Metyu Brayza Ermənistanın Xankəndidə hava limanı açmaq niyyətinə münasibət bildirdi
"Azərbaycan və Ermənistanı Xankəndidə aeroportun açılması ilə bağlı mülki aviasiya məsələlərini müzakirə etməyə çağırırıq".
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycan və Ermənistanı mülki aviasiya məsələləri və Xankəndində aeroportun açılışı məsələlərində diskussiyalara çağırıb. APA-nın məlumatına görə, Metyu Brayza Azərbaycanın işğal altında olan ərazilərində aeroportun açılmasına münasibətini belə şərh edib: "Mənim hökumətimin aeroportun açılışı ilə bağlı mövqeyi ondan ibarətdir ki, biz tərəfləri mülki aviasiyanın bu məsələlərini müzakirə etməyə çağırırıq. Biz hesab edirik ki, mülki təyyarələrin vurulması təhlükəsi olmamalıdır. ABŞ güc tətbiqini, o cümlədən qoşunların təmas xəttində silahlı insidentləri qınayır". Səfir həmçinin ümidvar olduğunu bildirib ki, tərəflər arasında qeyd olunan diskussiyalar aparılacaq və mülki aviasiyanın bütün aspektləri öz həllini tapacaq.