Ermənistanın keçmiş prezidenti mövcud hakimiyyəti ifşa edib
Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın BBC-yə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər ictimaiyyət arasında ciddi rezonansa səbəb olub. Onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərində yer alan məqamlar münaqişənin tənzimlənməsi ilə bağlı müəyyən faktları üzə çıxarıb. Onun ötən illər ərzində münaqişənin həlli ilə bağlı razılığın əldə olunmasına dair irəli sürdüyü fikirlər Ermənistan hakimiyyətini ifşa etmiş olub.
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan BBC-yə müsahibəsində bildirib ki, 1997-ci ildə Dağlıq Qarabağ münaqişəsi, həllinə yaxınlaşılmışdı. "Həmin vaxt bəzi torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağa aralıq statusun müəyyənləşdirilməsi, sonradan isə yekun statusun dəqiqləşdirilməsilə problemin həllinə yaxınlaşmışdı", - deyə o, qeyd edib. Bu planın baş tutmamasının səbəbini də açıqlayan eks-prezident deyib ki, burada əsas səbəbkar kimi "qarabağlılar" və digər qüvvələrin acgözlüyü və Azərbaycandan daha çox torpaq almaq istəyi çıxış edib. "Onlar maksimal istəkdə idilər və daha çoxuna nail olmağın mümkünlüyünü düşünürdülər. Həm də yalnız "qarabağlılar" belə düşünmürdü. Mənim ətrafımdakı bəzi insanlar, mənim adamlarım da eyni fikirdə idilər. Odur ki, bu planın reallaşdırılmasına razılaşmadılar. O zaman onlara bildirdim ki, münaqişənin daha yaxşı həll variantının olduğunu düşünürsünüzsə, buyurun. Yoxlayın, görün nə alınır".
Hazırkı hakimiyyəti Ermənistanın ən böyük problemi adlandıran L.Ter-Petrosyan bildirib ki, ermənilər bu problemi aradan qaldırarsa, qalan məsələlər də həllini tapacaq: "Azərbaycanla da problem düzələcək, Türkiyə ilə də. Amma Ermənistan fəlakətlə üz-üzə qalacaqsa, bu, birmənalı şəkildə, bizim problemimiz olacaq".
L.Ter-Petrosyanın çıxışı zamanı işlətdiyi "qarabağlılar" ifadəsi isə böyük ehtimalla özündə Dağlıq Qarabağda yaşayan erməniləri ehtiva edir. Məlumdur ki, münaqişənin yaranması və indiyə kimi öz həllini tapmaması da məhz Dağlıq Qarabağ ermənilərinin böyük səyi nəticəsində baş vermişdir. Dağlıq Qarabağın erməni ərazisi olduğunu və ermənilərə burada dövlət yaratmaq hüququnun verilməsini tələb edən bu qüvvələr həm də erməni lobbisi tərəfindən dəstəklənir. Görünür, L.Ter-Petrosyanın haqqında danışdığı razılaşma planı da erməni lobbisi və Rusiya rəhbərliyi tərəfindən Robert Köçəryanın hakimiyyətə gətirilməsi ilə iflasa uğradı və tarixi faktlardan da, göründüyü kimi, Ermənistanın məsələ ilə bağlı mövqeyi qeyri-konstruktiv yönümdə dəyişdi. Bundan sonra isə indiyə kimi münaqişənin həllində heç bir irəliləyiş əldə olunmamış, əksinə, geriləmə müşahidə olunmuşdur. Bu isə, təbii ki, L.Ter-Petrosyanın da qeyd etdiyi kimi, mövcud hakimiyyətin günahıdır. Onun münaqişəni həll etməkdə maraqlı olmaması Ermənistanı hərtərəfli geri salır və inkişafını əngəlləmiş olur. L.Ter-Petrosyanın da dediyi kimi, əgər Ermənistan münaqişənin həllində razılığa gəlməzsə, onun vəziyyəti daha da pisləşəcək.
L.Ter-Petrosyanın bu bəyanatını bir növ Ermənistan hakimiyyətinə göndərilən ismarıc kimi də dəyərləndirmək olar. O, bununla hakimiyyəti xəbərdar etməyə çalışır ki, əgər münaqişə həll olunmazsa və bunun nəticəsində Ermənistan əziyyət çəkərsə, onun ciddi problemləri yaranarsa, mühakimə obyekti kimi mövcud hakimiyyət çıxış etməli olacaq. Ehtimal olunur ki, keçmiş prezident də bu problemləri görür və onların yarada biləcəyi təhlükəni nəzərə alaraq belə bir çıxış edir. Odur ki, Ermənistan dövləti və Dağlıq Qarabağdakı separatçı qüvvələr tezliklə öz mövqelərindən əl çəkməli, konstruktiv mövqe nümayiş etdirməklə işğal olunmuş torpaqları işğaldan azad etməlidirlər.