PDF Oxu

Araşdırma

  • 16

Xəzərin hüquqi statusu...

Xəzərin hüquqi statusu...
Aprel ayının 26-dan etibarən Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun 28-ci iclası öz işinə başlayıb. Məsələ ətrafında uzunmüddətli müzakirlərini aparılmasına baxmayaraq, hələ də istənilən nəticə əldə olunmamış və Xəzəryanı dövlətlər arasında razılıq əldə olunmamışdır. Rusiya, Qazaxıstan və Azərbaycanın Xəzərin bölüşdürülməsinə dair razılaşma əldə etməsinə baxmayaraq, İran və Türkmənistanın digər dövlətlərin mövqeyi ilə uzlaşa bilməməsi onlarla daha ardıcıl və intensiv müzakirələrin aparılmasını tələb edir.
Bakıda öz işinə başlayan tədbir də məhz bu məqsədlə keçirilir. Xəzəryanı ölkələrin nümayəndələrinin təmsil olunduğu tədbirdə Azərbaycan Respublikasını təmsil edən xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış zamanı Azərbaycanın Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun budəfəki görüşü zamanı əvvəllər razılaşdırılmamış bir sıra məqamları razılaşdırmağa nail olacağına ümidvar olduğunu bildirib. Əlbəttə, görülən bütün işlər və keçirilən tədbirlər də məhz bu məqsədin həyata keçirilməsinə hesablanıb ki, burada da Azərbaycan dövlətinin rolunu və təşəbbüskarlığını xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, ötən ilin noyabr ayının 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçirilmiş və Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparılmışdır. Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü zirvə görüşündən sonra bir Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İran prezidenti Mahmud Əhmədinejad və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişi və prezidentlərin birgə bəyanatını imzalamışdılar. Bu sammitdən ötən dövrə ərzində isə işçi qrupu bir sıra görüşlər keçirib ki, həmin görüşlər də indiki iclasın təşkilinə kömək edib. "Bu gün və sabah Konvensiya üzrə mövqelərin razılaşdırılmasına dair işlər davam etdiriləcək, eləcə də, Bakı sammiti zamanı qəbul edilən protokol və qərarların da müzakirə olunması planlaşdırılır."-deyə X.Xələfov iclasın açılışı zamanı bildirib. X.Xələfov, həmçinin, qeyd edib ki, hazırda Xəzəryanı dövlətlər arasında yaranan müsbət əlaqələr gələcəkdə ölkələr arasında münasibətlərdə ciddi sıçrayışların ilkin təməli ola bilər.
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı, uzun illərdir ki, müzakirələr aparılır. Azərbaycan hər zaman Xəzərin sülh və əməkdaşlıq hövzəsi kimi təşəkkül tapmasının tərəfdarı qismində çıxış edib. Hələ 2002-ci ildə Türkmənistanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində çıxış edən Ümummilli Lider Heydər Əliyev bildirmişdi ki, Xəzər dənizinin hüquqi statusu məsələsinin Xəzəryanı dövlətlər arasında həlli onların suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə, danışıqlar yolu ilə həyata keçirilməlidir. Ulu Öndər vurğulamışdı ki, Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq dənizi, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır. Son illərdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu prinsip üstün tutulur və bu məqəsədə nail olmaq üçün lazımlı addımlar atılır. Bu günlərdə Bakıda keçirilən sammitdə aparılan müzakirələr də bunu deməyə əsas verir. İşçi qrupu başda Azərbaycan olmaqla Xəzərin hüquqi statusunun qarşılıqlı əməkdaşlıq və faydalılıq prinsipləri əsasında müəyyənləşdirilməsinə çalışır. Güman etmək olar ki, cari ilin sonunda keçirilməsi nəzərdə tutulan - prezidentlərin Moskva sammitinə qədər tərəflər arasında yekun sənəd hazırlanaraq prezidentlərə təqdim olunacaq.

Digər xəbərlər