Analitika

  • 7 171

Azərbaycançılığı əks etdirən bayrağımız

image

2020-ci il – yeniləşən, rəqəmsallaşan, innovativ intellektə əsaslanan bu dünyada Azərbaycanın öz yeni tarixini yazmağa başladığı bir ildir. Məhz 2020-ci ildə Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək hər bir azərbaycanlıya canı qədər doğma olan bayrağımızı işğaldan azad edilmiş ərazilərdə dalğalandırmağa başladılar.

Bu gün fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan bayrağı ölkəmizin hər bir şəhər, rayon, kəndində dalğalanır. Prezident İlham Əliyevin 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdığı zaman vurğuladığı kimi: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.
İkinci Qarabağ-Vətən Müharibəsinin zənnimcə Zəfərlə, Qələbə ilə başa vurmağımızın bir böyük mənası da məhz Azərbaycanımızın üçrəngli bayrağı ilə bağlıdır. Belə ki, bayraq deyəndə biz milli-mənəvi dəyərlərimizi, bizə doğma olan Vətənimizi, ən müqəddəs hesab etdiyimiz atributumuzu başa düşürük.
Üçrəngli Dövlət bayrağımızın yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Belə ki, 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilmiş Dövlət bayrağı ilk dəfə həmin iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Dövlət bayrağındakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən bu düsturun müəllifi görkəmli Azərbaycan mütəfəkkirlərindən olan Əli Bəy Hüseynzadədir.
Azərbaycanın Sovetlər dönəmində yaşadığı vaxtda rəsmi dövlət bayrağı Azərbaycan SSRİ bayrağı ilə əvəz olunsa da, milli varlığımızı əks etdirən üçrəngli bayrağımız hər zaman xalqımızın qəlbində yaşamış və yaddaşında qorunub saxlanılmışdır.
Bunun məntiqi nəticəsidir ki, 1990-cı ildə Azərbaycanın böyük oğlu, Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına rəhbərlik edərkən bizi tanıdan, mənəviyyatımızı, milliliyimizi əks etdirən üçrəngli bayrağımızı zala gətizdirərək rəsmi Dövlət bayrağı kimi təsdiq olunmasına heçnədən qorxmayaraq nail oldu.
Sonradan isə məhz Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müvafiq instansiyaların qarşısında məsələ qaldıraraq qəbul edilən qərarın rəsmiləşməsinə nail olmuş və 05 fevral 1991-ci il tarixində artıq Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağımızı Dövlət Bayrağı elan etmişdir.
30 il müddətində Azərbaycan tarixinin müstəqillik dövrünü əhatə edən üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin qorunması, suverenliyinin bərpa olunması, qələbələrimizin təmin olunmasında iradəmizi daha da möhkəmləndirmiş, habelə bütün yarış platformalarında bizə mənəvi güc vermişdir.
Planetimizin bütün qitələrində keçirilən beynəlxalq idman tədbirlərində, ölkə başçısının bütün səfərlərində ən böyük sərvətimiz olan bayrağımız xalqımızın arzularını reallaşdırmış, yüksəkliklərdə dalğalanması ilə Azərbaycan xalqının xoşbəxtlik rəmzinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev irsinin davamçıları bayrağa olan böyük məhəbbət hisslərinin aşılanmasını Vətən borcu kimi yeni nəsillərə təbliğ etmiş, bayrağımızın daim ucada dalğalanması üçün hər bir azərbaycanlını məsuliyyət daşımağa təşviq etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət quruculuğu prosesində hər zaman bayrağımıza olan məhəbbəti əsas hesab etmiş və bayrağımıza, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə, gələcək inkişafımıza yüksək həssaslıqla yanaşmışdır.
Məhz Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixili Sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabrın 9-u ölkəmizdə Dövlət bayrağı günü kimi qeyd olunmağa başlanmışdır. Bu Sərəncamdan irəli gələn və Dövlət Bayrağını əhatə edən qanunvericilik bazasının təkmilləşdirilməsi mərhələli şəkildə həyata keçirilmiş, milli varlığımız və rəsmi atributumuz olan bayrağımızın müqəddəsliyi qanunlarımızda da öz əksini tapmışdır.
Bayrağımızın hər bir azərbaycanlı üçün müqəddəsliyini biz bu gün də müşahidə etməkdəyik. Bu gün ölkəmizin ərazi bütövlüyünün qorunması, habelə müstəqilliyimizin canımızdan, qanımızdan da dəyərli olduğunu ehtiva edən məhz bizim üçrəngli bayrağımızdır. İkinci Qarabağ-Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın son mənzilə yola salınması məhz Azərbaycan bayrağının iştirakı ilə həyata keçirilir.
Yeni və növbəti nəsillərin daha firavan, xoşbəxt yaşaması üçün Azərbaycan bayrağı bizə ruh verir, bizi ən böyük Zəfərlərə səsləyir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Digər xəbərlər