Tarix yaradan şəxsiyyətlərin yeri hər zaman görünür. Bütün prosesləri istiqamətləndirməyi bacaran insanların xalq qarşısında xidmətləri həmişə dəyərləndirilir, onların xatirəsi daim uca tutulur. Böyük siyasət və dövlət adamı, Ulu Öndər Heydər Əliyevin adı, imzası yarım əsrdən artıqdır ki, tariximizdə bu cür müstəsna yerə sahibdir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etməyə başlaması respublikamız və xalqımız üçün tarixi bir şans idi və yaşanan hadisələr, tarixi sınaq anları bunu dəfələrlə sübut edib.
Müstəqilliyinə yeni qovuşan Azərbaycanın dar günündə xalqın çağırışı ilə tarixi xilaskarlıq missiyasını öz üzərinə götürəndə Heydər Əliyevin ən güclü istinad yeri ilk növbədə böyük dövlətçilik təcrübəsi idisə, digər tərəfdən doğma xalqına hədsiz sevgisi və inamı idi. 1993-cü ilin 15 iyununda xalq Heydər Əliyevin timsalında nəinki öz qurtuluşuna, eyni zamanda parlaq gələcəyinə qovuşdu. Sonrakı 10 ildə yüksək liderlik keyfiyyətləri, siyasi fəhm və bacarığı, zəngin idarəçilik təcrübəsi ilə müstəqil dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq birlikdə layiqli yer qazanması üçün əlindən gələni əsirgəmədi. Bu tarixi dönüş bütün sahələrdə, o cümlədən mədəni inkişafda uğurlar silsiləsinin əsasını qoydu.
Ulu Öndər Heydər Əliyevin siyasi karyerasında, idarəetmə sistemində mədəniyyət sahəsi məxsusi yer tutur. Bunun da əsasında Ulu Öndərin mədəniyyət və incəsənətə böyük sevgisi dayanırdı. O, hər zaman aktiv siyasi fəaliyyəti ilə bərabər xalqın yanında daha çox olması, eyni zamanda mədəniyyətə, musiqiyə, rəssamlığa, sözün geniş mənasında, sənətə yüksək marağı ilə insanları heyrətə salırdı. Ulu Öndər hər zaman bir məqamı vurğulayıb ki, xalqın mədəni irsi, eləcə də mənəvi dəyərlərimiz milli-siyasi varlığımızın əsasını təşkil edir. O deyirdi: "Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”. Heydər Əliyevin bu fikirləri böyük bir həqiqətin təzahürü idi. Müxtəlif yaradıcılıq sahələrində qeyd olunan bu yeniliklər ilk növbədə münbit şəraitdə formalaşa bilərdi. Görkəmli şəxsiyyətlərimizin şöhrəti ölkəmizin hüdudlarını aşaraq ittifaqın müxtəlif şəhərlərinə yayılır, onların yaradıcılıq gecələri, yubiley tədbirləri təşkil olunurdu. Mədəni irsin kompleks halda təbliğatında mühüm rol oynayan Azərbaycan mədəniyyəti və incəsənəti günləri də mütəmadi şəkildə gerçəkləşirdi. Bundan əlavə, görkəmli müğənnilərimizin SSRİ hüdudlarından çox-çox uzaq ölkələrə reallaşan qastrol səfərləri mədəniyyətimizin daha geniş coğrafiyada tanınmasına vəsilə olurdu.
Ümummilli Liderimiz Heydər Əliyevin müdrikliyinin daha bir göstəricisi hələ sovet dövründə yaratdığı bu mədəni-mənəvi inkişaf yolu ilə müstəqillik dövründə çağdaş dünyanın yeni çağırışlarına qısa müddətdə uyğunlaşmağımıza zəmin hazırlaması idi. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən uzaqgörən siyasətçi bu zənginlikdən məqamında və maksimum yararlanmağın zəruriliyini qeyd edirdi. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”, - deyən müdrik şəxsiyyət mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün geniş perspektivləri olan bir sistemin formalaşmasına çalışırdı. Məhz Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə mədəniyyətimizin vüsətli inkişafı və etibarlı gələcəyi təmin edildi.
Ulu Öndər Azərbaycan incəsənəti və təsviri sənətinin dünya miqyasında tanınmasına səy göstərirdi. Onun respublikaya birinci rəhbərliyi dövründə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəfəkkir şairlərin hikmət xəzinələrinin beynəlxalq səviyyədə tanıdılması, yubileylərinin keçirilməsi, rəssamlıq və heykəltəraşlıqdan musiqiyədək bir çox sahələrdə monumental sənət əsərlərinin yaradılması mədəniyyət tariximizin dəyərli səhifələridir. Nəriman Nərimanovun, Bülbülün xatirə muzeylərinin, Üzeyir Hacıbəylinin, Cəfər Cabbarlının və digər ədəbiyyat və mədəniyyət xadimlərimizin ev-muzeylərinin yaradılması, Natəvanın abidəsinin, Şuşada Molla Pənah Vaqifin məqbərəsinin inşası və bu kimi onlarca mühüm qərarlara imza atan Heydər Əliyev bu işlərin uğurla başa çatdırılmasına bilavasitə rəhbərlik etmişdi. Bir məqamı da vurğulamaq lazımdır ki, Ümummilli Lider təşəbbüslərinin real nəticələrini görəndə böyük məmnunluq hissi keçirir, bu cür tədbirlərin gerçəkləşdirilməsində şəxsən iştirak etməyə çalışırdı. Çünki Heydər Əliyev, sözün əsl mənasında, mədəniyyətlə nəfəs alır, həyatını musiqidən, sənətdən kənarda hiss edə bilmirdi. Onun mədəniyyətlə bağlı baxışlarından, bu sahənin insanları ilə olan görüşlərindən heyrətə düşənlər üçün Ulu Öndərin bu fikirləri böyük əhəmiyyət kəsb edir: "Mədəniyyət və incəsənət kiçik yaşlarımdan qəlbimdə xüsusi yer tutur. Bəlkə də, gənclik illərində arzum rəssam olmaq, yaxud teatra getmək idi, amma qismət başqa cür oldu. Ona görə də hamısı qəlbdən gəlir”.
Bu yanaşma, mədəniyyətimizə olan qayğı bu gün də uğurla davam etdirilməkdədir. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq təşkilatlarla münasibətlərinə böyük önəm verir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxından iştirakı ilə mədəni irsimiz dünyada layiqincə təbliğ edilir, UNESCO səviyyəsində yüksək dəyər qazanır. Türkdilli xalqların inteqrasiyası naminə misilsiz fəaliyyəti, bu istiqamətdə gerçəkləşdirilən siyasəti bu gün Prezident İlham Əliyev davam etdirir. Hazırda ölkəmizin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-la yüksək səviyyəli əlaqələri böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu təşkilatın fəaliyyətinə yaxından dəstək verir, eyni zamanda qurumun layihələrində yüksək səviyyədə iştirak edir. Görkəmli ədəbiyyat və mədəniyyət xadimlərimizin yubileyləri TÜRKSOY səviyyəsində qeyd olunur.
2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.
Bu gün mədəniyyət sahəsinə böyük diqqət göstərilir. Bakının 2009-cu ildə “İslam Mədəniyyətinin paytaxtı” elan edilməsi Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində çox önəmli bir hadisə idi. Bakıda ənənəvi keçirilən mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası sahəsində olduqca əhəmiyyətli tədbirlərdir. Bütün bunlar ulu öndərin mədəniyyət siyasəti konsepsiyasının tərkib hissəsidir. Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Muğam Mərkəzi, müasir memarlıq üslubunda inşa edilmiş Xalça Muzeyi fəaliyyət göstərir. Bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.
Heydər Əliyev Fondu, həmçinin, Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq digər layihələr də həyata keçirir. Reallaşdırılan işlərin nəticəsi olaraq Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılır. Əlbəttə, bütün bu işlər Azərbaycan xalqının mədəni irsinin qorunmasında və dünya ictimaiyyətinin diqqətinə təqdim olunmasında, təbliğ edilməsində böyük əhəmiyyət daşıyır. Şərqin ən qiymətli incisi sayılan muğamın qorunub saxlanmasında və inkişaf etdirilməsində çox böyük xidmətləri olan Mehriban xanım Əliyeva muğam barədə fikirlərini təxminən bu şəkildə ifadə edib. Muğam hər bir azərbaycanlının həyatına az qala doğulduğu andan daxil olur. Bu heyrətamiz musiqi bütün hallarda bizim daxili ovqatımıza uyğun gəlir. O, həmişə yerinə düşür - kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Bəli, muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir. Muğam fenomeni də məhz ondan ibarətdir ki, o, əsrlər boyu insanı müşayiət etmiş, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olub. Həqiqətən də, ölkəmizi muğamsız, muğamı isə Azərbaycansız təsəvvür etmək çətindir. Qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf edib, mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilib. Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu kimi nüfuzlu ictimai təşkilatların dəstəyi olmasaydı, muğam irsinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəlmiş ciddi, geniş əhatəli tədbirlər görülməsəydi, bunlar bəlkə də baş tutmazdı.
Bu gün Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Heydər Əliyev ideyalarının həyata keçirilməsində, Azərbaycan mədəniyyətinin təbliğində özünəməxsus yeri var. Ulu Öndərin fəaliyyətindən ilham alan və işini bu istiqamətdə quran Mərkəz çox səmərəli tədbirləri reallaşdırıb. Azərbaycan mədəniyyət və incəsənət günləri, eyni zamanda ölkəmizdə keçirilən belə tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfələr verir.
Leyla Nəcəfova,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond Müdiri