PDF Oxu

Sosial

  • 760

Şəhidin xatirəsinə futbol turniri keçirilib - FOTO

image

Azərbaycan ordusunun əsgər və zabitləri 44 günlük haqq savaşımızda ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edərək xalqımıza misilsiz, əbədi bir qürur miras qoydular. Bu miras şanlı zəfərimizin qəhrəmanlıq simvoluna çevrilən Vətən övladlarının adına həmişə şöhrət gətirəcək. Doğma Qarabağın azadlığı uğrunda şəhid olub ölümsüzlüyə qovuşan belə qəhrəmanlardan biri də Lənkəran rayonunun Mamusta kəndində dünyaya göz açan Afərin Qulamzadədir. Afərin bu dünyada cəmi 21 il yaşadı. Qaldı ki, yaşının çərçivəsinə sığmayan hünəri adını tarixə yazdı. El-obasına, torpağına sonsuz məhəbbət mücəssəməsinə dönən oğlunu xalq heç vaxt unutmur.

Bu günlər isə doğulub boya-başa çatdığı doğma kənd stadionunda Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Afərin Qulamzadənin xatirəsinə həsr olunmuş futbol idman növü üzrə Lənkəran-Astara region turnirinin açılış mərasimi keçirildi.
Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni oxundu, müstəqilliyimiz uğrunda qan tökən, can qoyan Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Açılış mərasimində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdirinin, Mamusta kənd icra nümayəndəsinin, şəhid ailələri və kənd sakinlərinin iştirak etdikləri turnirin təşkilində məqsəd gənclər arasında futbol idman növünün inkişafı, sağlam həyat tərzinin təbliği, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların yarış təcrübəsinin artırılması, eləcə də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi və gələcək nəsillərə tanıdılmasıdır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər