Ermənistan yollar axtarır, hansı istiqamətə gedəcəyini müəyyənləşdirmək üçün gah Qərbə, gah da Şimala tərəf boylanır. Amma hər iki istiqamətdən ona gözlənilən dəstək verilmir, çünki özlərinin başı başqa işlərə qarışıb. Şimal – Rusiya Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”ı danışıqlar başlayana qədər əhəmiyyətli nəticəyə yaxınlaşdırmaq istəyir. Qərb isə Rusiyanı müharibədə məğlub duruma gətirmək üçün bütün imkanlarını hələlik səfərbər edir, əsas “kartlarını” isə açmaq istəmir. Əslində hər kəs, bu müharibədə “tərəf” statusunda olanlar bu oyunda gücünün nə qədər olduğunu gizli saxlamağa üstünlük verirlər. Ona görə də, onsuz da dalana dirənmiş, xarici aləmlə əlaqələri hər keçən vaxt getdikcə daralan Ermənistana hərbi, maliyyə yardımı etmək istəyənlər də istəklərini həyata keçirə bilmirlər.Maraqlıdır, işğalçı statusunu hələ də özündə bərk-bərk tutub saxlayan Ermənistanın dünyadan təcrid olunmasının səbəbi nədir, yaxud günahı kimdədir? Ermənilərdən soruşsalar özlərindən başqa hər kəsi günahkar biləcəklər. Dünən Ermənistanı və erməniləri əlinin içində “göz muncuğu” kimi saxlayan, onu bəsləyən, yedirib-içirən, qayğısız yaşamını təmin edən, başqasının torpaqlarında onlara dövlət quran bir güc - dövlət bu gün geri addım atırsa, onu anındaca düşmən, satqın elan edirlər. Bu gün Ermənistanın dünyaya çıxışı xeyli məhduddur, Türkiyəyə qarşı iftiralar atan, bu ölkəni qondarma cinayətdə suçlayan İrəvanın qərb qonşusu ilə sərhədi bağlıdır. Şərq qonşusu Azərbaycanın torpaqlarını 30 il işğal altında saxlayıb, 4 kəndi hələ də erməni ordusunun nəzarətindədir. 44 günlük müharibədən sonra gözlənilən sülh müqaviləsindən isə hələ də xəbər-ətər yoxdur. Ermənistan gah bu, gah da digər səbəblərdən imza törənini gecikdirir, ya da heç imzalamaq istəmir. Şimal qonşusu Gürcüstanla əlaqələr olsa da, bu ölkənin coğrafi şəraiti işlərin genişlənməsinə əsas maneədir. Qalır cənub qonşusu İran. Bu ölkəyə qarşı uzun illərdir ki, tətbiq edilən beynəlxalq embarqo Ermənistanın ovqatını təlx edir, işinə yaramır. Amma çıxış yolu var və bunun alternativi gözə dəymir.
Sülh çıxış yoludur, amma…
Nikol Paşinyan hökuməti hələ də Azərbaycanla sərhədin delimitasiyası prosesinə respublikanın təhlükəsizliyinin təminatı kimi baxır. Eyni zamanda, Ermənistan müxalifəti 2024-cü ildə olduğu kimi növbəti etiraz dalğasını qaldırmağa ümid edir. Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) Azərbaycanın 2025-ci ildə hərbi əməliyyat keçirmə riskini aşağı adlandırıb. Eyni zamanda, lokal toqquşmaların və eskalasiyaların baş vermə ehtimalı qalır, lakin iki respublika arasında sərhədi təsdiq etməklə onu azaltmaq olar. Erməni kəşfiyyatının fikrincə, bu istiqamətdə ən böyük irəliləyişə İrəvanla Bakı arasında ikitərəfli danışıqlar yolu ilə nail olmaq olar. Eyni zamanda, XKX Ermənistanın suverenliyi və ərazi bütövlüyü üçün təhlükəli olan rəvayətlərin təbliğinə diqqət çəkib.Xüsusilə, söhbət Qərbi Azərbaycan adlanan yerdən, Zəngəzur dəhlizindən, ermənilərin hərbiləşdirilməsindən gedir. Bununla bağlı kəşfiyyat xəbərdarlıq edib ki, sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqların ləngiməsi Bakının niyyətində qeyri-müəyyənliyini artırır. “Danışıqlarda real irəliləyişin olmadığı və ABŞ-da yeni administrasiya fonunda mövcud olan beynəlxalq qeyri-müəyyənliyi nəzərə alaraq, sərhəddə lokal gərginlik və eskalasiya riski hələ də aktualdır və Azərbaycanın İrəvana təzyiq etməsi üçün əsas alətdir. Ermənistan da öz növbəsində orduda islahatlar apararaq, iqtisadiyyatı gücləndirməklə, fəal xarici siyasət gündəliyi həyata keçirməklə və fəal şəkildə danışıqlara diqqət yetirməklə bütün mümkün ssenarilərə hazırlaşacaq”, - deyə Orbeli Mərkəzinin baş eksperti Conni Melikyan deyib.
Bu arada İrəvan və Bakı sərhədin şimal hissəsində delimitasiyanın növbəti mərhələsinə başlamaq barədə razılığa gəliblər. Tərəflər Ermənistan, Gürcüstan və Azərbaycan sərhədlərinin qovşağından işə başlayacaq və cənub istiqamətində Ermənistan, Azərbaycan və İranın qovşağına doğru hərəkət edəcəklər. Bu zaman iki ölkənin hakimiyyət orqanları qanuni əsası olan xəritə və sənədlərə arxalanacaq. Yada salaq ki, 2024-cü ilin yazında İrəvan və Bakı Ermənistanın Tavuş rayonunun bir neçə kəndi ilə Azərbaycanın Qazax rayonu arasındakı sərhədi uğurla delimitasiya və demarkasiya edib. Ermənistanda bu, böyük etirazlara səbəb oldu, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi müxalifət baş nazir Nikol Paşinyanı dərhal istefaya çağırdı və hətta onu “Dəccal”la müqayisə etdi. Lakin payıza qədər vəziyyət sakitləşdi.Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyasının yeni mərhələsi Ermənistanın təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. “Bizim bu sektorda artıq bir neçə ayrılmış sahəmiz var. Sərhədin Kirants kəndi hissəsində delimitasiya aparılıb... Biz bu bölmələri monolit, inteqral etmək istəyirik ki, onlar seqmentli olmasın”, - hökumət başçısı vurğulayıb.Öz növbəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sərhədin yaradılması üzrə danışıqlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin ən mühüm komponentlərindən biridir. “Biz delimitasiya prosesinin davam etdirilməsində maraqlıyıq... Həm bizim tərəf, həm də Azərbaycan tərəfi konstruktiv səylər göstərib və biz ümumi fikrə gəlmişik”, - Mirzoyan bildirib.Eyni zamanda, 2024-cü ildə keçirilən etiraz hərəkatının liderlərindən biri, “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyan parlamentdə çıxış edən baş nazirin müavini Mher Qriqoryana sual verib ki, demarkasiyanın qarşıdakı mərhələsində Azərbaycanın Ermənistanı Gürcüstanla birləşdirən yolun üzərində sərhədləri aşacağı məlum olubmu? “Bizim təsdiq edilmiş əsasnaməmiz var və orada qərarların necə qəbul edildiyi və bu qərarların necə qüvvəyə mindiyi aydın şəkildə göstərilib. Bu çərçivədə siz öz sualınıza cavab tapa bilərsiniz”, - Qriqoryan bildirib.Danielyan cavabında konkret suala aydın cavab gözlədiyini bildirib. “Əldə edilmiş razılaşmalar dərc olunur və gizli qala bilməz. Son görüşdən sonra rəsmi mətbuata açıqlama verilib. Əgər bu müqavilə sizin dediyiniz şeyi ehtiva etmirsə, deməli, belə bir razılaşma yoxdur”, - Qriqoryan qeyd edib. Ermənistanda çoxları onun sözlərini cavab verməkdən yayınmaq cəhdi kimi qiymətləndirib. Parlamentin “Mənim şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan bəyan edib ki, Ermənistan hakimiyyəti Bakı ilə sərhəddə danışıqlar aparmır, əksinə, ona güzəştə gedir. “Azərbaycan tələb etdiyi şeyi alacaq, Ermənistan isə əlavə olaraq verilmiş ərazilər alacaq. Hakimiyyət sələmçi məntiqini rəhbər tutur: onlar ölkənin perspektivlərini və vətəndaşlarının təhlükəsizliyini düşünmədən cəmiyyətimizə nikbinliyi yüksək faizlə satırlar”, - Abramyan qeyd edib.Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin (AXSSII) rəhbəri Hayk Xalatyan hesab edir ki, 2025-ci ildə delimitasiya 2024-cü il hadisələri ilə müqayisə oluna biləcək etirazlara çətin ki, səbəb olsun. “Tərəflər Ermənistanın dərinliklərində Azərbaycan anklavlarının delimitasiyası məsələsini müzakirə etməyə başlayanda etirazlar başlaya bilər”, - ekspert hesab edir.
Amma…
V.VƏLİYEV