Analitika

  • 5 520

Xalqımız Ulu Öndərə tarix boyu minnətdar olacaq - ŞƏRH

image

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən fenomen şəxsiyyətlərindəndir. Müstəqil, müasir Azərbaycan dövlətinin banisidir. Hakimiyyətinin birinci dövründə, sovet hakimiyyəti zamanında Ümummilli Liderin Azərbaycan tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, dilinin, ədəbiyyatının qorunub saxlanılmasında, iqtisadi, elmi inkişafda böyük xidmətləri olub. Üstəlik, Onun hakimiyyətinin birinci dövründə atdığı bütün addımlar Azərbaycanın müstəqilliyinə, onun gələcəyinə köklənib.

Bu baxımdan, xalqımızın Ulu Öndəri Heydər Əliyevin siyasi fəaliyyəti, istər sovet, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı və yüksəlişi naminə gördüyü işlər tarixdə liderlərin roluna dair ən mükəmməl nümunədir. Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olan unudulmaz tarixdir. Elə buna görə də Vətənini, dövlətini sevən, dövlətçilik ideallarına bağlı olan hər bir azərbaycanlı qəlbində Heydər Əliyevə əzəmətli abidə ucaltmışdır.

Hələ sovetlər birliyində respublikamızın iqtisadi inkişafı, cəmiyyətimizdə milli ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının reallaşması naminə çalışan Ulu Öndər Heydər Əliyevə müasir Azərbaycan dövlətinin parçalanmaqdan xilas edilməsi missiyası nəsib oldu. 1993-cü ildə ölkəmizin çətin bir vaxtında heç kimin öhdəsindən gələ bilməyəcəyi məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Ulu Öndər müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların ehtiramını qazandı.

Azərbaycan daha da inkişaf etdikcə Heydər Əliyevin dahiliyini daha dərindən dərk edirik. Həmçinin iki il əvvəl 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər həm də Heydər Əliyev siyasətinin təcəssümü, Heydər Əliyev yolunun davam etdirilməsinin məntiqi nəticəsi idi. Dövlət və xalq olaraq qazandığımız bütün nailiyyətlər təsdiq edir ki, möhtərəm Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi Heydər Əliyev yolunun, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun alternativi yoxdur.

Qeyd edilənlərə görə xalqımız həmişə dərin hörmətlə Ulu Öndəri yad edib. Hər il may ayının 10-da ölkəmizin hər yerində müxtəlif tədbirlər keçirilməsi Ulu Öndərə olan ümumxalq məhəbbətinin göstəricisidir. 2023-cü ildə Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ulu Öndərin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi cəmiyyətdə böyük razılıq və minnətdarlıqla qarşılandı.

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq geniş tədbirlər planı hazırlanacaq, Heydər Əliyevin 100 illik yubileyi Azərbaycanda və eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd ediləcək. Əlbəttə, Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası da öz tədbirləri ilə “Heydər Əliyev ili”nə layiqli töhfələr verəcək.

Prezident İlham Əliyevin respublikamızda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı sərəncamında qeyd olunduğu kimi, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Bütövlükdə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi respublikamızın həyatında böyük siyasi-ictimai hadisədir. Növbəti il bu istiqamətdə həyata keçiriləcək tədbirlər Ulu Öndərin dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsində, təbliğ olunmasında, gələcək nəsillərə ötürülməsində, həm də inkişaf etdirilməsində yeni mərhələ olacaq. Bununla yanaşı, heç bir şübhə yoxdur ki, təkcə gələn il yox, xalqımız Ulu Öndər Heydər Əliyevə tarixboyu minnətdar olacaq, hər zaman onu dərin ehtiramla yad edəcək.

Emil Məmmədov,

YAP Göygöl rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər