PDF Oxu

Araşdırma

  • 19

Azərbaycan nümayəndələri Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin iclaslarında iştirak edib

Azərbaycan nümayəndələri Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin iclaslarında iştirak edib
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin və Mədəni irs üzrə Rəhbər Komitənin növbəti iclaslarında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
İclasda Avropa Şurasında aparılan ümumi islahatlar və mədəniyyət sahəsində təşkilatın strukturunda aparılacaq islahatlara dair AŞ baş katibinin təklifləri, müvafiq konvensiyaların icrası və yeni monitorinq mexanizmləri, mədəni hüquqların qorunması və Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlıq, mədəniyyətlərarası şəhərlər, mədəni marşrutlar, Kiyev təşəbbüsü regional proqramı, tarixi şəhərlərdə mədəni irsin bərpası layihəsi, sənətçilərin dialoq naminə layihəsi, 2012-ci ildə Rusiyada Avropa mədəniyyət nazirlərinin konfransının təşkili və Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, yeni mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə Rəhbər Komitənin təsis edilməsi müzakirə edilmiş, bir sıra yeni layihələrin təqdimatları aparılıb.
İclasda Avropa Şurasının Mədəniyyət, Təhsil, İdman və Gənclər üzrə baş direktoru Qabriella Battaini Draqoni Avropa Şurası strukturunda və fəaliyyətində 2010-2012-ci illər islahatlar paketi barədə iştirakçılara məlumat verib.
İslahatlara Avropa Şurasının yeni büdcə və strukturunun formalaşdırılması, Avropa Şurasının beynəlxalq əməkdaşlığı və xarici tərəfdaşlarla münasibətləri, idarəetmə mexanizmində yeniliklər, təşkilatın işçi statusu və əməkdaşlara dair yeni siyasəti, Avropa İnsan Hüquqları Məhkəməsinin işində iştirak, strateji prioritetlərin müəyyənləşdirilməsi, konvensiyaların və qərarların icrasına nəzarət və s. bu kimi elementlər daxildir.
İclaslarda, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə cari ilin 7-9 aprel tarixində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu geniş müzakirə olunub. Avropa Şurası rəhbərliyi tərəfindən yüksək qiymətləndirilən forum və onun nəticələri gələcəkdə təşkilatın fəaliyyətinə müsbət təsir edəcəyi, yeni yaradılacaq Mədəni Müxtəliflik və Mədəniyyətlərarası Dialoq üzrə Rəhbər Komitənin işi ilə tam uyğun olduğu iştirakçılar tərəfindən qeyd olunub. Avropa Şurası rəhbərliyi və iclasın iştirakçıları Azərbaycan hökumətinə belə bir mötəbər tədbiri təşkil etdiyinə görə təşəkkür etmiş forumun davamlı olaraq təşkil ediləcəyinə ümidvar olduqlarını ifadə ediblər.
Səfər çərçivəsində Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmerlə Bakı Forumunun nəticələrini müzakirə etmək məqsədilə görüş keçirilib. R.Palmer forumun yüksək səviyyədə keçdiyini qeyd edərək, onun daimi əsasda Davos formatında təsis edilməsini alqışladığını, bunun həm Azərbaycan mədəniyyətinin təbliği, siyasi gücünün artmasına, həmçinin, Avropa Şurası dəyərlərinin təşviqinə töhfə verdiyini, nazirlik ilə növbəti forumun təşkilində əməkdaşlıq etməkdə məmnun olacağını bildirib.
İclasda S.Məmmədəliyeva tərəfindən Bakı Forumu və onun nəticələri barədə məlumat verilmiş, hər iki ildə bir dəfə keçirilən, 2013-cü ildə keçiriləcək növbəti forumun təşkilinə hazırlığın başlanıldığı iştirakçıların diqqətinə çatdırılıb.

Digər xəbərlər