PDF Oxu

Siyasət

  • 689

Azərbaycan Türk dövlətləri Təşkilatının ən önəmli sütunudur

image

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artdığı bir dövrdə Azərbaycanın təşkilat çərçivəsində fəal rolu xüsusi diqqət çəkir. Son günlər Bakıda TDT üzv dövlətlərinin dini liderlərinin, ardınca isə Təhlükəsizlik Şuralarının katiblərinin yüksəksəviyyəli toplantılarının keçirilməsi ölkəmizin Türk dünyası ilə əlaqələrinin sistemli və çoxşaxəli xarakter daşıdığını göstərir.

Hazırda ölkəmizin geosiyasi və etno-mədəni xəritədəki yeri, sadəcə, coğrafi koordinat deyil, Avrasiyanın gələcəyi üçün strateji qovşaqdır. Bu gün Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın həm Türk dünyasının ayrılmaz bir parçası, həm də bu regionda yerləşən yeganə Türk dövləti olması ölkəmizin unikal missiya qoyur.
Bu mürəkkəb kimlik və coğrafi reallıq onu regionun təkcə bir aktoruna deyil, geosiyasi dinamikanı formalaşdıran əsas güc mərkəzinə çevirir.
Əminliklə söyləmək olar ki, Azərbaycan TDT-nin mərkəzi sütunlarından biridir. Mərkəzi Asiyadakı Türk respublikalarının Avropa və dünya bazarlarına çıxışı məhz Azərbaycanın infrastrukturu – Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə mümkündür. Beləliklə, Azərbaycan yalnız öz milli maraqlarını təmin etmir, həm də Mərkəzi Asiya ilə Anadolunu, nəticə etibarilə bütün Türk dünyasını birləşdirən geoiqtisadi zəncir rolunu oynayır.
Azərbaycanın TDT çərçivəsində fəallığında Prezident İlham Əliyevin siyasi xəttinin xüsusi yeri var. Dövlətimizin başçısı çıxışlarında Türk dünyasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim edir. Onun yanaşmasında diqqətçəkən məqamlardan biri Türk dünyası anlayışının yalnız tarixi və mədəni kateqoriya kimi deyil, müasir siyasi və iqtisadi əməkdaşlıq platforması kimi təqdim edilməsidir. Bu yanaşma TDT-nin fəaliyyət istiqamətlərində də öz əksini tapır. Təşkilatın gündəliyində artıq yalnız dil, mədəniyyət və tarixi irslə bağlı məsələlər deyil, ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, təhlükəsizlik və digər praktiki sahələr mühüm yer tutur.
Digər tərəfdən, TDT-nin beynəlxalq sistemdə rolu genişləndikcə siyasi, təhlükəsizlik və iqtisadi əməkdaşlıq imkanlarının da artması gözlənilir. Bu baxımdan Azərbaycanın təşkilat daxilində fəal iştirakı və Bakının çoxtərəfli dialoq məkanı kimi mövqeyi türk dövlətləri arasında əməkdaşlığın gələcək mərhələsi üçün xüsusi əhəmiyyət daşıyır.
TDT-nin əsas strateji hədəflərindən biri aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməkdir. 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra təşkilat üzv ölkələr arasında əlaqələrin inkişafı, mühüm məsələlərin həlli və beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli yol keçib. Bu gün TDT müxtəlif sahələri əhatə edən əməkdaşlıq mexanizmlərinə malikdir və onun potensialından daha geniş istifadə olunması üçün imkanlar artır. ‎Bu baxımdan dövlət başçılarının görüşlərinin daha intensiv keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bu prosesdə həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin TDT çərçivəsində ardıcıl siyasəti Türk dünyasının potensialının daha səmərəli reallaşdırılmasına, üzv dövlətlər arasında qarşılıqlı etimadın və həmrəyliyin daha da möhkəmləndirilməsinə xidmət edir
Ən əsası, Azərbaycanın TDT-də fəallığını yalnız “türk dövlətləri ilə həmrəylik” anlayışı ilə məhdudlaşdırmaq olmaz. Burada daha geniş proses – ortaq tarixi və mədəni bağların siyasi institutlara, iqtisadi layihələrə, nəqliyyat və enerji dəhlizlərinə, təhlükəsizlik mexanizmlərinə və humanitar əməkdaşlığa çevrilməsi prosesi gedir. Azərbaycanın Qafqazda yerləşməsi isə prosesdə ona xüsusi geostrateji mövqe qazandırır. Bu status Azərbaycana Türk dünyasının Qərbə açılan qapısı və Qafqazın geosiyasi təhlükəsizlik arxitekturasının əsas memarı olmaq imkanı verir.

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

Digər xəbərlər