada imzalanması ilə rəsmi Bakı öz qələbəsini bir daha təsdiqlədi. Təsdiq etdi ki, Şuşa Azərbaycanındır və buna şübhə belə edilməz. Təsdiq olundu ki, Azərbaycan qalib ölkədir və tarixi ədaləti bərpa etdikdən sonra indi öz doğma torpağında, öz doğma şəhərində, mədəniyyət paytaxtında Bəyannamə imzalayır. Bununla revanşistlərə də, bir çox Azərbaycan əleyhinə olan qüvvələrə konkret mesaj verildi ki, yenidən hansısa çirkin niyyətlərə düşsələr, hansı güclə üz-üzə qalacaqlarının fərqində olsunlar.

Qeyd olunan məsələdə, daha dəqiq desək, Şuşa Bəyannaməsinin imzalanmasında bir məqama da diqqət yetirmək lazım gəlir ki, NATO ölkəsi olaraq Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması təklifləri nəzərə çarpan məsələdir. Təsadüfi deyil ki, bu, Rusiya və İranı hələ o zaman belə bərk qıcıqlandırırdı. Təbii ki, kimin necə reaksiya verməsindən, nə şəkildə qəbul etməsindən asılı olmayaraq, bu formada əməkdaşlığa qarşı heç kəs çıxa bilməz və bilməyəcək də, çünki Azərbaycan və Türkiyə məsələni ustalıqla və diplomatik məharətlə həll edib. Qeyd olunduğu kimi, bölgənin ən yeni tarixi üçün Şuşa Bəyannaməsinin önəmi hələ qarşıdakı illərdə daha da aydın şəkildə şərh olunacaq və daha böyük, daha önəmli məqamlar ortaya çıxacaq. Lakin qısa şəkildə deyə bilərik ki, bu Bəyannamənin imzalanması yalnız taktiki gediş sayıla bilməz, eyni zamanda dərin strateji düşüncənin məhsulu olaraq qiymətləndirilir, hansıki bölgənin geosiyasi mənzərəsini köklü şəkildə dəyişə bilib.

Digər xəbərlər