Azərbaycanın isə Ermənistana təsir mexanizmləri artır və hətta yedək elementləri də mövcuddur
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Dövlət Departamentinin təmsilçisi Filip Rikeri qəbul edib. O da bəllidir ki, görüşdə Ermənistan rəsmiləri ilə kontaktlarda olan XİN rəhbəri və Prezidentin köməkçisi də iştirak ediblər. Bütün bunlar öz yerində, lakin sözügedən məqamda belə bir sual yaranır: axı ABŞ rəsmiləri, ümumiyyətlə isə Qərbin müəyyən siyasi dairələri nəyə görə bu qədər təlaşlıdırlar və həmin təlaşlıq hansı səbəblərdən 30 il boyunca müşahidə olunmadı? Yaxud Azərbaycanın əraziləri işğal altında qalarkən, işğalçı Ermənistan guya özü üçün təhlükəsizlik bufer zonalarını yaradıb mülki və dinc əhalimizi davamlı atəş altında saxlayarkən, kənd və qəsəbələrimizi atəşlərə məruz qoyarkən məlum dairələr nəyə görə cınqırlarını belə çıxarmayaraq işğal və terror faktlarına göz yumurdular?
Nikol Paşinyanın hakimiyyətdə qalması ABŞ üçün kritik dərəcədə vacib bir məsələdir
Beləliklə, Rikerin Bakıy səfəri məhz delimitasiya və demarkasiya olunmamış sərhədlərdə erməni tərəfinin təxribatları nəticəsində eskalasiyanın artdığı vaxta təsadüf etdi. Həmçinin, bundan əvvəl Dövlət Departamentinin rəhbəri Blinken də məlumat vermişdi ki, Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı aparıb. Yəni bu, onu göstərir ki, Rikerin səfərinə qədər artıq Azərbaycan ABŞ-ın siyasi rəhbərliyi ilə fikir mübadiləsi aparıb.Ancaq daha bir reallıq ondan ibarətdir ki, Nikol Paşinyanın hakimiyyətdə qalması ABŞ üçün kritik dərəcədə vacib bir məsələdir. Özü də Filip Riker Nikol Paşinyan Vladivostokda ŞƏT-in sammitində olduğu müddətdə Ermənistana səfər edib, nə az, nə çox - düz 3 gün İrəvanda erməni baş nazirinin yolunu gözləyib. Hətta sarkazmla ifadə etsək amerikalılar Nikolun iqtidarda qalması üçün gecələr belə yata bilmirlər, yəni bu qədər əhəmiyyətlidir. Bəs amerikalı rəsmilərin bu qədər paşinyansevərliklərinin arxasında hansı məntiq dayanır?
Onların yeganə çıxış yolları təxribatlar törətməkdir ki, həmin faktor da onlar üçün ölümcül zərbələrlə nəticələnir
Sirr deyil ki, Paşinyan iqtidarına Ermənistan daxilində hər hansı bir təhlükə yoxdur. Belə ki, ölkə müxalifəti marginaldır, etirazçı elektorat yox səviyyəsindədir, seçicilərin demək olar ki, 50%-i nə hazırkı hakimiyyətə, nə də əvvəlki iqtidarlara inanmırlar, etibar etmirlər. Belə olan vəziyyətdə Paşinyanın hakimiyyət kreslosunu laxlada biləcək yeganə təsir qüvvəsi Azərbaycanla hərbi eskalasiyaya getdiyi zaman ağır və sarsıdıcı məğlubiyyətlərə uğraması amildir. Sonuncu hadisələr isə göstərir ki, Ermənistan ordusu qarşıya qoyulan vəzifələrinin öhdəsindən gəlməyi bacarmır. Onların yeganə çıxış yolları təxribatlar törətməkdir ki, həmin faktor da onlar üçün ölümcül zərbələrlə nəticələnir.Bu zaman ABŞ-ın qarşısında öhdəlik dayanır – Paşinyanın hakimiyyətinə olan təhlükəmi maksimum şəkildə azaltmaq və həmin yolda iki seçim var – ya mövcud münaqişənin əyləcini basmaq, ya da Bakı ilə İrəvanı bir araya gətirmək və sülh əldə etmək. Lakin görünən budur ki, ABŞ erməni təxribatlarının qarşısını almaq üçün göstərdiyi cəhdlərini puça uçurur və münaqişəni dondurmaq da mümkün deyil, çünki Bakının qətiyyəti və iradəsi ortadadır.
Əgər amerikalılar Ermənistana, daha doğrusu Paşinyana kömək etmək istəyirlərsə onda buyurub sülh sazişinin imzalanmasına vasitəçilik etsinlər, əlbəttə ki, ölü Minsk qrupu xaricində!
Azərbaycanın yeganə tələbi isə əldə olunmuş razılaşmaların Ermənistan tərəfindən icra edilməsidir və Bakı Vaşinqtona da bunu anlatmağa çalışır. Belə desək, əgər amerikalılar Ermənistana, daha doğrusu Paşinyana kömək etmək istəyirlərsə onda buyurub sülh sazişinin imzalanmasına vasitəçilik etsinlər, əlbəttə ki, ölü Minsk qrupu xaricində!ABŞ rəsmiləri də artıq anlamağa məhkumdurlar ki, Qarabağ məsələsini yarıda qoyub paralel şəkildə sülh sazişi gündəminə getmək ümumiyyətlə, Azərbaycan dövlətinin maraqlarını təmin etmir. Yerdə qalan ciddi-cəhdlər isə əslində Ermənistanın vəziyyətini daha da ağırlaşdırır, habelə Paşinyanın özünü də.
Ermənistanı 30 il ayaqda saxlayan Rusiyaya qarşı Qərb kartının oynanılması həmin faciələri artıra bilər
Nəticə etibarı ilə ABŞ bilavasitə həmin məsələlər üzərində düşünməli və qərarlarını verməlidir. Azərbaycanın isə Ermənistana təsir mexanizmləri artır və hətta yedək elementləri də mövcuddur. Yeni yüksəkliklər, məhv edilmiş texnika və canlı qüvvələr, darmadağın edilmiş hərbi infrastrukturlar – bütövlükdə isə uzun illər geriyə qaytarıla bilinməyəcək çoxsaylı itkilər!Bütün bunların təhlilini apararkən son olan məntiq belədir: ermənistanın mövcud strategiyası və sözdə diplomatik taktikaları ölkəni yeni, hətta qarşısıalınmaz faciəyə doğru sürükləyir. İlk növbədə isə bu ölkəni 30 il ayaqda saxlayan Rusiyaya qarşı Qərb kartının oynanılması həmin faciələri artıra bilər. Bu isə başqa mövzudur və həmin mövzuya da toxunacağıq...
Rövşən RƏSULOV