İrana qarşı sıralarını artıran qeyri-rəsmi koalisiya öz qərarlarını verəcək – növbəti diplomatik raundları davam etdirmək, yoxsa... (?)
Şənbə günündən bazar gününə keçən gecədən başlayaraq İranın hərbi obyektlərinə endirilən sarsıdıcı zərbələrdən sonra ABŞ-ın İranla əsas danışıqlar aparan şəxsi - Qətərin xarici işlər naziri Muhamməd bin Abdulrəhman bin Cəssim əl-Tani Tehrana səfər etdi. Ola bilsin ki, Qətər XİN-nin rəhbərinin Tehrana səfəri daha öncədən də planlaşdırılmışdı, lakin İranın hərbi infrastrukturları dronlar tərəfindən hava zərbələrinə məruz qaldıqdan dərhal sonra həmin səfərin həyata keçiriləcəyini gözləmək olardı.
FOTODA: Qətərin xarici işlər naziri Muhamməd bin Abdulrəhman bin Cəssim əl-Tani
Və o da təsadüfi deyil ki, Muhamməd əl-Tani Tehrana gedərkən artıq Mərkəzi Kəşfiyyat İdarəsinin İran üzrə əsas mütəxəssislərindən hesab edilən Uilyams Berns də artıq İsrail yaxınlığında hadisələrin müşahidəsini aparırdı. O da sirr deyil ki, Qətərin XİN başçısının Tehrana səfəri, əsasən, diplomatik kəşfiyyat, yaxud nəbzi yoxlamaq məqsədini daşıyır.
Qətərin XİN rəhbəri Tehranda, MKİ-nin mütəxəssisi isə İsrail yaxınlığında...
Bu arada, İranın xarici işlər naziri Hüseyn Əmir-Abullaiyan bəyan edib ki, Muhamməd əl-Taninin Tehrana səfəri 2015-ci ildə nüvə sazişinin iştirakçıları olan ölkələrinin ismarıclarını çatdırmaq məqsədini daşıyır. Amma bunun belə olmadığını da bir çoxları yaxşı bilirlər. Daha dəqiq desək, Qətərli baş diplomatın İrana səfərinin mühüm məqsədi Tehrana son şans verməklə bağlıdır. O, iranlı həmkarına təxminən belə bir sual ünvanlayacaq: “Siz bizim hərbi imkanlarımızın nə qədər güclü olduğunu anladınımzı? Bundan sonrakı dialoqun hansı məcrada aparılacağını da siz müəyyən edin...”.
OTODA: Mərkəzi Kəşfiyyat İdarəsinin İran üzrə əsas mütəxəssislərindən hesab edilən Uilyams Berns
Bəli, İranın hərbi mütəxəssisləri iddia edə bilərlər ki, hava zərbələrinin effektləri zəif idi və s. Amma ortada olan faktlar bunu göstərmir. Təkcə İsfahandakı hərbi obyektlərin darmadağın edilməsi, həmçinin 25 ədəd hərbi yük kolonunun külünün göyə sovrulması, praktiki olaraq ölkə ərazisində mövcud olan bütün hərbləşdirilmiş infrastrukturların, o cümlədən “Şəhid” dronlarını istehsal edən zavodun vurulması iranlı rəsmilərin keflərinə, sözün əsl mənasında, soğan doğrayıb. Və bunlar hələ ki, kiçik ölçülü zərbələr idi...
Tehranın “az zərər görmə” taktikası, sadəcə, iranlı diplomatlarının və hərbi ekspertlərinin ənənəvi bəyanatlarıdır
Ona görə də belə bir nəticə də hasil etmək olar ki, Tehranın “az zərər görmə” taktikası, sadəcə, iranlı diplomatlarının və hərbi ekspertlərinin ənənəvi bəyanatlarıdır. Halbuki sonradan o da bəlli olur ki, məhv edilən nöqtələrdən biri ən müasir avadanlıqlarla təchiz edilmiş nəhəng anbardır!Bu gün İranın dövlət televiziyası, yaxud xəbər agentlikləri məlumat verirlər ki, hansısa hərbi obyektin, ya da anbarın damı az zərər görüb və yanğın da dərhal söndürülüb. Fəqət, digər tərəfdən də məlum olur ki, həmin müəssisələrin iş fəaliyyətləri ən azı bir aylıq müddətə dayanıb.
FOTODA: İranın hərbi obyektlərindən birinin məhvi
Başqa tərəfdən, İrana hava hücumu edən cinahlar heç də öz qarşılarına nəhəng dağıntılara səbəb olacaq əməliyyat planını qoymamışdılar. Əgər belə bir plan olsaydı, hər halda daha çox dronlardan və s. imkanlardan istifadə edilərdi. Reallıqda bu planın əsas məqsədi İrana onun havadan müdafiə sistemlərinin yararsız olduğunu, SEPAH-ın isə, ümumiyyətlə, belə hücumlara ani reaksiya vermək bacarığında olmamasını sübut etmək idi. Daha dəqiq desək, Tehran rejiminə sübut olundu ki, qarşıda daha ciddi hadisələr baş verə bilər.
Ox yaydan çıxıb!
Artıq ox yaydan çıxıb və İranın son vaxtlar yalnız Yaxın Şərqdə deyil, həm də Cənubi Qafqazda özünü “ağa” kimi göstərmək cəhdləri, aqressiv davranışları, daha tez-tez “qırmızı xətt” tipli ifadələr işlətməsinə qarşı ilkin eyham vurulmalıydı!
Xüsusilə regionun mühüm aktoru olan Azərbaycana qarşı təhdidləri – səfirliyə terror hücumu, “barmaq sirkələmə” vasitələri, “Qüdsə gedən yolun Bakıdan keçməsini” göstərən sərsəm kliplərin hazırlanması”, Araz çayı üzərindən guya Azərbaycana keçən panton körpülərin açılması belə də nəticələnməliydi. Biz hələ Tehranın ənənəvi xarakter almış digər qaynar nöqtələri ilə - İraqla, Suriya ilə, Yəmənlə bağlı bəyanatlarını demirik...
Tehran rejimi öz daxilində yaranmış böhrandan da söz yox ki, qıcıqlanır. Belə ki, 2022-ci ilin sentyabrından başlayan və bütün ölkə ərazisini bürüyən kütləvi iğtişaşlar ölkənin ali dini rəhbərliyini, habelə siyasi idarəçiliyini çıxılmaz hala doğru sürükləyir. Hətta ölkə rəhbərliyi adi danışıqlar masasında belə etirazçılarla dialoq mühitinə getmir, əksinə, kütləvi edamlar, cəzalar, repressiyalar, təqiblər nümayiş etdirməklə situasiyadan çıxa biləcəyini sanır.
Moskvanın Tehrana ciddi yardımlar göstərməsi qeyri-mümkündür, Qərb isə İran məsələsində Türkiyə-Azərbaycan-İsrail faktorunu ciddi şəkildə anlayır...
Bəli, ola bilsin ki, Tehran Cənubi Qafqaz regionu müstəvisində Rusiya ilə hər hansı ortaq məxrəcə gələ bilməsə də, Moskva ilə münasibətlərinə arxalanmaqda davam edir. Əbəs deyil ki, Ukrayna ilə müharibədə Rusiyaya “Şəhid” dronlarını göndərən İran açıq-aydın bunun əvəzini tələb edir. Məsələn, tələb edir ki, Tehranın hərbi ambisiyalarının təmin edilməsi üçün Moskva da hər hansı qarşılıqlı addımlara getməlidir. Fəqət, hazırda Moskvanın bu istəyi, ümumiyyətlə, görünmür. Ukrayna cəbhəsi və Qərblə açıq konfrontasiyalar Rusiyanı düşdüyü məngənədə sıxışdırır və Moskvanın Tehrana ciddi yardımlar göstərməsi qeyri-mümkündür. Rusiyaya Ukraynada düşdüyü tələdən sonra Cənubi Qafqazda ikinci cəbhənin açılması, ümumiyyətlə, sərf etmir.Bu yerdə Türkiyə faktorunun da ayrıca yeri var. Sirr deyil ki, son illərdə Türkiyə ilə Rusiya arasında ciddi və qarşılıqlı anlaşmalar yüksələn xətlə inkişaf edir. Hər iki ölkə regiona olan təhdidlərin nə qədər zərərli olduğunu da yaxşı bilirlər. Ona görə də çox həssas bir dönəmdə Ankara və Moskva da mövcud anlaşma paralelliyini saxlamağa çalışırlar. Türkiyənin İran (eləcə də Ermənistan) məsələsində Azərbaycanla hansı səviyyədə münasibətlər saxlamasını isə artıq bir çoxları bilir. Bu müstəvidə də Rusiya öz həddini aşmağa cürət etmir.Qərbə gəldikdə: Azərbaycanın hərbi-siyasi müttəfiqi olan Türkiyənin məhz Bakının səyləri və uğurlu vasitəçiliyi ilə İsraillə də münasibətlərinin nəinki normallaşdırılması, habelə daha da yaxşılaşdırması regionda kimin əsas söz sahibi olması faktını da ortaya qoyur. Ona görə də bu gün İranla birdəfəlik haqq-hesab çəkmək istəyində olan Qərb bu reallıqları da əlbəttə ki, nəzərdən keçirməli olur.
İranın siyasi elitası ilə ali dini rəhbərliyi arasında nə baş verir?
Yeri gəlmişkən, İranın siyasi dairələrində də kəskin fikir ziddiyyətləri get-gedə artmağa başlayıb. Misal üçün, prezident İbrahim Rəisiyə dəstək göstərən tərəflərlə ölkənin ali dini rəhbəri Xamenei tərəfdarları arasında qarşıdurmalar mövcuddur. Daha dəqiq desək, Xameneinin davamçısı olaraq onun oğlunu – Müctəba Xameneini görmək istəyən SEPAH rəsmilərinin həmin iddialarına qarşı çıxanlar da məhz Rəisinin adamlarıdırlar.
FOTODA: İranın ali dini lideri Xameneinin oğlu Müctəba Xamenei
Artıq nə qədər gec olsa da, Qərb anlamağa başlayıb ki, İranın mövcud quruluşu yalnız regiona deyil, həm də beynəlxalq aləmə ciddi təhdiddir. Bu baxımdan, Qətər XİN-nin rəhbəri Muhamməd əl-Taninin Tehrana səfərinin ardınca o çox yəqin ki, Uilyam Brenslə də məsləhətləşmələr aparacaq, mövcud vəziyyəti bölüşəcək və onu qarşıda gözlənilən proqnozlarla bağlı hali edəcək. Əsasən isə, Tehranın hava zərbələrindən hansı nəticələr çıxardığını bildirəcək. Bunun ardınca isə İrana qarşı sıralarını artıran qeyri-rəsmi koalisiya öz qərarlarını verəcək – növbəti diplomatik raundları davam etdirmək, yoxsa... (?)
Rövşən RƏSULOV