Analitika

  • 4 972

Artıq futbol da bir siyasətdir BİZİM NƏZƏRDƏN+AKTUAL

image

Prezidentin dünyaya mesaj verən çox önəmli tviti!

Məlum olduğu kimi, Ağdamın "Qarabağ" futbol komandası UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirdi və Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransanın "Nant"ı ilə üz-üzə gəldi.Bəri başdan qeyd edək ki, “Qarabağ”lılar sentyabrın 12-13-də Azərbaycanla Ermənistanın müəyyən olunmamış sərhədlərində erməni təxribatının qarşısının alınması zamanı Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etmək üçün UEFA-ya rəsmi müraciət etmişdi. Lakin UEFA bu müraciəti qəbul etməyərək, əslində, bir daha ortada ikili standartlar faktının mövcud olduğunu nümayiş etdirdi. Ancaq buna baxmayaraq, Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad etdilər və ən azından, ikili standartlar stereotipinə də qarşı aparılan mübarizənin bir yolunun olduğunu isbatladılar.Söz yox ki, bu oyun yalnız idman yarışı kimi deyil həm də siyasi tərəfdən də öz əhəmiyyəti ilə seçilirdi və bunu, əslində, ermənilərə daim dəstək göstərən fransızlar da, elə bacılıqları olan ermənilər də yaxşı anlayırdılar. Həmçinin, burada futbol şərhi verməyi lüzum bilmədiyim üçün əsas mətləbə keçməyə qərar verdim. Hər halda, öz işlərinin peşəkarları, yəni futbol mütəxəssisləri və idman jurnalistləri onsuz da görüşün təfərrüatları, oyun texnikasının qurulması və s. barədə gen-bol informasiyalar veriblər.Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən və avrokuboklarda adını növbəti dəfə tarixə yazan "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazandıqdan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Tvitter hesabında möhtəşəm təbrik tviti atıb:

Qarabağ (Azərbaycan)-Nant (Fransa) -3:0
Darmadağın!

Qarabağ Azərbaycandır!

Məhz bu mühüm məqam hər birimizin diqqətini çəkdi və bu mülahizəni də irəli sürməyə şərait yaratdı ki, əslində idman da bir siyasətdir. Bəli, zamanında siyasətin idmana heç bir aidiyyatı olmadığı deyilirdi, fəqət müasir dövrümüzdə dəyişən siyasi mühit və hadisələr artıq həmin ifadənin çıxdaş olduğunu təsdiqləyir və nəinki idmanda, eləcə də mədəniyyət və s. sahələrdə də siyasət hər növ sahənin tərkib hissəsində özünə yer edib. Misal üçün, elə götürək yenə də futbolu. Azmı olub ki, istər milli komandamız, istərsə də ayrı-ayrı klublarımız Dünya və Avropa oyunları çərçivəsindəki qrup mərhələlərində çıxış edərkən 100%-lik penalti və ya cərimə zərbələrinin tətbiq edilməsinin qarşısı alınıb? Azmı olub ki, 100%-lik qollarımız hesaba alınmayaraq “ofsayd” kimi qiymətləndirib? Dəfələrlə olub! Uzağa getməyərək, “Qarabağ”ın Almaniyanın “Frayburq” komandası ilə UEFA Avropa Liqasının qrup mərhələsindəki oyuyunda üzləşdiyi haqsızlığı da qeyd etmək yerinə düşərdi. Hənmin oyunda “Frayburq”un haqq etmədiyi qolu hesaba alındı, üstəlik, “Qarabağ”ın haqq etdiyi penatlisi təyin edilmədi. Nəticədə komandamıza qarşı açıq-aşkar ikili standartlar tətbiq olundu, yəni komandamız qəsdən uduzduruldu!Hətta oyunlardan sonra təkrar videoyazılara baxan UEFA rəsmiləri bütün bunları təsdiq ediblər, amma əlbəttə ki, çox gec olub. Atalar demişkən, daldan atılan daş topuğa dəyər, yaxud bu kimi oyunbazlıqlar toydan sonra nağara vurmağa, və ya xəlbirlə su daşımağa daha çox bənzəyir.Beləliklə, Prezident İlham Əliyev komandamızın bu qələbəsinə hətta önəmli səfərdə olduğu bir zamanda sevinci ilə izhar etdi, qürurla və bir neçə cümlə ilə dünyaya “Qarabağ Azərbaycandır!” mesajını yolladı. Əslində həmin mesajın siyasi tərəflərini görməmək mümkün deyil. Dünya bilir və görür ki, Azərbaycan özünün əzəli torpaqlarını – Qarabağı erməni işğalından azad etməsi üçün hansı çətinliklərdən keçdi və bu çətinliklərin hər birinin təməlində ikili standartlar, açığını desək, xristian klubu maraqları dayanırdı. 30 il (!) Azərbaycan xalqı gözlədi, səbr etdi, amma bu gözləntilər də istənilən nəticəni vermədi. Sonunda lazım olan addım atıldı və bu gün o torpaqlarımız düşmən tapdağından azad edilib. Qalır çox cüzi hissəsi ki, əslində həmin hissənin də tezliklə separatçı tör-töküntülərindən təmizlənəcəyinə sayılacaq vaxtlar qalıb, lap az..!“Qarabağ” alın təri ilə qazandığı qələbəsini öz əziyyəti, qarşılaşdığı haqsızlıqlar fonunda, əsl mübarizə aparması ilə əldə etdi, öz sözünü dedi, oyunu ilə də sübut etdi! Necə ki, Azərbaycan dövləti və xalqı öz şanlı Ordusu, Müzəffər Ali Baş Komandanı ətrafında birləşməklə həmin mübarizəsini cəbhədə göstərdi. Və bütün bunların paralellik təşkil etməsini kimsə inkar edə bilməz.Artıq futbol da bir siyasət meydanıdır və Prezidentimizin tviti də, əslində, dünyaya verilən növbəti mesaj oldu – Qarabağ Azərbaycandır və əbədiyyən də Azərbaycan olacaq, bu torpaqlarımızın hər qarışında, hər addımında Azərbaycan olub, var və olacaq!

Rövşən RƏSULOV

Digər xəbərlər