Analitika

  • 4 864

"Bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir" TƏHLİL

image

Azərbaycanın hər bir guşəsi gözəldir və tarixi onun əzəli torpağımızın keçdiyi şərəfli və qürurlu bir yoldan bizə soraqdır. 30 ilə yaxın işğal altında olan torpaqlarımızda 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qaldırılan üçrəngli bayrağımız tarixi torpaqlarımızda dalğalanır. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. "Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycanın hər bir yerində dalğalanan Dövlət Bayrağının Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra işğal altında olan torpaqlarda qaldırılacağına əminliyini bildirmişdi: "Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq". Zəfər tariximiz bizə bu qüruru yaşatdı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad olunan torpaqlarımıza sancıldı. Şəhər, kənd və qəsəbələrimiz erməni işğalından azad edildi. Minlərlə şəhid verən torpaqlarımız bu gün yenidən qurulur, abadlıq-quruculuq işlərinin sürəti artır.

ZABUX VƏ SUS KƏNDLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ VƏ TİKİNTİSİNƏ İLKİN OLARAQ, 800,0 (SƏKKİZ YÜZ) MİN MANAT AYRILIB
"Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir" - deyə dövlət başçısı bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" Sərəncamı işğaldan azad olunan ərazilərimizin tezliklə abadlaşacağını və öz torpaqlarından didərgin düşmüş minlərlə insanın öz dədə-baba yurduna tezliklə qayıdacağını özündə əks etdirir. Dövlət başçısının Sərəncamına əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılıb.
"MƏN HƏMİŞƏ DEYİRDİM Kİ, LAÇIN, KƏLBƏCƏR VƏ ŞUŞA AZƏRBAYCANA QAYITMASA, HEÇ BİR RAZILAŞMA OLA BİLMƏZ"
1 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrildi. Cənab Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. 1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmayıb. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur. Mənbələrdə göstərilir ki, 1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək, Laçın istiqamətində irəliləməyə başladı. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.
"LAÇIN RAYONU AZƏRBAYCANIN GƏLƏCƏK İQTİSADİ İNKİŞAFINDA MÜHÜM ROL OYNAYACAQ"
Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon - Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağın Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970–1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.1992-ci ildə Ermənistan tərəfindən işğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçının səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır. Çayları Həkəri və onun qollarıdır. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla, ərazisi 1800 kvadratkilometrdir. Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfatının inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Ərazinin mineral su yataqlı 8 yeraltı su yatağı mövcuddur. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Buranın təbiəti isə xüsusilə füsünkardır. Dövlət başçısı çıxışlarının birində bildirib ki, Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir: "Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda, işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır. Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək. Cənab İlham Əliyevin bildirdiyi kimi, "Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Laçın bizimdir! Qarabağ Azərbaycandır!".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər