Xəbər verildiyi kimi, Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında bir sıra ölkələrlə yanaşı, Azərbaycanla da bağlı məsələlər müzakirə edilib. Müzakirələrdə əsasən Azərbaycanda demokratiya, insan hüquqları, mətbuat azadlığı, eləcə də, Azərbaycanla Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurası və digər Avropa institutları arasındakı münasibətlər kimi məsələlər qaldırılıb. Yekun qətnamədə ölkəmizlə bağlı məsələyə qeyri-obyektiv yanaşma aşkar hiss olunub.
Azərbaycanda söz və mətbuat azadlığını görməməzlik
Qəbul olunan qətnamədə Azərbaycanın AB-nin qonşuluq siyasəti, "Şərq tərəfdaşlığı" proqramlarında fəal iştirak etdiyi, "Euronest" təşkilatının təsisçi ölkələrindən biri olduğu və AB-nin bu təşəbbüslərinin təməlini təşkil edən demokratiya, insan hüquqları və qanunun aliliyi kimi fundamental dəyərləri qəbul etməsi haqda öhdəliklər götürdüyü qeyd olunub.
Bundan başqa, 15 iyul 2010-cu ildən etibarən Aİ ilə Azərbaycan arasında ümumi öhdəliklər və dəyərlər üzərində qurulmuş, siyasi dialoq, ədalət, azadlıq və təhlükəsizlik kimi geniş sahələri əhatə edən, o cümlədən, ticarət sahəsində əməkdaşlığı nəzərdə tutan assosiativ sazişi üzrə danışıqların getdiyi vurğulanır.
Azərbaycanda söz azadlığının mövcud durumu ilə bağlı məsələ ətrafında çıxış edən Avropa Parlamentinin bəzi üzvləri Azərbaycanda siyasi azadlıqlar sahəsində irəliləyişlərin olduğunu bildirsələr də, söz və mətbuat azadlığının ürəkaçan olmadığını qeyd edib və Azərbaycan hökumətini bu istiqamətdə müsbət addımlar atmağa çağırıblar.
Qətnaməyə münasibət bildirən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığı ilə bağlı fikrə diqqət yönəldib. "İki gün bundan əvvəl, ATƏT-in mətbuat üzrə komissarı ilə birlikdə biz Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini müzakirə etmişik və gəldiyimiz ümumi qənaət odur ki, bu sahədə vəziyyət qənaətbəxşdir və hakimiyyətin atdığı addımlar da vəziyyətin yaxşılaşmasına xidmət edir".
Kimsə əgər öz dövlətinin milli ordusunda xidmət etməkdən boyun qaçırırsa və bunun heç bir qanuni əsası yoxdursa, Azərbaycanda hüquqi dövlət prinsiplərinə uyğun olaraq, ona qarşı yalnız qanuni tədbirlər görülməlidir"- deyə Ə.Həsənov vurğulayıb. PA şöbə müdiri Avropa Parlamentində bunun fərqli alternativinin olduğu halda Azərbaycanın müzakirəyə hazır olduğunu bildirib: "Bir sözlə, birmənalı şəkildə bəyan edirəm ki, bu qətnamə Azərbaycandakı mövcud reallığı əks etdirmir, subyektiv mülahizələrə söykənir və Azərbaycan-Avropa Parlamenti əməkdaşlığının ruhuna ziddir".
Azərbaycanda mətbuat azadlığı necə başa düşülür?
Son vaxtlar mətbuatda ölkədə söz azadlığının olmaması və jurnalistlərin həbs olunması ilə bağlı yazıların sayı artıb. Bir çox hallarda müəlliflər dövləti, hakimiyyəti və xalqı təhqir edir və yazının sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad fikir səsləndirməyə imkan verilmir, mətbuata təzyiqlər var. Əslində, bu yazıların özü də ölkədə mətbuat və söz azadlığının olduğunu göstərir.
İctimai fiqurlara və ya yüksək rütbəli hökumət məmurlarına qarşı tənqidin hədləri demokratik jurnalistika kriteriyalarına görə o qədər genişdir ki, bəzi hallarda təhqirlər və ya özəl yaşama müdaxilə belə əsaslandırıla bilər. Avropa məhkəməsinin presedentləri bunu göstərir. Lakin bu, o demək deyil ki, media mənsubları bundan sui-istifadə etməlidirlər. Ən azı peşə etikası və cəmiyyətdə buna qarşı yarana biləcək mənfi rəy göz önünə alınmalıdır.
Görün durum, yəni mətbuat azadlığı nə yerə gəlib çatıb ki, cibində jurnalist vəsiqəsi olan adam ağır cinayət edəndə də, bəzi qəzetlər yazır ki, bəs filankəs jurnalist olduğuna görə azad edilməlidir.
Hətta iri məbləğdə rüşvət aldığı yerdə yaxalanan "jurnalist"lərin həmkarları tərəfindən müdafiəsi halları da var. Bu, cəmiyyət üçün çox mənfi bir nümunədir. Ölkədə gerçək söz və mətbuat azadlığ var, amma bundan sui-istifadə halları da var.
İkili standartlar siyasəti və Avropa Parlamenti
Avropa strukturları nədənsə, Cənub Qafqaz bölgəsində və bütövlükdə postsovet məkanında baş verən hadisələrə fərqli standartlar çərçivəsində yanaşır, müxtəlif ölkələrdə baş verən eyni hadisələrə tamamilə bir-birinə əks olan qiymət verirlər.
Bu təşkilatlar getdikcə öz müstəqilliklərini itirərək, ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayıblar. Belə təşkilatlar hansısa fonddan maliyyələşərək fəaliyyət göstərirlər.
Hansısa məqsədlərə də xidmət edirlər. Amma onların məqsədləri heç də dünyada söz azadlığını təsnif etmək, onun yaxşı, pis xarakteristikasını açıb, onun ətrafında nümunə yaratmaq deyil. Onlar bu və ya digər məqsədləri, sifarişləri həyata keçirirlər, maliyyə aldıqları qurumlar qarşısında məsuliyyət daşıyırlar.
Azərbaycanda medianın təsis olunması, jurnalist fəaliyyəti üçün heç bir yasaqlayıcı, yaxud qadağanedici aksiyanın, qanunun, mexanizmin olmadığı halda media azadlığı hüququnun pozulması fikrini söyləmək, sadəcə olaraq, fiksiyadır.
Maraqlıdır ki, Ermənistanda siyasi azadlıqların, insan hüquqlarının kobud pozulması halları çox zaman gözardı edilir və Yerevanın öhdəlikləri yerinə yetirməməsi o qədər də ciddi tənqid olunmur. Azərbaycanda isə ən kiçik bir problemi qabardıb böyük məsələyə çevirməyə çalışırlar.
Avropa təşkilatları bizdən özlərində belə olmayan ifrat media azadlığı tələb edirlər. Lakin hüquqları pozulan, təhqir olunan, şərəf-ləyaqəti alçaldılan vətəndaşların hüquqlarının necə qorunacağını göstərmirlər. Avropa mediasının tərəfsiz və obyektiv olması haqda yaradılmağa çalışılan mifə heç kim inanmır. Hər kəs dünyada baş verənlərin Qərb mediasında necə birtərəfli, düşünülmüş hiyləgər siyasət hazırlandığını gözəl bilir.
Ona görə də bizdən dünyada analoqu olmayan "azadlıq" tələb edəndə bunun nümunəsini göstərməlidirlər. Özlərində olmasa da başqasında. Amma Azərbaycanda nədənsə mümkün olmayan şeylər tələb olunur. Hər bir halda, "Papadan artıq katolik olmaq mümkmün deyil".