2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın Azərbaycana səfəri ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı baxımından mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüş və verilən bəyanatlar tərəflər arasında siyasi dialoqun daha da möhkəmləndiyini və qarşılıqlı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Prezident İlham Əliyev bəyanatında Azərbaycanın regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına daim töhfə verdiyini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, ölkəmiz beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regional əməkdaşlığın genişlənməsinə və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə böyük önəm verir. Bu baxımdan Avropa İttifaqı ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri hesab olunur. Görüş zamanı enerji təhlükəsizliyi məsələsi də xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu vurğulayaraq bildirib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xüsusilə təbii qazın Avropa bazarlarına çatdırılması və enerji layihələrinin genişləndirilməsi sahəsində əldə olunan uğurlar Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının strateji əhəmiyyətini daha da artırır. Bəyanatda həmçinin regional sülh gündəliyi də geniş şəkildə müzakirə olunub. Azərbaycan rəhbərliyi Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün konstruktiv mövqeyini bir daha nümayiş etdirib. Prezident İlham Əliyev ölkəmizin sülh təşəbbüslərinə sadiq olduğunu və regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Səfər çərçivəsində aparılan müzakirələr göstərib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Tərəflər həmçinin qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi və tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini də vurğulayıblar. Beləliklə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini, Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşviqində mühüm rol oynadığını bir daha nümayiş etdirdi. Bu səfər həm də Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi platforma yaratdı.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı