Dünya birliyi regiondakı hadisələri düzgün qiymətləndirmir
Son günlər Cənubi Qafqaz regionunda cərəyan edən hadisələr özünün sabitliyi pozması ilə seçilir. Xüsusilə, Gürcüstanda baş qaldırmış etiraz mitinqləri və Ermənistanda mövcud olan davamlı qeyri-sabit vəziyyət region gündəmini işğal edən məsələlərdir. Bu ölkələrdə düzgün iqtisadi-siyasi idarəetmənin olmaması, qeyri-bərabərliyin hökm sürməsi əhali tərəfindən etirazla qarşılanır və müxalifətçi qüvvələrin ölkədə iğtişaşalar törətməsinə səbəb olur. Lakin bütün bunlara baxmayaraq, belə bir vəziyyətin hökm sürməsinə qarşı heç bir beynəlxalq qurum tərəfindən reaksiya verilmir.
Artıq bir neçə gündür, Gürcüstanda müxalifət kütləvi aksiyaya start verib. Tbilisinin Azadlıq meydanına toplaşan nümayişçilər prezident Mixail Saakaşvilinin istefa verməsini tələb edir. Aksiyanın təşkilatçısı Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadzenin rəhbərlik etdiyi "Xalq yığıncağı" partiyasıdır. "Novosti-Qruziya" nəşrinin yazdığına görə, etirazçılar aksiyalarını mayın 21-dən 25-ə kimi planlaşdırılsa da, hələ də mitinqlərin davam etməsi və daha da kütləvi hal alması məsələnin ciddiliyindən xəbər verir. Bundan başqa, etiraz aksiyasının Gürcüstanın digər bir şəhəri Batumidə də keçirildiyi bildirilir. İlkin məlumata görə, nümayişdə 2 mindən artıq şəxs iştirak edir. Bu aksiyalarda qeydə alınan bəzi hallar isə heç də insan hüquq və azadlıqlarının qorunmasını və təminatını özündə ehtiva etmir. Belə ki, aksiyalar zamanı iştirakçılara qarşı polis tərəfindən divan tutulması və onlara qarşı qeyri-insani əməllərin törədilməsi bunu deməyə əsas verir. Bu gün Cənubi Qafqaz regionunun əsas dövlətlərindən olan Gürcüstanda bu cür hadisələrin baş verməsinin beynəlxalq qurumlar tərəfindən gözardı edilməsi isə daha böyük qeyri-müəyyənlik yaradan məsələlərdəndir. Yəni, bu gün Avropanın bütün kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan Gürcüstan hadisələrinə qarşı reaksiyanın göstərilməməsini nə ilə izah etmək olar? Bu gün dünyada gedən proseslərə müdaxilə etməsi ilə seçilən Avropa və dünya birliyinin Gürcüstan hadisələrinə qarşı sükutla yanaşması təəccüb doğurmaya bilməz.
Gürcüstanla yanaşı, digər bir Cənubi Qafqaz Ermənistanda da buna oxşar bir vəziyyətin şahidi ola bilərik. Belə ki, burada Gürcüstandan fərqli olaraq kütləvi etiraz mitinqləri daha tez-tez və ardıcıl şəkildə baş verir. Ermənistandakı ağır sosial-iqtisadi durum ölkə vətəndaşların bezdirən və onları ölkəni tərk etməyə vadar edən amillərdəndir. Bundan başqa, ölkədə məmur özbaşınalığının, rüşvətxorluğun, silahlı toqquşmaların geniş miqyas alması isə məhz ölkə hakimiyyətinin düzgün idarəetmə vasitələrinə malik olmaması ilə əlaqələndirilir. Ölkəni bürüyən etirazlar dalğası artıq elə bir həddə çatmışdır ki, hakimiyyət dairələri də bunun öhdəsindən gələ bilmir. Bu hadisələr də çox təəssüf ki, Gürcüstanda olduğu kimi, beynəlxalq birlik tərəfindən heç bir reaksiyaya səbəb olmur.
Göründüyü kimi, Gürcüstan və Ermənistanda müşahidə olunan gərginlik bu gün dünyada özünü demokratiyanın carçısı və təminatçısı kimi təqdim edən qurumların sənədlərində öz əksini tapmır. Lakin digər bir Cənubi Qafqaz ölkəsi olan Azərbaycanda hansısa bir xırda məsələ qabardılaraq, demokratiyaya əngəl törədən problem kimi təqdim olunur. Hər halda, beynəlxalq qurumların bu ayrı seçkiliyini son dövrlərdə daha aydın görmək olar. İstər ATƏT, istər Avropa Parlamenti, istərsə də ABŞ Dövlət Departamenti və digər onun kimi təşkilatlar Azərbaycan reallıqlarını düzgün əks etdirməməklə, ölkəmizin nüfuzunu aşağı salmağa çalışır. Kiçik qeyri-qanuni aksiyanın keçirilməsi və bunun səbəbkarı olanların hüquq-mühafizə orqanları tərəfindən saxlanılması nədənsə adıçəkilən təşkilatların sənədlərində söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi qeyd olunub. Avropa Parlamenti Azərbaycana qarşı heç bir müşahidə aparmadan və reallığı öyrənmədən qətnamə qəbul etdiyi halda nəyə görə Ermənistan və Gürcüstandakı açıq-aydın görünən qanun pozuntularını qeyd etmir? Ermənistandakı 1 mart 2008-ci il hadisələri hələ də öz layiqli qiymətini almamışdır. Prezident seçkiləri zamanı böyük iğtişaşların törədilməsi və xeyli sayda insanın həbs olunması nədənsə hər dəfə beynəlxalq təşkilatların gündəliyinə çıxarılsa da, bu barədə qəti bir qərar çıxarılmır. Azərbaycanda isə seçkilərin yüksək səviyyədə və demokratik prinsiplərə uyğun şəkildə həyata keçirildiyi təqdirdə isə, ATƏT onunla bağlı qərəzli məlumat yayır. Bir sözlə nəinki bu regionda, ümumiyyətlə, beynəlxalq arenada dövlətlərə qarşı ayrı-seçkilik, qərəzli münasibət özünü açıq şəkildə göstərməkdədir. Belə münasibət isə həmin təşkilatların özlərinin nüfuzunun aşağı düşməsinə və onlara olan inamın itməsinə səbəb olur. Yəni əgər bu gün beynəlxalq birlik baş verən hadisələrə düzgün qiymət verə bilmirsə, onun hər hansı ölkə və yaxud hadisə ilə bağlı hesabatını da düzgün hesab etmək olmaz.