Ermənistan Kazan görüşündə də qeyri-konstruktivlik göstərsə...
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə prezidentlərin növbəti görüşünün iyun ayının 25-də Rusiyanın Kazan şəhərində keçirilməsi artıq qətiləşib. Bununla bağlı əvvəlcədən ATƏT-in Minsk Qrupu həmsədrləri məlumat versələr də, görüşün dəqiq yeri və vaxtı məlum deyildi. Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçiriləcək görüş öncəsi hər üç ölkənin xarici işlər nazirlərinin görüşü də nəzərdə tutulub.
edək ki, artıq Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən 7-ci üçtərəfli Kazan görüşündən gözləntilər barədə danışarkən, bundan əvvəlki görüşləri təhlil etmək və onların nəticələrini qeyd etmək yerinə düşərdi. Belə ki, bundan əvvəlki görüşlərə nəzər saldıqda, görərik ki, bu görüşlərdə münaqişənin həlli ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunsa da, hansısa əhəmiyyətli bir nəticə əldə olunmamışdır. Müqavilələrin imzalanmasına baxmayaraq, tərəflər arasında ortaq mövqenin tapılması mümkün olmamışdır. Görüşlərdə diqqətçəkən maraqlı məqamlardan biri də görüşlərdən sonra Ermənistan tərəfinin əldə olunan razılığa əməl etməməsidir. Belə ki, son Soçi görüşündən sonra tərəflər arasında cəbhə xəttində atəşkəsi pozmamaq, snayperləri geri çəkmək və cəbhə xəttində yaşayan mülki əhaliyə qarşı atəş açmamaq barədə razılıq əldə olunmuşdur. Lakin görüşdən az keçmədən ermənilər növbəti dəfə atəşkəsi pozmaqla cəbhə xəttində yaşayan əhalini güllələmiş, evlərə və əkin sahələrinə ziyan vurmuşlar. Bunun üçün, bir müddət bundan öncə, azyaşlı Fariz Bədəlovun öldürülüməsini qeyd etmək kifayətdir.
Sankt-Peterburq görüşü zamanı da tərəflər arasında müəyyən razılaşma əldə olunsa da, görüşdən sonra erməni tərəfi əldə olunmuş razılaşmaları pozmağa çalışdı. Belə ki, Sankt-Peterburq görüşü zamanı Madrid prinsipləri ilə bağlı Ermənistan tərəfinin razılığı alınsa da, görüşdən sonra Ermənistan rəsmiləri görüşün təfərrüatlarını tamamilə başqa cür şərh etməklə əldə olunmuş razılaşmaları da pozmağa çalışdılar. Ermənistan prezidentinin bəzi hallarda görüşdən qaçması isə daha çox mənfi nəticələrə səbəb olur. Bu da bir daha Ermənistan tərəfinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyin göstəricisidir.
Göründüyü kimi, Ermənistan bütün digər görüşlərdə aparılan danışıqları və əldə olunmuş razılaşmaları pozmaqla onların nəticəsiz olmasına səbəb olmuşdur. Kazan görüşü öncəsi isə daha bir diqqətçəkən məqam kimi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ABŞ dövlət katibi Hillari Klintonla görüşü zamanı səslənən bəzi fikirləri qeyd etmək yerinə düşərdi. Belə ki, Hillari Klinton erməni xarici işlər naziri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll oluna biləcəyini bəyan etdi. Bunu, həmçinin, elə Ermənistan tərəfinə qarşı bir mesaj kimi qiymətləndirmək olar. Yəni ABŞ, birmənalı olaraq, Ermənistanı danışıqlarda təklif olunan variantlarla razılaşmağa çağırır. Madrid prinsiplərinə hələ də konkret münasibət bildirməyən və bununla da bir növ özünün buna etirazını nümayiş etdirməyə çalışan Ermənistanın sülh prosesini əngəlləməsi müşahidə olunmaqdadır.
Bu həftə "Böyük Səkkizlər"in görüşünün keçirilməsi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərəcəyi də istisna edilmir. Belə ki, mayın 26-27-də "Böyük Səkkizlər"in Fransada keçiriləcək sammitində Dmitri Medvedev, Nikolya Sarkozi və Barak Obamanın bir araya gələcəyi gözlənilir. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin Parisdə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin də müzakirə ediləcəyi ehtimal olunur. Bu zaman Kazan görüşü ilə bağlı fikirlərin də bildirilməsi gözlənilir. Onların regionda sabitlik üçün ciddi təhlükə olan Qarabağ probleminin nizamlanmasına doğru ortaq bir mövqeyə gələ biləcəyi barədə də proqnozlar var. Hər halda, Azərbaycanın neft gəlirləri hesabına güclənməsi, hərbi büdcəsini artırması, hətta silah, hərbi texnika istehsalına başlaması, NATO ölkəsi olan Türkiyə ilə hərbi əməkdaşlığını gücləndirməsi, Ermənistanın isə ilbəil geriləməsi və yalnız ianələr hesabına yaşaması dünya güclərinin diqqətindən yayına bilməz.
Digər bir tərəfdən isə, rəsmi Moskvanın bu görüşün təşəbbüskarı rolunda çıxış etməsini qeyd etmək lazımdır. Məlum məsələdir ki, nəzərdə tutulan bu görüşdə təşkilatçı və aparıcı dövlət qismində Rusiya iştirak edəcək. Azərbaycan torpaqlarını zəbt etmiş Ermənistana ən böyük təsir və təzyiq vasitələri məhz Rusiyaya məxsusdur. Yəqin ki, Rusiya danışıqlar zamanı müəyyən addımların atılmasına çalışacaq.