Hörmətli tədbir iştirakçıları! Məlum olduğu kimi, oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda nitq söyləyib.
Qurultay ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran əsas vəzifələri də müəyyənləşdirib. Prezident İlham Əliyevin çıxışında ölkəmizin son illərdə əldə etdiyi tarixi nailiyyətlər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, eləcə də qarşıdakı dövr üçün əsas hədəflər barədə mühüm fikirlər səsləndirilib.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olunub. Bu Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və Ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu gün qarşımızda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı bu istiqamətdə atılan ən mühüm strateji addımlardan biridir. Qurultayda cənab Prezident Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlər barədə mühüm rəqəmlər səsləndirib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu günə qədər həmin ərazilərin inkişafına 28 milyard manat vəsait ayrılıb. Bu vəsaitin böyük hissəsi infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilib.
Artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb. Bu, “Böyük Qayıdış” proqramının real nəticələrinin göstəricisidir. Qarşıdakı illərdə bu proses daha da sürətləndiriləcək və minlərlə insan doğma torpaqlarına qayıdaraq orada yeni həyat quracaq. İşğaldan azad edilmiş ərazilərdə bu gün genişmiqyaslı quruculuq işləri aparılır. Yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, yollar, elektrik və su xətləri, digər sosial və kommunal infrastruktur yaradılır. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsi Qarabağ və Şərqi Zəngəzurun müasir və innovativ inkişafına mühüm töhfə verir. Bu ərazilərin bərpası yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır. Burada iqtisadi fəaliyyətin canlandırılması, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı, sahibkarlıq imkanlarının genişləndirilməsi və əhalinin rahat yaşayışı üçün zəruri şəraitin yaradılması istiqamətində mühüm tədbirlər görülür. “Böyük Qayıdış” prosesinin mühüm istiqamətlərindən biri də təhlükəsizliyin təmin edilməsidir. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi böyük əhəmiyyət daşıyır. Minatəmizləmə işləri insanların təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtması ilə yanaşı, kənd təsərrüfatı və digər iqtisadi fəaliyyətlərin bərpası üçün də vacib şərtdir.
Qarabağ və Şərqi Zəngəzurda mədəni irsin bərpası da diqqət mərkəzindədir. İşğal dövründə dağıdılmış tarixi və mədəni abidələrin, dini və digər irs nümunələrinin bərpası xalqımızın tarixi yaddaşının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu ərazilərdə aparılan bərpa işləri Azərbaycanın öz milli-mədəni irsinə sahib çıxdığını bir daha nümayiş etdirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın iqtisadi imkanlarının və dövlətimizin gücünün göstəricisidir. Qısa müddət ərzində böyük ərazilərdə müasir infrastrukturun yaradılması, insanların mərhələli şəkildə doğma yurdlarına qaytarılması və yeni yaşayış məntəqələrinin salınması dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Əminliklə demək olar ki, “Böyük Qayıdış” proqramının davam etdirilməsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur daha da inkişaf edəcək, burada təhlükəsiz və müasir yaşayış mühiti formalaşacaq. Doğma torpaqlarına qayıdan insanların öz yurdlarında rahat və firavan yaşaması Azərbaycanın qarşısında duran əsas məqsədlərdəndir.
Qurultayda cənab Prezidentin səsləndirdiyi fikirlər və qarşıya qoyulan vəzifələr hər birimiz üçün fəaliyyət istiqaməti olmalıdır. Biz də çalışdığımız sahədə dövlətimizin həyata keçirdiyi siyasətə öz töhfəmizi verməli, Azərbaycanın davamlı inkişafına və qarşıya qoyulan məqsədlərin reallaşmasına dəstək olmalıyıq.
Xavər Ələsgərli
Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, partiya fəalı