Analitika

  • 3 200

İcbari tibbi sığorta insan amilinə verilən dəyərdir - TƏHLİL + AKTUAL

image

İnsan üçün həyatda sağlamlıqdan gözəl nemət ola bilməz. Sağlamıqsa, ayaq üstündəyik, evimizdə, işimizdə, cəmiyyətdəyik. Onların hər birində üzərimizə düşən vəzifənin icrasını uğurla həyata keçirənlərik. Yox, sağlam deyiliksə, təbii ki, evdə də, işdə də, cəmiyyətdə də faydalı ola bilməyəcəyik. Bu səbəblərdən də sağlamlıq insan üçün vacib amildir.Təbii ki, sağlamlığımız birbaşa özümüzdən asılı olsa da, yəni sağlam həyat tərzi yaşamaqla, düzgün qidalanmaq, vaxtlı-vaxtında tibbi yoxlamalardan keçməklə bunu qoruyub saxlaya biliriksə, lakin bəzən gözləmədiyimiz halda hansısa bir xəstəlik qapımızı döyür, bu çağırılmamış qonaqla necə rəftar etmək lazım gəldiyini bilmədiyimiz üçün səhiyyə ocaqlarına üz tutmalı oluruq. Bəs biz gözləmədiyimiz halda müalicə olunmağa hazırıqmı? Elə əsas məsələ də budur. Xeyr, əksəriyyətimiz buna hazır deyilik. Elə bu səbəbdən də müəyyən çətinliklərlə üz-üzə qalırıq. Maliyyə cəhətdən sıxıntılarımız zaman-zaman müalicələrimizin gecikməsi, ağırlaşma hallarının çoxalması və həyatımızı itirməyimizlə nəticələnib. Artıq ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta bu kimi hallara son qoyacaq.İcbari tibbi sığorta vətəndaşların mənafeyinə yönəlmiş, onların keyfiyyətli tibbi xidmət və dərmanlarla təmin olunmasına yardım edən bir sistemdir. Bu sistemin həyata keçirilməsi ilə insanların hər hansı bir xəstəliyi vaxtında aşkar edilir, onlar çox xərc çəkmədən müalicə oluna bilirlər.

İcbari tibbi sığorta-sağlam həyat…
Səhiyyə sahəsi daim milli sosialyönümlü siyasətin prioritetləri arasında mühüm yer tutub. Bu sahəyə dövlət tərəfindən əhəmiyyətli sərmayə qoyuluşu, səhiyyədə texnoloji innovasiyaların və müasir müayinə-müalicə üsullarının tətbiqi ölkəmizdə yüksəkkeyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan yaradıb. Əhalinin artmaqda olan tibbi xidmət ehtiyaclarını qarşılamaq və səhiyyənin uzunmüddətli inkişafına nail olmaq məqsədilə bu sahədə dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması və mövcud resursların daha səmərəli istifadəsi tələb olunur. Bütün bunlar isə, təbii ki, əhalinin sağlamlığına hesablanmış tədbirlər, insan amilinə verilən dəyərdir.İcbari tibbi sığortanın ölkəmizdə də həyata keçirilməsi məqsədilə hələ 1999-cu ildə “Tibbi sığorta haqqında” Qanun qəbul olunub. Bu məqsədlə 2007-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də yaradılıb və 2016-cı ilin dekabrında onun strukturu təsdiq edilib. 2008-ci ildə “Tibbi sığorta haqqında” Qanuna müəyyən əlavə və dəyişikliklər olunub və son vaxtlarda onun tətbiqi istiqamətində daha aktiv addımlar atıldığının şahidi oluruq. İcbari və könüllü şəkildə həyata keçirilən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla bərabər, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verən sığorta növüdür. İcbari tibbi sığorta səhiyyəyə sərf edilən vəsaitlərin səmərəli cəmləşdirilməsinə, bu sahəyə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinə, dövlət vəsaitlərinin səmərəli istifadə edilməsinə, əhaliyə müasir və keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsinin stimullaşdırılmasına şərait yaradır.İcbari tibbi sığorta vətəndaşların tibbi xidmətlərə əlçatanlığını və keyfiyyətini artıraraq səhiyyə sisteminin maliyyə potensialını gücləndirmək əhəmiyyəti daşıyır. Bu, dünya səhiyyə sistemində geniş yayılmış tibbi xidmətlər modeli olmaqla bərabər, insanların xəstələnmədiyi hallarda da müəyyən fondlara vəsait keçirməsi ilə şərtlənir. Bunda isə əsas məqsəd səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirməklə əhaliyə daha etibarlı, keyfiyyətli və səmərəli tibbi xidmətlər göstərilməsini təmin etməkdir. Çünki məhz bu yolla xəstəliyi olan insanlar müalicə ala bilir və beləliklə də onlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar.Dünyanın əksər ölkələrində çoxdan həyata keçirilən bu sistemin respublikamızda da bir neçə ildir, tətbiqinə başlanılıb. Söz yox ki, Azərbaycan vətəndaşları həmin sistemdən istifadə etdikcə yaxın gələcəkdə onun bütün yaş qrupundan olan insanlar, xüsusilə də uşaqlar üçün nə dərəcədə faydalı olduğunu görəcəklər.Nəticədə icbari tibbi sığorta sağlam həyata, xəstəliklərin vaxtında aşkarlanmasına, müalicəsinə, yüksək vəsait xərcləmədən sağlamlığımıza qovuşmağımıza hesablanmış sistemdir.
İcbari tibbi sığortanın ölkəmizdə tətbiqinə zaman özü imkan verməli idi
Bir neçə il öncələrə kimi xarici ölkələrə müalicə üçün getdiyimizdə oradakı xəstəxanalarda sığorta ilə müayinə və müalicə olunan xəstələrlə söhbət etdikdən sonra gileylənməyə başlayırdıq ki, nə üçün bizim ölkəmizdə bu sistem tətbiq olunmur. Lakin məsələnin digər tərəfini fikirləşmirdik ki, axı bizim ölkəmiz buna hazır deyil. Çünki üz tutduğumuz o ölkələrdəki kimi bizim müstəqilliyimizin yaşı çox deyildi. Biz 70 il sovet ittifaqının tərkibində yaşamışdıq. Kim idi o zamanlar bizim tibbi sığorta məsələmizi düşünən. Bunun üçün zaman yetişməli idi. Müstəqilliyimiz qazanılmalı, biz müstəqil ölkəmizdə nə edəcəyimizə özümüz qərar verməli idik. Belə də oldu. Müstəqilliyimizi qazanıb əsarətdən xilas olduqdan sonra ölkəmizdə bütün sahələr sistemli şəkildə inkişaf etməyə başladı. Eləcə də səhiyyə sistemi. Yəqin xatırlayanlar olar, o zamanlar xəstəxanalardakı vəziyyəti. Köhnə, heç bir şəraiti olmayan binalarda fəaliyyət göstərən xəstəxanaların maddi-texniki bazası demək olar ki, sıradan çıxmışdı. Bütün ləvazimatlar, tibbi aparatlar, alətlər yararsız vəziyyətdə idi. Bu, hələ şəhərlərdə belə idi. Ucqar rayonlarda, onların kəndlərində isə vəziyyət daha da dözülməz idi. Kənd xəstəxanalarının demək olar ki, qapıları bağlı idi. Nə işə gələn, qapıların qıfılını açan, nə də bu xəstəxanalara üz tutan bir xəstə var idi. Şəraitsizlikdən ucqar kəndlərdə yaşayan insanlar günlərlə vaxt və xeyli vəsait xərcləməklə yaxınlıqdakı şəhər xəstəxanalarına üz tuturdular. İnsanlar olmazın çətinlikləri ilə üzləşməli olurdular. Xəstəxana şəraitində müalicə olunanlar şəhərlərdə belə rahatlıq tapa bilmirdilər. Çünki həmin xəstəxanalar da kənddəkilərdən çox fərqlənmirdi.Belə bir şəraitdə təbii ki, tibbi sığorta barədə necə düşünmək olardı? Hansı ki, bəli, xarici dövlətlərdə bu, elə o illərdən vardı. Biz nə etməliydik? Birinci səhiyyə sistemində ciddi islahatlar aparmalı, onu müasir dövrün tələblərinə uyğunlaşdırmalı idik. Belə də oldu. Müstəqilliyimizdən ötən 30 ildə Azərbaycan səhiyyəsi özünün tarixində heç vaxt müşahidə olunmayan intibah dövrünü yaşadı. Nəinki paytaxt Bakıda, regionlarda yeni xəstəxana binalarının tikilməsi, ucqar kəndlərdə belə səhiyyə müəssisələrinin yaradılması, onların hər birinin maddi-texniki bazasının gücləndirilməsi və müasir tibbi cihaz və avadanlıqlarla təmin edilməsi icbari tibbi sığortanın tətbiqinə zamanla şərait yaratmış oldu.Beləliklə də vətəndaşlarının sağlamlığı siyasi xəttində başlıca amil olan dövlətimiz icbari tibbi sığortanın tətbiqini gündəmə gətirdi və onun həyata keçirilməsi üçün lazımi tədbirləri həyata keçirməyə başladı.Bu gün ölkəmizin bütün regionlarındakı səhiyyə müəssisələrində icbari tibbi sığortanın həyata keçirilməsi üçün şərait var. Bu isə həmin sistemin tətbiqinə və insanların sağlamlığının mühafizə olunmasına imkan verir.
Xidmətlər zərfi gündən-günə zənginləşir
İcbari tibbi sığortanın keyfiyyətini artıran səbəblərdən biri də onun əhaliyə təklif etdiyi xidmətlər paketidir. İcbari tibbi sığortanın maliyyələşməsinə əmək haqlarının müəyyən hissəsi ilə dəstək olan vətəndaşlar həmişə bir məsələ ilə bağlı gileyli olublar. Bu, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərlə bağlı olub. Lakin göründüyü kimi, xidmətlər zərfi də gündən-günə zənginləşdirilir. Nəzərə alsaq ki, icbari tibbi sığorta ölkəmizdə bir neçə ildir tətbiq olunur və cəmi 2-3 il ərzində xidmətlər paketindəki xidmətlərin sayı 2500-dən artıqdır, deməli, yaxın illərdə bu say daha da artacaqdır. Hazırda xidmətlər paketinə 35 adda ilkin tibbi-sanitariya yardımı, 6 adda təcili və təxirəsalınmaz tibbi xidmət, 508 adda ixtisaslaşdırılmış ambulator tibbi xidmət, 26 adda fizioterapiya xidməti, 731 adda laboratoriya xidməti, 39 adda invaziv radioloji xidmətlər (anqioqrafiya), 950 adda cərrahi xidmət, 255 adda stasionar terapevtik tibbi xidmət daxildir. Ürək əməliyyatları, qaraciyər və böyrək köçürmələri də xidmətlər paketinə daxil ediləcək. Həmçinin endoprotezləşdirmə əməliyyatları ilə bağlı illik limit 300-dən 1200-ə qaldırılacaq. İcbari tibbi sığorta vasitəsilə tibb müəssisəsinə gedən şəxs tibbi sığorta kartını təqdim etməklə həmin paketə daxil olan bütün xidmətləri pulsuz əldə edə bilir.Bir məsələni də qeyd etməliyik ki, bəzən icbari tibbi sığorta üçün əmək haqqından ödədiyimiz vəsait üçün deyinirik. Lakin başa düşməliyik ki, bu ödənişlər həmin xidmətlərin sayını artıra bilər. Bu gün o müalicə və əməliyyatlara ehtiyacımız yoxdursa, bundan başqa insan faydalanırsa, sabah biz də faydalana bilərik. Çünki yuxarıda da vurğuladığım kimi, heç kim sağlamlığına təminat vermir. Gözləmədiyimiz anda hansısa bir xəstəlik qonağımız ola bilər.
İcbari tibbi sığorta tək əmək haqlarından ödəmələr hesabına deyil, digər ödəmələr hesabına da maliyyələşir. Bununla belə bir nəticəyə gəlmək olar ki, vəsait nə qədər çox olarsa, xidmətlər zərfi də bir o qədər xidmətlər təklif edə bilər. Buna görə də sağlamlığımız naminə bu ödənişləri əsirgəməməliyik. Kiminsə həyatını qurtarmaqda, ona yaşamağı nəsib etməkdə əməyinin olmasını düşünmək doğrudan da qürurvericidir...
İcbari tibbi sığortadan ehtiyacımız varsa, istifadə edək!
Dövlətimiz qısa zaman kəsiyində vətəndaşlarının sağlamlığı üçün yaratdığı bütün şəraitlə alqışalayiqdir. İnsanların əksəriyyəti bunu yüksək qiymətləndirir, onlara verilən dəyər kimi qəbul edir. Lakin çox təəssüflər olsun ki, aralarımızda elə insanlar da var ki, icbari tibbi sığortadan da məqsəd güdür, bundan da süni istifadə etməyə cəhd göstərirlər. Söhbətimizin bu anında region xəstəxanalarından birində qarşılaşdığım mənzərəni vurğulamağın lap yeridir: səhər-səhər xəstəxanaya getmişdim. Qapının ağzında xeyli adamla qarşılaşdım. Mən də onlar kimi dayanıb gözləməli oldum. Çünki qadınlar qapının ağzında dayanıb “növbə mənimdir”,- deyə hamını xəbərdar etməyə çalışırdılar ki, yaxına gələn olmasın. Onların öz aralarında söhbəti əsnasında anladım ki, icbari tibbi sığorta ilə müayinəyə gəliblər. Bir azdan sonra qadınlardan birinin növbəsi çatmışdı. O, kənarda duran bir neçə nəfəri səslədi ki, gəlin, içəri keçirik. Özümü saxlaya bilmədim, qadına sual verdim ki, siz neçə nəfər müayinəyə gəlmisiniz? Cavab verdi ki, 7 nəfər. Dedim, Allah şəfa verdin, nə olub ki, hamınız birdən xəstələnmisiniz? Mənə tərs bir nəzər saldı və dedi ki, xəstə-zad deyilik, gəlmişik özümüzü yoxladaq. Hamımız maaşımızdan pul ödəmişik, niyə özümüzü bir yoxlatmayaq ki...Bir anlığa məəttəl qaldım. Düşündüm ki, gör bu insanlar nəyi fikirləşirlər. Heç bir xəstəliyin olmaya-olmaya xəstəxanaya gəlmək olar, bəli. Gələrsən, yoxlanarsan, lakin ödədiyin az miqdarda vəsait qarşılığında, həm də belə tez bir vaxtda durub ailə, qohum, tanışın birlikdə xəstəxanaya gəlməsi və qadının bunu xüsusi vurğu ilə qeyd etməsi heç də yerində olmadı.İcbari tibbi sığortaya bu düşüncə ilə yanaşanlar da var. Lakin biz lazım olduğu hallarda bu tibbi xidmətdən istifadə edib, vəsaiti daha çox ehtiyacı olanlar üçün saxlamalıyıq. Elə xəstələr var ki, onlar bir saat belə gözləyə bilmirlər. Bu cür insanların isə yersiz şəkildə durub xəstəxanaya gəlmələri bağışlanmaz haldır. Düşünməliyik ki, icbari tibbi sığorta ölkəmizdə yeni tətbiq olunur. Biz hər birimiz onun inkişafına, xarici ölkələrdə görüb həsəd apardığımız səviyyəyə çatmasına töhfə verməliyik. Belə olarsa, zaman gəlib çıxacaq ki, biz istədiyimiz vaxt xəstəxanalara müayinəyə, müalicəyə gedə biləcəyik. Bu gün isə ən vacib şəhid ailələri, qazilərimiz və onların ailələri, aztəminatlı ailələr, bir də ki, gözləməsi həyatını itirməsi bahasına olacaq xəstələrimizdir...

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər