Ermənistan əhalisi aclıq və səfalət içindədir
Amerikanın nüfuzlu "Gallup" tədqiqat mərkəzi Ermənistanda vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha üzə çıxarıb. News.am saytının verdiyi məlumata görə, dünyanın 124 ölkəsində yaşayış səviyyəsini araşdıran qurum onları 3 yerə ayırıb: çiçəklənən həyat, yaşamaq uğrunda mübarizə, iztirablı həyat.
"Gallup"un siyahısında ilk yerdə Danimarka gəlir. Bu ölkədə əhalinin 72%-i həyatlarının çiçəkləndiyini düşünür. Sonrakı yerlərdə İsveç (69%), Kanada (69%) və Avstraliya (65%) gəlir.
"Gallup" Ermənistanda yalnız 12% əhalinin "həyatının çiçəkləndiyini" düşündüyünü üzə çıxarıb. Əhalinin 54%-i isə 1 tikə çörək uğrunda mübarizə apardığını bildirir. Ermənilərin 34%-i iztirablı həyat yaşadığını etiraf edib.
Hazırda Ermənistanda 1,5 mln insan yoxsuldur və intihar edənlərin 40 faizi məhz işsizlərdir. Yoxsulluq artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Ermənistanda yaşayan uşaqların 50 faizi yoxsulluq həddindədir. Əlil uşaqlar arasında isə bu göstərici daha çox- 70 faiz təşkil edir.
Ermənistan parlamentində Nazirlər Kabinetinin hesabatının dinləndiyi müzakirələrdə müstəqil deputat Viktor Dallakyan bildirib ki, ötən ilin nəticələrinə görə, Ermənistanda yoxsulluq səviyyəsi sürətlə artaraq, əhalinin ümumi sayının 35 faizinə və ya 1,1 milyon nəfərə çatıb. Bu, rəsmi statistikadır.
"Təbii ki, rəsmi statistikada aylıq gəlirləri 31 min dram olan insanlar hesaba alınmayıblar. Halbuki Ermənistanda hamı bilir ki, ayda 31 min dramla yaşamaq, sadəcə, mümkün deyil. Hökumətin diqqətini ona da yönəltmək istədirdim ki, ölkədə intiharlar və intiharlara cəhdlərin sayı sürətlə artır. Həyatlarına könüllü son qoyanların tam əksəriyyəti isə 30-65 yaşlı işsizlərdir. Beləliklə, aşkar görünür ki, yoxsulluq Ermənistanda artıq milli təhlükəsizliyi hədələyən məsələyə çevrilib. Əgər problem həll olunmasa, ölkə daxilində sonuclarını təxminləyə bilmədiyimiz sosial fəlakət yaşana bilər. Ona görə də Serj Sarkisyan iqtidarından soruşuram: bu fəlakətli vəziyyətdən çıxmaq üçün nə etmək fikrindəsiniz?!"- Dallakyan deyib.
Yerevanda çıxan "Haykakan Jamanak" və "Azq" qəzetləri isə yazırlar ki, ölkədə vəziyyət olduqca ağırlaşıb. Ermənistanda sosial qiyam, hətta üsyan və partlayış kabusu dolaşır.
"İnsanlarımızın çoxunun hətta çörək almağa belə, pulları çatmır. Analar uşaqlarını axşamlar yemək istəməsinlər deyə, tez yatızdırır, səhərlər isə acqarına uşaq bağçası və ya məktəbə yola salırlar. Bu, nə qədər acı olsa da, gerçəkdir.
Ermənilər Yerevan küçələrinə çıxaraq, bir sıra dövlət məmurlarının dərhal istefa vermələrini istəyirlər. Prezident postunu qəsb etmiş Serj Sarkisyanın hakimiyyəti ölkədə demokratik islahatlar keçirməkdən qətiyyətlə boyun qaçıraraq, bütün qüvvəsini xalqa qarşı yönəldib.
Ərəb ölkələrində baş verən iğtişaşların Ermənistanda da təkrarlanması ehtimalı isə günbəgün artır. Bunu hətta Qərb siyasətçiləri və müstəqil analitiklər də etiraf edirlər. Ermənistanda sosial partlayış dalğası bütün regionu silkələməmiş, Qərbi ayılmağa və gözlərini yaxşı açaraq, Sarkisyan hakimiyyətinə baxmağa çağırırıq.
Göründüyü kimi, Ermənistan yeni sosial partlayışa hamilədir. Ac-yalavac xalqın üsyana qalxaraq qudurmuş hakim rejimi tarix səhnəsindən silib atacağı günə az qalıb. Nəhayət, erməni xalqı özünün düçar olduğu fəlakətlərin əsil səbəbləriini anlayır. Bu səbəblər arasında ən mühüm yeru Azərbaycana qarşı təcavüzün nəticələri tutur.