Analitika

  • 4 837

Xaricdə təhsil almalı yoxsa Azərbaycanda? - ARAŞDIRMA

image

Hər bir gənc illərini sərf edəcək universitet həyatında yüksək keyfiyyətli təhsil almaq istəyir. Yerli özəl universitetlərin bir çoxunda tədrisin yüksək səviyyədə olmasına baxmayaraq, həmin universitetlərdə illik təhsil haqqı qiymətlərinin yüksək məbləğdə olması səbəbindən dolayı tələbələr özəl universitetlərdə təhsil almaqdan imtina edirlər. Xaricdə təhsil şöbəsinin 2003-cü ildən bəri statistikaların nəticələrinə görə xarici universitetlər yerli universitetlərə nisbətən aşağıdakı kimi müqayisə olunur. Həm təhsil, həm təcrübə, həm də laboratoriya şəraitlərinə baxdıqda xaricdə təhsil ölkəmizdəki təhsildən qat-qat üstün sayıla bilər. Amerika, Kanada, İngiltərə kimi yerlərdə təhsilin keyfiyyəti və reytinqi dünyanın ən qabaqcıl yüz universitetinə rəhbərlik edir.

Bəs xaricdə təhsil almaq üçün nə qədər xərc tələb olunur?
Araşdırmalara görə, Slovakiya, Çexiya, Polşa və Latviya Avropada hələki ən uyğun şərtlərlə (qəbul şərtləri, təhsil haqqı, viza və s.) təhsil təklif edən ölkələrdir. Məsələn, illik təhsil haqları Polşa universitetlərində 1.000-5.000, Çexiya universitetlərində 700-5.500, Latviyada 2.100-6.500 və Slovakiya universitetlərində isə 1.000-3.500 avro arasında dəyişir.Prezident İlham Əliyevin fevralın 28-də gənclərin xarici ali təhsil müəssisələrində iki təhsil pilləsi - bakalavr və magist üzrə təhsillərinin maliyyələşməsi haqqında sərəncamına əsasən 2022-2026-cı illəri əhatə edən proqram tam təqaüd verilməli və təhsil, viza və təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat, bank və plastik kart xərclərini qarşılamalıdır. Bundan əlavə, digər iştirakçılardan fərqli olaraq, beynəlxalq olimpia qaliblərindən DİM imtahan nəticəsi də tələb edilmir.Bakı Mühəndislik Universitetinin prorektoru, təhsil eksperti Elçin Süleymanov SİA-ya açıqlamasında bildirir ki,xaricdə təhsil alacaqsa birinci növbədə sözügedən təhsil məqsədli olmalıdır. Burada iki istiqamətdə düşünməlidir: biri savadlı, qabiliyyətli, istedadlı tələbələri daha strukturlu, onların biliklərinə cavab verən universitetlərə güzəştli şərtlərlə və təqaüdlə dövlətin hesabına və ya universtetin hesabına olmalı,ikinci isə Azərbaycanda daxili universitetlərə qəbul ola bilməyən, müəyyən reklamlarla, atestatla Ukrayna, Türkiyəyə göndərilən tələbələrdir. Bundan əlavə olaraq ən pisi də bu dövlətlərə qeyri-qanuni qeydiyyatsız reklam yerlərinin də adı olub, lakin məkanı olmayan yerlərlə qarşılaşılmaqdır. Bu kimi dələduzlarla qarşılaşmamaq üçün kifayət qədər məlumat yığmalı və araşdırılmalıdır. Gürcüstan, Ukrayna, Türkiyənin əyalətlərdəki universitetlərə gəldikdə isə Azərbaycanda yaxşı bal toplamayan birinin xaricdə yaxşı bir mütəxəssis olması çox da inandırıcı deyil. Düzdür istisnalar var. Amma ümumi götürdükdə xaricdə təhsil yerli universitetlərdə ki təhsildən daha çətindir.Ümumi olaraq həm Avropada, həm Amerikada yaşamış biri olaraq deyə bilərəm ki, bakalavr təhsili üçün əgər spesifik bir ixtisas deyilsə xaricdə oxumağa çox da ehtiyac yoxdur. Çünki Azərbaycanda bir neçə universitet var ki, onlarda bakalavr təhsil, heç də xaricdən geri qalmır. Amma magistr təhsilinə görə, dünya universitetlərinə üz tutmağa dəyər. Ona görə ki onlarda laboratoriya imkanları genişdir, həm də şəxsiyyətin formalaşması üçün daha faydalı olar. Orada təkcə dövlət proqramı yox, həmçinin universitetlərin özlərinin təsis etdiyi müxtəlif proqramları, imkanları olur. İstiqamət olaraq isə artıq gələcəyimiz kompüter texnologiyaları, marketinq, data analitik, gen mühəndisliyi, ekoloji kənd təsərrüfatı məhsulu, enerji mühəndisi, maliyyə mühəndisliyi və sairə bütün bu sahələr gələcəkdə ən çox ehtiyacı olan sahələrə yönəlməlidir.Digər Təhsil eksperti Kamran Əsədov isə qeyd edir ki, hal-hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 21 mini qardaş Türkiyədə, 8 mini Ukraynada, 6 mindən çoxu Rusiya, Gürcüstan universitetlərində təhsil alır.Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri – qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər.İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün onlar xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin universitetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, komputer və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur.Üçüncü kateqoriyanı isə Azərbaycan Respublikası Prezidentinin 2007-2015-ci illəri əhatə edən "Xaricdə təhsil Dövlət Proqramı" çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir. Bu proqram çərçivəsində daha çox azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülür. Xaricdə Təhsil proqramı ilə gəncləri daha çox müəyyən edilmiş prioritet ixtisaslar - beynəlxalq münasibətlər, tibb, baytarlıq, kənd təsərrüfatı, mühəndislik, yüksək texnologiyalar, qədim dillər ixtisasları əhatə edir.Hal-hazırda ən ciddi problem xarici ölkələrdə təhsil alanların diplomlarının tanınması ilə bağlıdır. Bu bəzi hallarda xarici təhsil xidməti göstərən şirkətlərin şəxsi kommersiya maraqları ucbatından baş verir. Belə ki, lisenziya müddəti bitmiş və akkreditasiyası olmayan universitetlərə qəbul həyata keçirilir. Ona görə də valideyinlər yalnız xaricdə təhsil ilə bağlı mütəxəssislərə müraciət etməlidirlər. Valideyinlər bilməlidir ki, övladlarını Türkiyəyə qiyabi təhsil almağa göndərirlərsə, onun diplomu birmənalı olaraq tanınmayacaq, çünki Türkiyədə qiyabi təhsil yoxdur. Bundan başqa tələbələr oxumağa getdikləri ölkədə qiyabi təhsil alacaqlarsa azı 15 gün, əyani təhsil alacaqlarsa 90 gün semester ərzində o ölkənin ərazisində olmalıdırlar.
Bundan başqa hər bir xarici ölkəyə oxumağa gedən şəxs eric-naric sistemində o universitetin olub-olmamasını yoxlamalıdır. Bunlarla yanaşı xarici öılkələrdə oxumağa gedənlər o ölkənin dilini və tədris dilini bilmirlər ki, bu da sonradan onların diplomlarının tanınması zamanı maneəyə səbəb olur.Dövlət Proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu nəzərə alsaq, qeyd olunun ixtisaslar çox vacibdir.
Bəs gəncləri xarici universitetlərə cəlb edən nədir?
Türkiyənin "Hacettepe" universitetində Çağdaş Türk Ləhcələri və ədəbiyyatları ixtisasında təhsil alan gəncimiz Səidə İsmayılova bu haqda bir neçə sualımızı cavablandırıb.
Xaricdə təhsil almağınıza səbəb kimi nəyi göstərə bilərsiniz?
Yəni ölkəmizdə davam edə bilərdiniz. Bakalavr təhsilimin son ilində həm Azərbaycanda magistratura təhsili almaq üçün imtahan verdim, həm də Türkiyə Bursları proqramına müraciət etdim. İmtahan nəticəsində Azərbaycanda da istədiyim universitetə, istədiyim ixtisasa qəbul almışdım – BDU, Dünya ədəbiyyatı ixtisası. Bu nəticədən sonra Türkiyədən də qəbul aldım və hazırda Türkiyə Bursları proqramı çərçivəsində təhsilimi davam etdirirəm. Hansı ki həm təqaüd alıram, həm ödənişsiz təhsil alıram, yataqxana, sağlamlıq sığortası ilə təmin olunuram və s. Bu fürsəti əldən verə bilməzdim, çünki həm fərqli təcrübələri sevirəm, həm də bu ixtisasın Türkiyədə daha yaxşı tədris edildiyi qənaətindəyəm. Ümumiyyətlə, mənim üçün “harada olmaq?” yox, “nəyi harada etmək?” sualının cavabı önəmlidir.Ölkəmizdə təhsil aldığım müddətdə BDU-da Filologiya üzrə təhsil almağıma dair heç vaxt peşmanlıq hiss etməmişəm, fəqət çatışmazlıqlar vardı, buna görə də təhsilimi başqa yerdə davam etdirmək qərarına gəldim. Ölkəmizdə təhsillə bağlı problemlər sadəcə qurumlarla – məktəb, lisey, kollec, universitetlərlə və s. bağlı deyil. Bununla yanaşı, şagird və tələbələr üçün təmin edilmiş şərait də ürəkaçan deyil. Ümid edirəm, bu problemlərin həll olunması yolunda lazımi addımlar atılar.

Müəllif: Havar Şəfiyeva

Digər xəbərlər