“Ermənistanın başı neqativ məsələlərə qarışıb”
Gürcüstanın ABŞ-dakı səfiri Temur Yakobaşvili Potomak İnstitutunun Terrorizmə qarşı Mübarizə Mərkəzində tələbələr və analitiklərlə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsini sürətləndirməyə çağırıb. Məlumatı AzərTAc "Assoşieyted Press" agentliyinə istinadən yayıb. "Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri üçün böyük problemdir", - səfir bildirib.
"Şimal qonşusunun regionda əsas problem olduğunu" bildirən diplomat beynəlxalq moderatorları dərhal Dağlıq Qarabağda münaqişənin həll edilməsi yollarını axtarmağa başlamağa çağırıb. Yakobaşvilinin fikrincə, "Ermənistanda baş verən hadisələr bilavasitə Dağlıq Qarabağla əlaqədardır, bu məsələnin həlli Rusiyanın əlindədir, Dağlıq Qarabağda Rusiyanın hərbi bazası yerləşdirilmişdir və Azərbaycanla münasibətlər qaydaya salınmamışdır". Səfir belə bir məqama diqqəti cəlb etmişdir ki, Qarabağ problemi həll edilmədiyindən, Ermənistanın Türkiyə ilə münasibətləri də tənzimlənməmiş qalır: "Beləliklə, əsas məsələ Dağlıq Qarabağ probleminin həlli yollarını axtarıb tapmaqdır, çünki bu cür qıcıqlandırıcı problemlərin olduğu şəraitdə başqa məsələləri bir kənara qoymaq lazım gəlir. Ermənistan özünün inkişafına zərrə qədər də diqqət yetirə bilmir, çünki onun başı başqa məsələlərə qarışmışdır, onun daxili problemləri çoxdur".
Bundan əlavə gürcüstanlı diplomat erməni diasporu amilini də unutmamağa çağırıb. Əsas qayğısı antitürk məsələlər olan bu diaspor ən iri donorlardan biridir. Yakobaşvilinin fikrincə, "beynəlxalq aləmdə çıxış etmək üçün neqativ deyil, pozitiv gündəlik lazımdır. Soyqırımının tanınması heç də pozitiv amil deyildir, Ermənistan üçün pozitiv məsələlər onun gələcəyi ilə bağlı məsələlər ola bilər".
Gürcüstanlı səfir əmindir ki, Ermənistan Dağlıq Qarabağ problemini həll edəndən, Türkiyə və Azərbaycanla münasibətlər normallaşandan sonra sürətlə inkişaf etməyə başlayacaq. Təhlükəsizliklə bağlı problemlər davam etdikcə, münaqişə tənzimlənməyincə, diasporla bağlı problemlər qaldıqca, buna nail olmaq heç də asan olmayacaq.