PDF Oxu

Araşdırma

  • 3 134

Tarixi ədalətin Zəfəri!

image

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibənin ilk günlərindən tarixi torpaqlarımızı, strateji ərazilərimizi və yüksəkliklərimizi işğaldan azad edən rəşadətli Ordumuz tariximizə Zəfər gününü yazdı. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründən - 2003-cü ildən başlayaraq işğal altında olan ərazilərimizin azad olunması istiqamətində həyata keçirilən tədbirlər bir amala xidmət edirdi: torpaqlarımızı azad edək!

Dövlət başçımızın çıxışlarının birində bildirdiyi kimi, "Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq". 2003-2020-ci illər ərizində Azərbaycanın iqtisadi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun güclənməsi istiqamətində atılan addımlar, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi kimi məsələlər prioritet olaraq diqqətdə saxlanıldı. Xalq-iqtidar birliyi gücləndi və bir yumruq olaraq birləşməyi bacardı. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışsa da buna nail ola bilmədi.

Münaqişənin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Dünyanın mötəbər beynəlxalq təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Ordu quruculuğu Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu illər ərzində dövlətin büdcə xərclərinin əsasını da hərbi xərclər təşkil edib və Ordunun döyüş qabiliyyəti möhkəmləndirilib, yüksəldilib, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilib. "Mən işğal dövründə dəfələrlə deyirdim ki, bizim üçün birinci vəzifə ərazimizin bərpasıdır, ərazi bütövlüyümüzün təmin edilməsidir. Deyirdim ki, əgər danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik. Əfsuslar olsun ki, mənim sözlərimə bəziləri laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq", - deyə Cənab Prezident bildirib.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək qələbə qazanması tariximizə yeni salnamə əlavə etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir Yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" ifadəsi haqqın və ədalətin Zəfəri oldu. Bu gün artıq Azərbaycan möhtəşəm tarixi gününün - 8 Noyabr Zəfər gününün dördüncü ildönümünü qeyd edir. 2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı", - deyə Prezident bildirmişdir.

44 günlük Vətən müharibəsində "Dəmir Yumruğ"un gücünü görmüş ermənilər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər. "Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır" - deyə Prezident İlham Əliyev bildirib. Qeyd edək ki, Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi. Azərbaycan Ordusunun Qarabağda başlatdığı ötən ilin 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı.

"Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi", - deyə Prezident İlham Əliyev bildirib. Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqlikli vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşdirilmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Təbii ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Tarixi ədalət bərpa olunub və bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. Regionda yeni reallıqlar yaranıb.

Bu gün Şuşada, Laçında, Füzulidə bütövlükdə Azərbaycan ərazisinin hər bir məkanında Azərbaycan bayrağı dalğalanır. Ötən ilin oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli Azərbaycan Bayrağını Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə ucaldaraq xalqımıza tam qələbə xəbərini verdi. Tarixi ədalət bərpa olundu və bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır.

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onların həyat şəraitinin yaxşılaşmasına, ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri davamlı olaraq həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 358 min xidmət göstərilib. Göründüyü kimi, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Bütün görülən tədbirlər respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlətin qayğısı və həssas yanaşmasının göstəricisidir. Xalqımız böyük qələbə əzmi ilə möhtəşəm bir günü - 8 Noyabr Zəfər gününü qeyd edir. Zəfər Gününüz mübarək!!!

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Digər xəbərlər