PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə geniş beynəlxalq dəstəyin təzahürüdür"
"Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında bildirib.
"Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bizim bu təşkilata sədrliyimiz yekdil qərarla - 120 ölkənin yekdil qərarı ilə uzadılıb. Bu, həqiqətən də Azərbaycanın malik olduğu geniş beynəlxalq dəstəyin təzahürüdür", - deyə dövlətimizin başçısı vurğulayıb.
Bəli bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Belə ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Belə ki, Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Bununla da planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Belə ki, martın 2-də sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün Bakıda keçirilməsi bir daha onu göstərdi ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.
AZƏRBAYCAN PREZİDENTİ QOŞULMAMA HƏRƏKATININ SƏDRİ OLARAQ AZƏRBAYCANIN MƏQSƏDİ ƏDALƏTİ VƏ BEYNƏLXALQ HÜQUQU MÜDAFİƏ ETMƏKDİR
Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirən Prezident deyib: “Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”.
Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu, bilavasitə Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür.
“Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.
Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən azdır. Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır” - Bu sözləri Prezidentimiz öz çıxışında bildirmişdir. Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır.
Ümumiyyətlə, Prezident İlham Əliyev çıxışlarında bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək. Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. Beləliklə…
AZƏRBAYCAN HƏRƏKATA 4 İL SƏDRLİK ETMƏKLƏ BİR İLKƏ İMZA ATIB
Qeyd edək ki, ölkəmizin bu təşkilata verdiyi töhfə nəzərə alındı və üzv dövlətlərin təşəbbüsü ilə təşkilat tarixində ilk dəfə olaraq ötən il sədrlik müddəti uzadıldı. Azərbaycan hərəkata 4 il sədrlik etməklə bir ilkə imza atıb. Beləliklə də, Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başlandığı vaxtdan təşkilat siyasi arenada söz sahibi oldu. Həmçinin, Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi dövrlərində təşkilat bir çox vacib təşəbbüslərlə çıxış etdi. Belə ki, dördüncü ili müddətində Azərbaycanın sədrliyi dövründə atılan addımların xronologiyasına diqqət yetirdikdə Qoşulmama Hərəkatının nüfuzunun, dünya siyasətində yerinin və mövqeyinin güclənməsinin əsas hədəf olduğunu görməmək mümkün deyil. Məhz buna görə də Prezident İlham Əliyev BMT sistemində islahatların vacibliyi məsələsini qaldıraraq, dünya düzəninin yenidən qurulduğunu böyük inamla bəyan etdi. İndi bəşəriyyət “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Prezident İlham Əliyev çıxışlarında bir daha dünyaya sülh mesajları verdi. Azərbaycan uzun illər, hətta bu gün də ikili standartlar siyasətindən, haqsızlıqdan əziyyət çəkən ölkə kimi çalışır ki, dünyada ədalət bərpa edilsin. İmperialist və müstəmləkəçi siyasət yürüdən ölkələr bu siyasətdən əl çəkməlidir: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq".
Göründüyü kimi, Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərarı həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi və Onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir. Bəli, bu gün Ona inanırlar və irəli sürdüyü hər bir təklifləri bilavasitə dəstəklənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il uzadılması təşəbbüsünün irəli sürülməsi amili də bu kimi mühüm, prinsipial gerçəklikləri növbəti dəfə təsdiqləmiş olur.
RƏFİQƏ KAMİALQIZI