Ermənistan cəzasız qaldıqca Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirir
Məlum olduğu kimi, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində qeyri-qanuni əməllər törətməklə məşğuldur. Bu ərazilərdə baş verən özbaşınalıqlar heç bir halda beynəlxalq normalara uyğun deyil və cinayətkarlıq kimi qiymətləndirilir. Son dövrlərdə isə ermənilərin işğalı altında olan Xankəndindəki aeroportu təmir edərək, istifadəyə vermək istəməsi isə daha bir qanunsuzluq halı kimi göstərilə bilər.
Qeyd edək ki, Ermənistan və qondarma "DQR" tərəfindən təmir olunması təşəbbüsü ortaya qoyulan aeroportun açılışı məhz may ayının 9-na - Şuşanın işğalı gününə planlaşdırılır. Ermənistan tərəfi bu məsələni beynəlxalq qurumlarla razılaşdırmağa çalışsa da bu, heç bir nəticə verməyib. Buna baxmayaraq, Ermənistan, rəhbərliyi aeroportun işə salınmasında israrlıdır və bu yöndə səylərini davam etdirəcəyini bildirir. Prezident Serj Sarkisyanın bu günlərdə İsveçrədə keçirdiyi mətbuat konfransı zamanı da dedikləri bundan xəbər verir. İsveçrə prezidenti Mişelin Kalmi Reylə birgə keçirilən mətbuat konfransında Sarkisyan Xankəndi aeroportundan qalxan təyyarənin vurulma ehtimalının olduğu təqdirdə belə, o, bu aeroportdan qalxan ilk təyyarənin ilk sərnişini olacağını da bildirib. O, qeyd edib ki, Qarabağ ermənilərinin hava nəqliyyatından istifadə etmək hüququ var və buna şübhə edilə bilməz. Sarkisyan bir az da irəli gedərək, Azərbaycan tərəfinin bu məsələ ilə bağlı xəbərdarlığını hədə kimi qiymətləndirməkdən də çəkinməyib. "Mülki təyyarələrin vurulması barədə hədələr tarix boyu az olmayıb, lakin bu cür hədələrlə dövlətlər yox, terrorçu qruplar çıxış edir."
Rəsmi Bakı tərəfindən məsələyə münasibət isə qətidir və buna yol verilməyəcəyi bildirilir. Əlbəttə, bu mövqe tamamilə beynəlxalq normalara uyğun şəkildə qurulmuşdur. Azərbaycan qanunvericiliyinə əsasən ölkənin işğal altında olan əraziləri üzərində hava sahəsi uçuşlar üçün qapalı zona sayılır. Azərbaycan bununla bağlı öz mövqeyini Beynəlxalq Mülki Aviasiya Təşkilatına çatdırıb.
Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanındığı üçün Xankəndi aeroportunun da Azərbaycan ərazisində yerləşdiyi məlumdur. Bu səbəbdən də Azərbaycanın icazəsi olmadan həmin aeroportdan uçuşların həyata keçirilməsi qadağandır və buna qarşı adekvat addım atıla bilər.
Ermənistan prezidentinin isə bu barədə verdiyi bəyanat Ermənistanın öz daxilinə hesablanmış populist çıxışdır. Artıq özünün ölkədə heç bir nüfuzu qalmadığını görən erməni prezident bu tipli bəyanatlar verməklə öz hakimiyyətinə müəyyən qədər haqq qazandırmağa çalışır. Bu məsələnin qeyri-mümkün olduğunu çox yaxşı anlasa da, Sarkisyan belə bir bəyanat verməklə Ermənistan dövlətinin buna qadir olduğunu göstərməyə çalışır. Bundan əvvəlki dövrlərdə də Sarkisyan tərəfindən bu tipli bəyanatlar verilsə də, sonradan onlar heç bir təsdiqini tapmamış və bunun yalnız nümayişkarlıq məqsədi güddüyü məlum olmuşdur. Xankəndi aeroportu ilə bağlı verdiyi bəyanatın da məhz bu sıradan olduğu ehtimal olunur. O ki qaldı onun bu aeroportdan qalxacaq ilk təyyarənin ilk sərnişini olmaq istəyinə, bu, heç bir halda baş verməyəcəkdir. Çünki Ermənistan prezidenti çox yaxşı bilir ki, bu ərazidən qalxacaq təyyarənin Azərbaycanın vurulması ehtimalı var. O isə özünü belə bir təhlükəyə atmaz. Sarkisyan yalnız sadə erməni əhalisini bu təhlükəyə sövq edə bilər.